Türkiyə Fələstin məsələsinə görə İsrailə qarşı sərt mövqe sərgilədiyini, hətta bütün siyasi və iqtisadi əlaqələrini kəsdiyini elan etsə də, faktlar reallığın tamam fərqli olduğunu, rəsmi Ankaranın, elə hakimiyyətə yaxın media və siyasi cameənin iddia etdiyi “düşmənçiliyin” ritorikadan başqa bir şey olmadığını deməyə əsas verir. Və Ankara-Təl-Əviv xəttində yaşanan qarşıdurma daha çox “dil pəhləvanlığını” xatırladır.
2024-cü ildə Türkiyə hökuməti İsraillə bütün siyasi-iqtisadi əlaqələrini dondurduğunu elan edib. Halbuki, Fələstin məsələsi yarım əsrdən çoxdur davam edir. Türkiyə də hər zaman fələstinliləri dəstəklədiyini elan etsə də, İsraillə ticarətini davam etdirib. 2022-ci ildə iki ölkə arasındakı ticarət dövriyyəsi 9 milyard, 2023-cü ildə 7 milyarddan çox olub. Türkiyə 2024-cü ildə İsraillə ticarət əlaqələrini Qəzza müharibəsinə görə dayandırıb, hərçənd, müharibə 2023-cü ilin 7 oktyabrında HƏMAS-ın hücumundan sonra başlamışdı və döyüşlərin getdiyi vaxt Ankara-Təl-Əviv arasında ticarət də davam edirdi. 2024-cü ildə - əlaqələrin kəsildiyi elan edildiyi müddətdə isə rəsmi ticarət dövriyyəsi 2,12 milyard dollar idi. BMT “Ticarət Məlumat Bazası” (UN Comtrade) 2024-cü ildə Türkiyəni İsrailin beşinci ən böyük ticarət tərəfdaşı olduğunu açıqlayıb. Həmin ilin may ayında Türkiyə İsraillə bütün münasibətləri – siyasi və ticarət əlaqələrini sıfırladığını elan etdi. Prezident Rəcəb Tayyip Ərdoğan bəyan etdi ki, “İsraillə 9,5 milyard dollar olan ticarət əlaqələrimizi kəsdik, müsəlman olaraq, baş verənlərə göz yuma bilməzdik”.
2024-cü ildən sonra nə baş verdi, Türkiyə həqiqətənmi İsraillə ticarəti dayandırdı?
Faktlar Türkiyə rəsmilərinin bəyanatlarının reallığa əsaslanmadığını göstərir. Rəsmi embarqoya baxmayaraq, 2025-ci ildə Türkiyənin İsrailə birbaşa ixracı 924 milyon dollar, dolayı ixracı – Yunanıstan və Fələstin kimi üçüncü ölkələr üzərindən həyata keçirilən ticarət isə 2,1 milyard dollar dəyərində olub.
2024-2025-ci illərdə ticarət dövriyyəsi müəyyən qədər zəifləsə də, 2025-2026-cı illərdə yenidən artan templə davam edir. İsrailin Mərkəzi Statistika Bürosunun (CBC) məlumatları bunu təsdiq edir. Rəsmi məlumatlarda qeyd olunur ki, bu ilin ilk iki ayında ticarət dövriyyəsi 176 milyon dollardan çox olub, təkcə fevral ayında bu rəqəm 94 milyon dollar təşkil edib.
Bu rəqəmlər açıqlandıqdan dərhal sonra Türkiyə tərəfi İsrailin Mərkəzi Statistika Bürosunun rəsmi saytını bloklayıb. CHP-dən olan millət vəkili Murad Əmir həmin vaxt bildirirdi ki, onlar (Türkiyə hökuməti-red) “dayandırılıb” dedikləri ticarəti İsrail Qəzzanı bombalayanda, hətta İranla müharibə aparılan vaxtda da davam etdirirlər.
Türkiyə Ticarət Nazirliyi İsrailin rəsmi məlumatlarını təkzib edərək, ixracatın Fələstinə yönəldiyini bəyan etmişdi. Halbuki, CBS-nin məlumatlarına Fələstin Administrasiyası ilə aparılan ticarət əməliyyatları daxil edilmir. Bununla yanaşı, Türkiyənin İsraillə ticarət əlaqələrini “dondurduğunu” elan etməsindən sonra Fələstinə ixracın kəskin şəkildə artması şübhələr doğurur. Türkiyə İxracatçılar Məclisinin (TİM) 2024-cü ilin sonunda açıqladığı məlumatda deyilirdi ki, Fələstinlə ticarət 2023-cü illə müqayisədə 672 faiz artımla fantastik həddə çatıb. İxracatın əsasını da daha öncə İsrailə göndərilən mallar təşkil edir, digər tərəfdən, Fələstinin mövcud infrastruktur potensialı ilə Türkiyənin ixracı arasında böyük uyğunsuzluq var. Bu, Türkiyənin embarqodan sonra İsrailə ixracatı Fələstin adı altında etdiyinə diqqət çəkir.
Əsas diqqətçəkən məqamlardan biri də Türkiyənin 2026-cı ilin fevral ayında İsrailə ixracının əsasən hərbi sənayedə istifadə olunan məhsullardan ibarət olmasıdır: plastik və rezin məmulatları, daş, sement, şüşə və gips, həm,inin, maşın və elektrik avadanlıqları.
Türkiyədə fəaliyyət göstərən “Fələstin üçün İsrailə boykot” hərəkatı bəyan edir ki, rəsmi Ankaranın Təl-Əvivlə ticarət əlaqələrinin dayandırıldığı haqda dedikləri reallıqdan daha çox, ictimai rəyə hesablanmış bəyanatlardır. “Fələstin Gənclər Hərəkatı”, “Fələstin üçün enerji embarqosu” və “Proqressiv İnternasional” təşkilatlarının da yanvar ayında açıqlanan hesabatlarında Türkiyənin İsraillə ticarət əlaqələrinin davam etdiyi bildirilir.
Türkiyədə embarqoya rəğmən, İsraillə davam edən ticarətin əsas işirakçısı olan şəxslər və şirkətlərin hakim AKP-yə yaxınlığı da diqqət çəkir. Türkiyə mediasında bununla bağlı konkret adlar və şirkətlər açıqlanıb.
- İsrailə materiallar daşıyan “Manta Dənizçilik” şirkətinin rəhbəri Mərt Çətinkaya Burak Ərdoğanla ortaqdır;
- “Oras Dənizçilik”in sahibi Salih Zeki Çakır Binəli Yıldırımın oğlu Ərkan Yıldırım və AKP millət vəkili Vəhbi Koç ilə ortaqdır;
- “Hatay Roro” gəmisinin sahibi, AKP millət vəkili namizədi və keçmiş il başqanı İbrahim Gülərdir;
- “Osmanoğulları Qaz Beton” şirkətinin sahibi, Malatya Yaşılyurt bələdiyyə başqanı, AKP-çi Mehmet Çinardır;
- İsrailə kabel tədarük edən “Pamukkale Kablo” nun sahibi Mustafa Semerci BBP qurucusudur və hakim koalisiyada yer alır;
- “Zorlu Holdinq”, “MNG Holdinq”, “Limak Holdinq”, “Sabancı Holdinq”, “Arkas Holdinq”: hər biri İsrailə böyük biznes əlaqəsinə malikdir.
- “Kolin Holdinq” İsrailin hərbi təyyarələrinə yanacaq daşıyan tankerlərin baxımını və təmirini həyata keçirir.
Bu şirkətlər İsrailə əsasən hərbi sənayedə istifadə olunan məhsullar ixrac edir. 2024-cü ildə “rəsmi embarqo”dan sonra ixrac prosesi əsasən “Fələstinə ixrac” adı altında həyata keçirilir.
Bütün bunlar rəsmi Ankaranın İsraillə münasibətlər məsələsində yumşaq desək, səmimi olmadığını göstərir. Türkiyənin siyasi rəhbərliyinin İsrailə münasibətdə də qeyri-səmimiliyi – sözlə əməllərin üst-üstə düşməməsi göz önündədir. Ərdoğanın ravvinlərlə görüşü bunun ən böyük nümunəsi hesab oluna bilər.
İslam Ölkələri Ravvinlər İttifaqının (ARİS) 2021-ci ildə ilk konfrans üçün Türkiyəyə gələn hahamlar Ərdoğan tərəfindən Prezident köşkündə yüksək səviyyədə qəbul edildi. İki saatdan çox davam edən görüşdə Ərdoğan Türkiyə-İsrail münasibətlərinin “regionun sabitliyi üçün önəmli olduğunu, iki ölkə arasında yenidən canlanan dialoqun əhəmiyyətini” vurğuladı. Görüş zamanı ravvinlər Ərdoğana “Anoten duası” oxudu və yəhidilərin ən qədim dini simvollarından olan Menora – yeddi qollu şamdan hədiyyə etdi.
Bu görüş – Ərdoğanın ravvinləri qəbul etməsi, hədiyələşmələr, İsraillə bağlı verdiyi müsbət açıqlamalar Türkiyə ictimaiyyətində də geniş rezonans doğurmuşdu. Çünki 2021-ci ildə də Fələstin məsələsi gündəmdə idi və rəsmi Ankara Qəzzanı “qırmızı xətti” olduğunu elan edirdi. Buna baxmayaraq, Ərdoğan Prezident sarayında ravvinləri qəbul edir, İsrailə xoş mesajlar göndərirdi. Türkiyə siyasi rəhbərliyinin Fələstinə rəğmən, İsraillə sıx təmasları daha sonra da davam etdi. 2022-ci ildə İsrail prezidenti İshaq Hersoqun Türkiyəyə səfəri, Ərdoğan tərəfindən yüksək səviyyədə qarşılanması və verilən bəyanatlar bunun əsas nümunələrindəndir.
Ərdoğanın ravvinlərlə görüşü, yəhudi liderlərlə sıx təmasları və bu gün də davam edən ticarət əlaqələri fonunda Türkiyə rəhbərliyinin İsrailə “od püskürməsi” heç də inandırıcı görünmür. Bütün bunlara rəğmən, Azərbaycanı nədəsə ittiham etmək həqiqətən də gülüncdür.