Jurnalist Aida Eyvazlı ilə
həmsöhbət olmaq elə hansısa maraqlı bir yazını oxumaqdır. O, uzun
müddət televiziyada işləyib, AzTV-nin Orta Asiya respublikaları
üzrə müxbiri olub. Jurnalistlər Birliyinin üzvüdür. Onu "köhnə
qvardiyanın" üzvü kimi xarakterizə etmək olar. Onunla
jurnalistikamızın, xüsusilə də səsli və görüntülü jurnalistikamızın
bu günü haqda söhbətin necə maraqlı alınmasına siz də şahidlik edə
bilərsiniz:
Saçdıqları dəhşətlərlə ürək bulandırırlar
- Aida xanım, siz tanınan, peşəkar jurnalistsiniz.
Deyin, bu peşəyə kar və kor kimi gələnlər əl-ayağınıza
dolaşırmı?
- Faiq müəllim, yad etdiyiniz üçün çox sağ olun. Bilirsiniz,
"tanınan" və "peşəkar" sözündən artıq diksinirəm. Dünyanın bütün
ölkələrində peşəkarlara ən yaxşı yerlər etibar edilir ki,
özlərindən sonra işləri qalsın, peşəkarlığı davam etdirən olsun. Bu
gün iki dəfə efirə çıxan, bir cümlə yazmayan, yazılıb ona veriləni
oxuya bilməyən, xəbər dalınca gedib, məkanda nədən söhbət
getməyindən xəbəri olmayan, ümidini press-relizlərə dikən
"jurnalyuqa"ların haqqında xəbər saytları "tanınmış", "peşəkar"
yazırlar. Sən demə, 2-3 ilə peşəkar və tanınmış olmaq olur. Roza
Tağıyeva, Rafiq Hüseynov, Rafiq Haşımov… bu insanlar qədər tanınmış
yox idi vaxtında. Çünki efirdən tamaşaçılar onları görürdülər.
Lakin barələrində heç kim "tanınmış" yazmağa cürət etmirdi. İndi bu
psevdotanınmışların yarıdan çoxuna da müxtəlif dövlət mükafatları
və adları verilib. Gəl indi dayan görüm bunların qabağında, necə
dayanırsan… Əlbəttə, onlar kimdir ki, əl-ayağımıza dolaşalar, lakin
radio və televiziya efirindən saçdıqları dəhşətlərlə ürək
bulandırırlar. Unutmaq olmaz ki, televiziyalar cəmiyyəti tərbiyə
edən vasitədir. Ora tərbiyəsiz adamları buraxmaq olmaz.
Verilişlərin çəkisi, ölçü-biçisi olmalıdır.
- Bəs ümumilikdə jurnalistikanın bu günü necədir?
Məsələn, Sovetlər dönəmi ilə müqayisədə.
- Bəyənmədiyimiz Sovetlər dönəmində mən məktəbi bitirəndən sonra
"Bakı" və "Baku" axşam qəzetlərində makinaçı işləyirdim.
Bilirsiniz, rəhbərlərim kimlər idi? Nəsir İmanquliyev, Şamil
Şahməmmədov, Əlövsət Əliyev, Dağbəyi İsmayılov. O vaxtlar
qəzetlərdə gedən bir hərfin düz yazılmaması belə şəhər partiya
komitəsinin bürosunda iclasda müzakirə oluna bilərdi. Korrektura
səhvindən söhbət gedə bilməzdi. Jurnalistin cəmiyyətdə dəyəri,
çəkisi var idi. Sözə hörmət var idi. Adı qəzetdə neqativ çəkilən
insan ən yaxşı halda partiya sıralarından qovular, ən pis halda isə
hətta həbs oluna bilərdi. İndi kiminsə törətdiyi açıq cinayət
haqqında yazırsan, videosunu, şəklini qoyursan, bu heç bir
hüquq-mühafizə orqanını narahat etmir. Mən jurnalistika fakültəsinə
daxil olanda Sovetlər dönəmi idi, bitirəndə isə Sovetlər dağıldı.
Fərq onda idi ki, hələ insanların mənəviyyatı iflasa uğramamışdı.
Biz sözün dalınca düşüb, başına dolanmışıq. Əsil jurnalistika belə
olmalıdır.
- Orta Asiya Türk Respublikalarında jurnalist olaraq
fəaliyyət göstərirdiniz. Necədir oraların
jurnalistikası?
- 2013-cü ilin sonundan AzTV ilə yollarımız ayrılıb. Ancaq Orta
Asiya və Türk Respublikaları ilə hər zaman əlaqələrim var. Çünki o
respublikaların hər birində imzamı qoyub gəlmişəm. 10 ilə yaxın
müxbir postunun rəhbəri olduğum bir dönəmdə ətrafımda olan hər kəsi
vətənimizə dost etmişəm, həqiqətlərimizi yaymışam. O dostlarım bu
gün də mənimlədirlər. Heç kimi unutmamışam, heç kim unudulmayıb. Və
həmin əlaqələrimin bəhrəsi olaraq, bu gün də maraqlı
araşdırmalarım, yazılarım olur. Eyni zamanda oradakı dostlarım da
hər zaman mənə müraciət edirlər.
Özbəkistanda elə qəzetlər var ki...
- Yəni Özbəkistan və Qazaxıstanda da jurnalistika
bizdəki kimidir?
- İşini bilən jurnalist hər yerdə eynidir. Qazaxıstan KİV-i
bizdən ona görə fərqlənir ki, onların jurnalistikasında bambılılıq
yoxdur. Dövlət başçısına, dövlətə hörmət və məhəbbət son həddədir.
Təhqirə yol verilmir. Və əksər hallarda sosial şəbəkə və ya
internetdə, qəzetdə gedən yazılar, videolar araşdırılır.
Qırğızıstanda kasıbçılıqdan hamı yazmaq istəyir. Özbəkistanda isə
hələ televiziyalarda birbaşa xəbər efiri yoxdur. Əksər verilişlər
yazılıb, sonra ötürülür efirə. Bizim ekranlarımızı bəzəyən adi
yol-nəqliyyat hadisəsini belə xəbər efirində görə bilməzsiniz.
Senzura hələ qalmaqdadır. Özbəkistanın XİN-də hər hansı bir xarici
ölkə mətbuatı qeydiyyatdan keçmək üçün ən yaxşı halda 2-3 ay
gözləməlidir. O da ki sonda müsbət nəticəni hər ölkə ala bilmir.
Lakin buna baxmayaraq, Özbəkistanda elə qəzetlər var ki, 400 min
tirajla çıxır və satılır. Bu da ondan xəbər verir ki, sovet
senzurası haradasa lazımdır. Tacikistanda mətbuat daha sanballıdır.
Türkmənistana isə hər jurnalist gedib çıxa bilməz. Hələ təyyarəyə
minəndə hiss edirsən ki, səni üç-dörd nəfər açıq-açığına
izləyir.
- Aida xanım, bir çox dövlət tədbirlərində olursunuz.
Güman ki, sezməyə bilməzsiniz, necədir ölkəmizə
münasibət?
- Vətəni xarici ölkələrdə təmsil edərkən istər-istəməz
qeydiyyatında olduğun ölkənin böyük və önəmli tədbirlərinə
qatılmalı olursan. Hələ bir dəfə də olmadı ki, hansısa opponentdən
"yox" cavabı alım. "Azərbaycan" demək kifayətdir ki, Mərkəzi Asiya
və türkdilli ölkələrdə bütün qapılar jurnalistlər üçün açılsın. Bu
yaxınlarda Bakıda planetin yazıçısı, məşhur qazax Oljas
Süleymenovla görüşdüm. Sevindim ki, planetin adamının yadında bu
günə kimi qalmışam. Bilirsiniz, bir də ki, ölkəyə münasibət həmin
ölkədə formalaşan diaspor və səfirliklərdən asılıdır. Aktauda
ölkəmizin baş konsulu işləyən bir diplomatımız var - Rəşad
Məmmədov, indi, onu Qazaxıstana, paytaxt Astanaya səfir göndərdi
cənab Prezident İlham Əliyev. Bütün qərbi Qazaxıstanı Azərbaycana
dost etdi. Həmyerlilərimizin, soydaşlarımızın hörmətini artırdı.
İndi izləyin, inşallah, görərsiniz ki, rəsmi Astanadan necə
sədaları gələcək. Əfsus ki, bir çox səfirlərimiz, diplomatlarımız
azərbaycanlıların başına yaşadıqları ölkəni dar edirlər, onları
səfirliyin hasarından boylanmağa da qoymurlar.
Millətin ideologiyasını formalaşdıranlara yer
verilsin
- Bəs həmkarlarınız - jurnalistlər arasında münasibət
necədir?
- Hər zaman xarici mətbuatın və televiziyaların 1 nömrəli qonağı
olmuşam. Və Mərkəzi Asiyadakı televiziyalar bizim mədəniyyəti,
bizim dövləti orada işləyən, əməyi və fəaliyyəti ilə seçilən
insanlarımızı bir vətəndaş olaraq həmişə qiymətləndirib, qəzet və
televiziyalarda yer ayırıblar.
- Aida xanım, maraqlı söhbətin sonunda soruşmaq
istəyirəm, bir xanım jurnalist olaraq nə arzulayırsınız? Sizcə,
mediamız nəyə nail ola bilərdi, amma ola bilmədi?
- Arzu edirəm ki, jurnalistlərimizin mənzil problemləri həll
olunsun, ən azı, Rusiyanı demirəm hələ, Qazaxıstanda olduğu kimi,
bizdə də jurnalistlərin əmək haqları ailələrini dolandırmağa,
həftədə və ya ayda bir dəfə uşaqları ilə gözəlləşən Bakının əyləncə
və istirahət mərkəzlərində dincələ bilsinlər. Övladlar ata-ananın
nümunəsində böyüyürlər. Gördükləri yaxşı və pisi gələcəkdə
həyatlarına tətbiq edirlər.
Mediamızda kölgədə qalan o qədər dəyərli peşəkarlarımız var ki,
onlarla birlikdə dağı-dağ üstünə qoymaq olar. İstəyərdim ki, gələn
ildən efirimizdə kitablara, elmə, təhsilə təsir edən, insanların
dünyagörüşünü artıran verilişlər olsun, oxuyub, oynayıb,
soyunanlara yox, millətin ideologiyasını formalaşdıran ziyalılara
yer verilsin. Belə olarsa, cəmiyyət iflasa uğramaqdan çəkinər.
Unutmamalıyıq ki, jurnalistika, media bizim mənəvi güzgümüzdür. Və
inanıram ki, KİV fondları və Mətbuat Şurası 2016-cı ildə o güzgünün
üzərindəki tozu təmizləmək üçün bizimlə əl-ələ verəcək. Çünki
cəmiyyəti media formalaşdırır.