Azərbaycan Ağsaqqallar
Şurasının 2015-ci ilin yekunlarına həsr olunmuş geniş iclası
keçirilib.
APA-nın xəbərinə
görə, tədbirdə Azərbaycan Ağsaqqallar Şurasının üzvləri, millət
vəkilləri, alimlər və başqa şəxslər iştirak ediblər. Əvvəlcə
Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin, 20 Yanvar
şəhidlərinin, habelə Zahid Qaralov, Ağamusa Axundov, Tofiq Hacıyev
və Zəlimxan Yaqubun xatirələri yad olunub.
Tədbiri giriş sözü ilə Azərbaycan Ağsaqqallar Şurasının sədri,
millət vəkili Fəttah Heydərov açıb. O bildirib ki, 2015-ci il
Azərbaycan xalqının həyatında əlamətdar bir il olub: "Azərbaycan
prezidenti İlham Əliyevin rəhbərliyi altında Azərbaycan çox böyük
uğurlar əldə edib. Hörmətli prezidentimiz Nazirlər Kabinetinin son
iclasındakı çıxışında qeyd etdi ki, 2015-ci il ölkəmizin həyatında
əlamətdar il olub. Dünyanı bürüyən çaxnaşmalar fonunda Azərbaycan
2015-ci ili uğurla başa vurdu. Düşünürəm ki, iqtisadi böhran
Azərbaycana ciddi təsir göstərməyəcək. Bu gün ölkəmizdə böyük
quruculuq işləri aparılır. Bakı dünyanın ən böyük tədbirlərindən
birinə - I Avropa Oyunlarına ev sahibliyi edib. Eyni zamanda,
Rusiya kimi böyük dövlətdən sonra medal sayına görə Azərbaycan 2-ci
yeri tutub".
F. Heydərov əlavə edib ki, Azərbaycana düşmən olan qüvvələrin
təsiri ilə baş vermiş xoşagəlməz hadisələrin qarşısı dövlətin,
ağsaqqalların dəstəyi ilə alınır: "Bu gün ağsaqqalların tərbiyəsi
ilə böyüyən saf, müdrik Azərbaycan gəncliyi var. Onlar Azərbaycanı,
azərbaycançılıq ideyasını nümunəvi şəkildə nümayiş etdirir. Siz
ağsaqqalların el arasında böyük nüfuzu var. Hesab edirəm ki, biz
yeni ildə fəaliyyətimizi daha da artırmalıyıq. Onu da qeyd etmək
istəyirəm ki, hörmətli elm xadimi İsmayıl İbrahimovun 100 yaşı
tamam olur. Hörmətli prezidentimiz Azərbaycan elmi qarşısındakı
uğurlarına görə onu "Şərəf" ordeni ilə təltif edib, ona xüsusi
təbrik məktubu yollayıb. Bu, ağsaqqallara göstərilən diqqətin bariz
nümunəsidir".
Daha sonra Azərbaycan Ağsaqqallar Şurasının 2015-ci ilin
yekunlarına həsr olunmuş hesabatı dinlənilib. Hesabatda bildirilib
ki, ötən il Azərbaycan Ağsaqqallar Şurası respublikanın ictimai,
siyasi, mədəni həyatında yaxından iştirak edib, geniş tədbirlər
keçirib.
Millət vəkili Əhliman Əmiraslanov qeyd edib ki, Azərbaycan
Ağsaqqallar Şurasının 2015-ci ilin yekunlarına həsr olunmuş
hesabatı olduqca səmərəlidir: "Bu işlərin görülməsində Azərbaycan
Ağsaqqallar Şurasının sədri Fəttah Heydərovun səmərəli fəaliyyətini
də qeyd etməliyik".
Ə. Əmiraslanov Azərbaycan Ağsaqqallar Şurasının Türkdilli
Ölkələrin Parlament Assambleyası ilə əlaqələrini yüksək
qiymətləndirib.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti,
akademik Akif Əlizadə bildirib ki, "Multikulturalizm ili"
çərçivəsində Azərbaycan alimləri tərəfindən mühüm işlərin həyata
keçirilməsi nəzərdə tutulub: "Biz koordinasiya işlərini
genişləndirməliyik. Gənclər arasında Azərbaycanın nailiyyətlərinin
təbliğini artırmalıyıq. Dünyada terrorizm baş alıb gedir. Belə bir
şəraitdə Azərbaycanda sülh hökm sürür. Düzdür, gərginlik də qeydə
alınır. Amma bunların öhdəsindən dövlət bacarıqla gəlir. Bizim
dövlətə paxıllıq edənlər çoxdur. Biz bütün ölkələrlə dost əlaqələri
yaradırıq və həmişə də dostluğa sadiqik".
Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin
müdir müavini Ərəstun Mehdiyev qeyd edib ki, Azərbaycan Ağsaqqallar
Şurası 2015-ci ildə qarşıya qoyulan vəzifələrə çatıb: "Mən
Azərbaycan Ağsaqqallar Şurasının ötən ildəki fəaliyyətini çox
yüksək qiymətləndirirəm. "Ağsaqqal" sözü tarixən Azərbaycanda dərin
məna kəsb edib. Ağsaqqal özünün səriştəsi ilə başqalarından
seçilib. Ağsaqqal lazımi anlarda düzgün yol göstərməsi ilə xalqın
işinə kömək edib, böyük nüfuz sahibi olub. Bu gün Azərbaycan
ağsaqqallarına diqqət böyükdür. Ağsaqqallar ölkənin həyatında baş
verən proseslərdə fəal iştirak edirlər. Heç təsadüfi deyil ki,
ölkəmiz ardıcıl inkişaf yoluna qədəm qoyanda da ağsaqqallar bu işə
öz töhfəsini verib".
Daha sonra akademik Teymur Bünyadov, Əjdər Ağayev və başqaları
2015-ci ildə Azərbaycan ağsaqqalların respublikanın ictimai-siyasi
həyatındakı rolu barədə çıxış ediblər.