Bu gün Nobel Sülh mükafatı alan azərbaycanlı alim Bəxtiyar Siracovun doğum günüdür.
Axar.az xatırladır ki, Bəxtiyar Siracov 1957-ci il oktyabrın 21-də Bakıda ziyalı ailəsində doğulub.
1974-cü ildə Bakı şəhərindəki 82 saylı orta məktəbi bitirərək Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) Tətbiqi Riyaziyyat fakültəsinə daxil olur və 1979-cu ildə oranı müvəffəqiyyətlə başa vurur. Daha sonra həmin ildə Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutuna (indiki İdarəetmə Sistemləri İnstitutuna) təyinat alır və oradan da Moskvaya, Rusiya Elmlər Akademiyasının Hesablama Mərkəzinə ezam olunur. Bəxtiyar Siracov bu mərkəzdə 1980–1981-ci illərdə təkmilləşdirmə proqramı çərçivəsində elmi tədqiqatlarla məşğul olur. 1982-ci ildə Hesablama Mərkəzinin aspiranturasına daxil olaraq professor Viktor Briabrinin rəhbərliyi altında öz tədqiqat işlərini davam etdirir. 1986-cı ildə Viktor Briabrinin təşəbbüsü ilə SPEKTR adlı layihəyə cəlb olunur və 1 il bu layihədə əməkdaşlıq edir. 1987–1988-ci illərdə Slovakiyanın paytaxtı Bratislava şəhərində yerləşən Slovakiya Elmlər Akademiyasının Texniki Kibernetika İnstitutunda (indiki İnstitute of İnformatics, Slovak Academy of Sciences) çalışır.
Bəxtiyar Siracov 1990-cı ildə Moskvada dissertasiya işini müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsini alır. 1992-ci ildə Avstriyayanın paytaxtı Vyana şəhərinə İ-NET şirkətində çaılşmaq üçün dəvət alır. Müəyyən fasilələrlə 1995-ci ilə qədər bu şirkətdə işləyir. Vyananın çeşidli təşkilatları üçün proqram təminatlarının yaradılmasında iştirak edir.
1995-ci ildə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə (MAQATE) işə qəbul olunur. 2006–2021-ci illər ərzində agentlikdəki departamentlərdən birində proqram təminatı yaradılması ilə məşğul olan bölmələrdən birinə rəhbərlik edir.
2021-ci ilin noyabrından təqaüddədir.
2005-ci ildə Norveç Sülh Komitəsinin qərarı ilə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik və onun Baş direktoru Məhəmməd əl-Baradeyi Nobel Sülh mükafatına layiq görülürlər. Bəxtiyar Sadıqov da MAQATE-də çalışan bütün digər əməkdaşlarla bərabər bu mükafatı qazanır.
Evlidir. Eldar və Elşən adlı iki oğlu var.