Ötən ilin dekabr ayında erməni silahlı bölmələri cəbhə
xəttində atəşkəs rejimini 817 dəfə pozub.
APA-nın Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi
məlumatlar əsasında apardığı monitorinqin nəticələrinə görə, erməni
silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 mm
çaplı minaatanlardan, iriçaplı pulemyotlardan istifadə etməklə
aktiv təxribat fəaliyyətləri keçirməyə cəhd göstərib. Bütün
hallarda Azərbaycan Silahlı Qüvvələrinin fəaliyyəti nəticəsində həm
Azərbaycan-Ermənistan dövlət sərhədi və işğal olunmuş ərazilərdəki
qoşunların təmas xəttində düşmənin təxribat cəhdlərinin qarşısı
qətiyyətlə alınıb.
Dekabr ayı ərzində atəşkəsin pozulmasına görə hər zaman olduğu
kimi ilk yerdə cəbhənin Ağdam istiqaməti gəlir. Bu istiqamətdə
atəşkəsin 260 dəfə pozulması qeydə alınıb. Qarabağ cəbhəsində
atəşkəs pozuntularının sayına görə ikinci yerdə Füzuli rayonu gəlir
(150 dəfə).
Qarabağ cəbhəsi üzrə atəşkəs dekabrda Cəbrayıl rayonu
istiqamətində 86, Tərtər rayonu istiqamətində 78, Xocavənd rayonu
istiqamətində 62 dəfə pozulub.
Ermənistan ordusu atəşkəsi Goranboy rayonu istiqamətində 80,
Qazax rayonu istiqamətində 46, Gədəbəy rayonu istiqamətində 18,
Tovuz istiqamətində 15, Göygöl rayonu istiqamətində 17, Ağstafa
rayonu istiqamətində isə 5 dəfə pozub.
Dekabrda Ermənistan Silahlı Qüvvələrinə məxsus 3 kiçik ölçülü
pilotsuz uçan aparat aşkarlanaraq Azərbaycan Hərbi Hava Qüvvələri
Hava Hücumundan Müdafiə Qoşunlarının bölmələri tərəfindən sərrast
atəşlə məhv edilib.
Ötən ay təmas xəttində Ermənistan Silahlı Qüvvələrinin bölmələri
yaşayış məntəqələrini minaatanlardan və iriçaplı silahlardan atəşə
tutub.
Eyni zamanda, ay ərzində müxtəlif istiqamətlərdə əvvəlcədən
müəyyən edilmiş koordinatlar üzrə düşmənin cəmləşdiyi nöqtələrə,
habelə qoşunların təmas xəttində Ermənistan Silahlı Qüvvələrinə
məxsus sığınacaqlara minaatanlardan vurulan sərrast zərbələr
nəticəsində erməni tərəfi canlı qüvvə sarıdan onlarla itki verib,
bir neçə avtomobil texnikası sıradan çıxarılıb. Düşmən səngərlərinə
120 mm-lik minaatanlardan endirilən atəşdən sığınacaqlarda 20 metr,
açıq sahədə isə 50 metr radiusda şəxsi heyət məhv edilib.
Ümumilikdə ermənilər ay ərzində 21 ölü və 20-dən çox yaralı olmaqla
böyük ölçüdə itki veriblər.
Ötən ay qoşunların təmas xəttində düşmənlə döyüş toqquşmasında
Silahlı Qüvvələrimizin bir zabiti və üç əsgəri şəhid olub.
Qeyd edək ki, noyabr ayında erməni silahlı bölmələri atəşkəs
rejimini 773 dəfə pozub.