Yanvarın 21-də Davosda Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının baş naziri
ilə görüşü olub.
Axar.az xəbər verir ki, Prezident İlham Əliyev bu görüşün
ölkələrimiz arasındakı münasibətlərin müzakirəsi baxımından
əhəmiyyətli olduğunu dedi. Azərbaycan ilə Pakistan arasında
əməkdaşlığın səviyyəsindən məmnunluğunu ifadə edən dövlətimizin
başçısı ölkələrimizin beynəlxalq təşkilatlarda bir-birinə verdiyi
dəstəyi yüksək qiymətləndirdi.
"Bizim üçün Pakistan dünyada ən yaxın müttəfiq ölkələrdəndir və
biz tərəfdaşlığımızın daha da gücləndirilməsini istəyirik", - deyən
Prezident İlham Əliyev iqtisadi əlaqələrimizi də çox güclü olan
siyasi əməkdaşlığın səviyyəsinə qaldırmağın vacibliyini vurğuladı,
ölkələrimizin energetika, nəqliyyat, sərmayə qoyuluşu,
təhlükəsizlik sahələrində əməkdaşlıq etməsinin əhəmiyyətini
bildirib.
Dövlətimizin başçısı Pakistanda universitetdə törədilmiş
dəhşətli terror hadisəsi ilə bağlı Baş nazir Məhəmməd Nəvaz Şərifə
və dost ölkənin xalqına başsağlığı verib.
Baş nazir Məhəmməd Nəvaz Şərif başsağlığına görə Azərbaycan
Prezidentinə minnətdarlıq edib. O, Pakistanın Azərbaycanın
müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğunu vurğulayıb.
Prezident İlham Əliyevin Pakistanın böyük dostu olduğunu deyən
Məhəmməd Nəvaz Şərif Pakistan xalqının Azərbaycana böyük məhəbbət
hissi bəslədiyini bildirib. O, xalqımızın ümummilli lideri Heydər
Əliyevin Pakistanda böyük hörmətlə xatırlandığını, Ulu Öndərin
İslamabada səfəri zamanı onunla görüşünü ehtiramla xatırladığını,
Prezident İlham Əliyevin Ümummilli Liderin siyasətini uğurla davam
etdirərək Azərbaycanı dünya miqyasında qüdrətli ölkəyə çevirdiyini
diqqətə çatdırıb.
Azərbaycan ilə Pakistan arasında dostluq münasibətlərinin
inkişaf etdiyini deyən Pakistan hökumətinin başçısı ölkələrimizin
əməkdaşlıq baxımından mövcud potensialının gücləndirilməsində
maraqlı olduqlarını bildirdi, bunun üçün ciddi səylərin
göstərilməsinin əhəmiyyətini vurğulayıb.
Prezident İlham Əliyev Məhəmməd Nəvaz Şərifin ümummilli lider
Heydər Əliyev haqqında dediyi xoş sözlərə görə minnətdarlığını
bildirib, Ulu Öndərin ölkələrimiz arasında münasibətlərin əsasını
qoyduğunu deyib, Azərbaycan xalqının Pakistana böyük rəğbət hissi
bəslədiyini vurğulayıb.
Görüşdə münaqişələrin həllində ölkələrimizin bir-birinə
qarşılıqlı dəstəyinin böyük əhəmiyyətinin olduğu qeyd edilib.
Dövlətimizin başçısı ölkəmizin Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin ərazi bütövlüyü prinsipi əsasında həllində
Pakistanın ədalətli mövqeyini yüksək qiymətləndirib.
Söhbət zamanı iqtisadi əlaqələrin daha da genişləndirilməsi,
qarşılıqlı investisiya qoyuluşu, hərbi sahədə əməkdaşlıq və digər
məsələlər müzakirə olunub.