Ermənistanın müdafiə naziri Seyran Ohanyan Sərsəng su
anbarı ilə bağlı Avropa Şurası Parlament Assambleyasının (AŞPA)
qəbul etdiyi qətnaməyə münasibət bildirib.
ANS-in məlumatına görə, Ohanyan qətnamənin
ciddi qəbul edilməməsini məsləhət görüb. Müdafiə naziri
jurnalistlər üçün keçirdiyi mətbuat konfransında bildirib ki,
AŞPA-da qəbul edilən sənədlər yalandır.
Nazir Qarabağ separatçılarına "su siyasəti"ni davam etdirməyi
məsləhət görüb. "Mən orada dəfələrlə olmuşam. Deyə bilərəm ki,
Dağlıq Qarabağda həm Sovet İttifaqı dövründə, həm də indi su ilə
bağlı kompleks işlər aparılır. İşlərin davam etdirilməsini məsləhət
görürəm", - deyə Ohanyan bildirib.
Bu gün AŞPA-da Azərbaycan üzrə iki məruzə müzakirə dinlənilib.
Məruzələrdən biri "Azərbaycanın sərhədyanı rayonlarının
sakinlərinin qəsdən içməli sudan məhrum edilməsi" digəri isə
"Dağlıq Qarabağvə Azərbaycanın digər işğal edilmiş ərazilərində
zorakılığın artması" adı altında nümayəndələrə təqdim edilib.
Böyük Britaniyadan olan məruzəçi Robert Valterin hazırladığı
"Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində
zorakılıq hallarının artması" adlı hesabat lehinə 66, əleyhinə 70
nəfər, bitərəf 45 nəfər olmaqla qəbul olunmayıb.
Avropa Şurası Parlament Assambleyasının sessiyasında
"Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdən içməli
sudan məhrum edilməsi" adlı məruzəsi qəbul edilib. Ermənistan və
erməni diasporu "yalan" adlandırdıqları bu qətnamələrin qəbul
olunmaması üçün aylardır mübarizə aparırlar.
Bundan əvvəl də AŞPA-da
Azərbaycanın Tərtərçayın üzərində yerləşən Sərsəng su anbarı
barəsində müzakirələri aparılıb. Həmin vaxt da "Azərbaycanın sərhəd
rayonunun əhalisi sudan məhrum edilib" adlı qətnamə layihəsi qəbul
edilmişdi.
Azərbaycanın əraziləri işğal olunmamışdan əvvəl Sərsəng su
anbarından Tərtər, Bərdə, Yevlax, Ağcəbədi, Ağdam və Goranboy
rayonlarının əkin sahələrinə su verilib.
Hazırda yuxarıda qeyd olunan 7 rayon Sərsəng su anbarının
suyundan demək olar ki, istifadə edə bilmir. Ermənilər bir tərəfdən
əraziyə gələn bütün çayları hədsiz dərəcədə çirkləndirir, digər
tərəfdən isə imkan düşən kimi Azərbaycan ərazilərini tamamilə sudan
məhrum etməkdən belə çəkinmirlər. İşğal olunmuş ərazilərdən gələn
çaydan hər il onlarla partlayıcı maddələr tapılır. Su anbarı
1993-cü ildə Ermənistan ordusu tərəfindən işğal olunub.
Seyran Ohanyan isə qondarma rejim rəhbərliyinə qanunsuz
əməllərini davam etdirməyi məsləhət görür. Yəqin ki, bundan sonra
da qondarma rejim mərkəzi hakimiyyətin xüsusi dəstəyi ilə qanunsuz
əməllərinə davam edəcək. Çünki ölkənin güc strukturunun rəhbəri
rejim rəhbərliyinə hazırki "su siyasəti" ilə bağlı açıq dəstəyini
ifadə edib.