Ana səhifə Gündəm |
Yasamal rayon İcra Hakimiyyətinin başçısı: "Geniş yol qovşaqlarının və kommunikasiya xətlərinin tikintisi nəzərdə tutulub, ancaq 730 mənzil sahibi tərəfindən qeyri-real tələblər irəli sürülüb".
Bakı şəhər Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim
Mehdiyev Nazirlər Kabinetinin Yasamal rayonunda dövlət ehtiyacı
üçün alınan torpaq sahələrinin müəyyən olunması barədə qərarının
hansı zərurətdən qəbul edilməsinə aydınlıq gətirib.
Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev
APA-ya
açıqlamasında bildirib ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının
501 saylı 12 dekabr 2013-cü tarixli "Bakı şəhərinin Baş Planının
icrasının təmin edilməsi ilə əlaqədar Yasamal rayonu ərazisində
müəyyən edilmiş ünvanlarda bir sıra yaşayış və qeyri-yaşayış
sahələrinin köçürülməsi işlərinin həyata keçirilməsi haqqında"
sərəncamının icrası məqsədilə 10 yanvar 2014-cü il tarixindən
Yasamal rayonundakı "Sovetski" adlanın adlanan ərazidə yaşayış və
qeyri-yaşayış obyektlərinin vətəndaşlardan mülki qanunvericiliyə
uyğun olaraq alqı-satqı müqaviləsi ilə alınmasına başlanıb.
İ. Mehdiyev deyib ki, ötən müddət ərzində qeyd edilən ərazidə
vətəndaşlara məxsus yaşayış və qeyri-yaşayış obyektlərinin alınması
işləri, habelə satın alınma ilə əlaqədar həmin obyektlərin
sahiblərinin müəyyən edilməsi, obyektlərin vətəndaşların
mülkiyyətində olmasına və onların tikintisinə dair müvafiq
sənədlərin toplanması, qiymətləndirilməsi, şəffaflığın təmin
edilməsi məqsədilə bu işlərə müstəqil qiymətləndiricələrin cəlb
edilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib.
Sərəncama əsasən əhatə olunan ərazidə inventarlaşdırma işləri artıq
tam başa çatdırılıb, həmin ərazidə mövcud olan obyektlərin 7 min
700 sayda olduğu müəyyənləşdirilib. Köçürülmə planının ilkin
mərhələsinə müvafiq olaraq 3 min 510 mənzil sahibi ilə danışıqlar
aparılıb, 2 min 553 mənzil sahibi ilə alqı-satqı aparılıb,
mənzillərinin sahəsi çox kiçik olan 104 ailə yeni mənzillərə
köçürülüb, 2320 mənzil isə sökülüb: "Köçürülmə prosesinin hazırkı
mərhələsinin başa çatdırılması paytaxtımız üçün xüsusi əhəmiyyət
kəsb edən yeni dövlət əhəmiyyətli yolların tikintisinə imkan
yaradacaq. Bununla əlaqədar artıq layihə sənədləri də hazırlanıb.
Layihəyə əsasən Azərbaycan Milli Dram Teatrından Nəriman Nərmanov
prospektinədək, "Nizami" metrostansiyasının yaxınlığındakı A.
Məcidov küçəsi boyunca Nəriman Nərimanov prospektinədək, həmçinin
Nabat Aşurbəyova, keçmiş Mustafa Sübhi küçəsi boyunca Təzəpir
məscidinə qədər geniş yol qovşaqlarının və kommunikasiya xətlərinin
tikintisi nəzərdə tutulub. Lakin son dərəcə əhəmiyyətli bu
layihənin həyata keçirilməsinə bu mərhələdə köçürülmə işlərinin tam
başa çatdırılmaması çətinlik yaradır".
İ. Mehdiyev qeyd edib ki, ərazidə köçürülməsi nəzərdə tutulan 1093
mənzil sahibindən 730 mənzil sahibi ilə dəfələrlə aparılmış
danışıqlara baxmayaraq, onlar tərəfindən qeyri-real tələblər irəli
sürülüb və nəticədə evlərin satın alınması üçün razılıq əldə
edilməsi mümkün olmayıb: "Əhatə olunan ərazidə mənzillərin əsas
hissəsi köçürülüb, 20 faiz hissənin qalması və köçürülmənin başa
çatdırılmaması isə ətrafda yaşayan sakinlərin öz mənzillərinə
təhlükəsiz gediş-gəlişində, kommunikasiya xətlərindən istifadə və
ərazinin sanitar təmizliyinin təmin edilməsində həlli mümkün
olmayan problemlər yaradır. Məhz bununla əlaqədar Bakı şəhərinin
Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər
kommunikasiya xətlərinin çəkilməsi və qeyd edilən ərazidə köçürülmə
tədbirlərinin başa çatdırılması məqsədilə Nazirlər Kabinetinin
torpağın alınmasını zəruri edən və həmin torpağı alan orqanı
müəyyənləşdirən 358 saylı 11 noyabr tarixli qərarı imzalanıb.
Qərara əsasən ümumilikdə vətəndaşlara məxsus 1093 yaşayış və
qeyri-yaşayış obyektinin alınması nəzərdə tutulub və alan orqan
kimi Yasamal rayon İcra Hakimiyyəti müəyyən edilib. Artıq
tərəfimizdən "Torpaqların dövlət ehtiyacı üçün alınması haqqında"
qanuna müvafiq olaraq hazırlıq işlərinə, o cümlədən mənzil
sahiblərinə mənzillərin satın alınması barədə fərdi bildirişlərin
göndərilməsinə və bununla əlaqədar digər tədbirlərin göndərilməsinə
başlanılıb".
Qeyd edək ki, Nazirlər Kabineti Yasamal rayonunda dövlət ehtiyacı
üçün alınan torpaq sahələrinin müəyyən olunması barədə qərar qəbul
edib. Qərara əsasən Bakı şəhərinin Yasamal rayonu ərazisində
("Sovetski" məhəlləsi) Nəriman Nərimanov prospekti ilə Abdulla
Şaiq, Lev Tolstoy, Əlibəy Hüseynzadə küçələri və Azərbaycan
prospekti ilə Abdulla Şaiq, Çingiz Mustafayev və Süleyman Rəhimov
küçələri arasındakı ərazidə 730, Nabat Aşurbəyova, Mirzə Fətəli
Axundov, Çingiz Mustafayev və Bəşir Səfəroğlu küçələri arasındakı
ərazidə 175 ədəd, Cəfər Cabbarlı küçəsi ilə Balababa Məcidov
küçəsinin kəsişməsindən Nəriman Nərimanov prospektinə qədər olan
ərazidə 70 ədəd və Balababa Məcidov küçəsi ilə Nabat Aşurbəyova
küçəsinin kəsişməsindən Süleyman Rəhimov küçəsinə qədər olan
ərazidə 118 ədəd, ümumilikdə sayı 1093 olmaqla, vətəndaşlara məxsus
yaşayış və qeyri-yaşayış obyektlərini Bakı şəhərinin Baş Planına
uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya
xətlərinin çəkilməsi məqsədilə dövlət ehtiyacları üçün alan orqan
kimi Bakı Şəhər Yasamal Rayon İcra Hakimiyyəti müəyyən edilib.
Nazirlər Kabineti "Torpağın dövlət ehtiyacları üçün alınması
haqqında" qanunun tətbiqi ilə əlaqədar əlavə tədbirlər barədə"
2011-ci il 15 fevral tarixli fərmanına əsasən bu barədə qərar qəbul
edib. Yasamal Rayon İcra Hakimiyyətinə tapşırılıb ki, bu qərarda
nəzərdə tutulan torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması
ilə bağlı hazırlıq tədbirlərini "Torpaqların dövlət ehtiyacları
üçün alınması haqqında" qanunun tələblərinə uyğun olaraq həyata
keçirsin və bu barədə Nazirlər Kabinetinə təkliflər təqdim
etsin.
Tarix
2015.11.13 / 20:05
|
Müəllif
Axar.az
|