Türkiyənin Baş naziri Əhməd
Davudoğlu "Əl-Cəzirə" telekanalına müsahibə verib.
Axar.az xəbər verir ki, Ankara teraktını hazırlayan
terrorçuların cəzalanacağını deyən baş nazir Türkiyə-Rusiya, Yaxın
Şərq böhranı və digər məsələrlə bağlı maraqlı açıqlama verib.
Qərarı biz verəcəyik
"Terrora necə və nə zaman cavab verəcəyimizi bilirik. Xalqımıza
bu pisliyi edənlər, Türkiyəyə qarşı olanlar hesab verəcəklər. Ancaq
nə zaman və necə olduğuna biz qərar verəcəyik. Bu olduğu zaman hər
kəs Türkiyənin hər hücuma və təhdidə cavab verə biləcəyini
görəcək.
Rusiya Suriya səmalarına nəzarət edirsə, Türkiyə də xalqın
ürəyinə sahibdir. Suriya xalqının ürəyi bizimlədir və heç kim xalqı
məğlub edə bilməz. Bu, başqa ölkələrdə də olub. Azezdəki son
hücumlardan sonra YPG mövqelərinə zərbələr endirdik. Türkiyə
sərhədi təhdid edilsə, bütün vasitələrdən istifadə edəcəyik. Əgər
Türkiyəyə daha da çox qaçqın göndərmə cəhdi olsa, əlbəttə ki,
Türkiyə mümkün olan hər şeyi etmək hüququna malikdir və hər cür
tədbir alınacaq.
Peşman deyilik
Hər şeydən əvvəl hava sahəmizi qoruduğumuz üçün əsla peşman
deyilik. Təbii ki, təyyarə vurulduğu vaxt onun Rusiya təyyarəsi
olduğunu bilmirdik. Suriya rejiminə də aid ola bilərdi. Amma biz
demokratik bir ölkəyik. Sərhədlərimiz və hava sahəmizi qorumaq üçün
bir prosedur var. Ordumuza çox dəqiq təlimat vermişik: Türkiyə
sərhədlərini kimliyindən asılı olmayaraq heç kim poza bilməz. Buna
"nişan qaydası" deyirik.
Bu nişan qaydaları ilk olaraq 2012-ci ildə Suriya rejimi
tərəfindən Türkiyə təyyarəsinə hücum olan zaman açıqlanmışdı. Buna
görə də Suriya sahəsindən və ya havadan gələn hər hansı bir cism
çox dəqiq bir təlimatla izlənilirdi. Bu hadisə isə 30 saniyədə
oldu. Bu qədər müddətdə baş nazirə, yaxud nazirə məlumat vermək
mümkün deyil.
Rusiyanın Suriyaya müdaxiləsindən sonra bunu yenilədik. Rusiyaya
nişan qaydaları haqda və Türkiyənin ciddi bir ölkə olduğunu dedik.
Biz bu hadisə olmadan öncə dəfələrlə rusları xəbərdar etdik. Bu
hadisə zamanı isə pilota 10 dəfə xəbərdarlıq edildi. Digər
tərəfdən, bu qırıcılar təkcə sərhədimizi pozmurdu, qarşı tərəfdə
insanları bombalayırdı. Ümid edirəm ki, heç kim daha bu səhvi
təkrarlamaz.
4 ildir davam edirdi
Türkiyə çox riskli bir bölgədə yerləşir. Problem Rusiya və
Suriya ilə fərqli fikirlərə sahib olmağımızdan qaynaqlanmır. Oxşar
fərqlilik son dörd ildir onsuz da vardı. Amma biz əlaqəmizi ən
yaxşı şəkildə açıqladıq. Suriyada sülhün əldə edilməsi üçün nə edə
biləcəyimizi dair Rusiya ilə birlikdə səy göstərdik.
Rusiya ilə əlaqələrimizi digər ölkələrlə olduğu kimi inkişaf
etdirmək istəyirik. Bu səbəbdən indiyə qədər çox diqqətli olduq.
Təəssüf ki, Rusiya tərəfi gərginliyi artırdı.
Hansı ərəb bizi müdafiə edəcək?
Suriya problemini birlikdə həll etməliyik. Amma hər şeydən əvvəl
Suriya xalqı gəlir. Əfqanların Sovet İttifaqına qarşı mübarizə
apardığı kimi. Əminəm ki, bir gün qəhrəman Suriya xalqı bütün bu
qüvvələri məğlub edəcək və Türkiyə Suriya xalqı ilə birlikdə
olacaq. Məndən soruşurlar ki, Suriyaya niyə müdaxilə etmirik. Çox
əhəmiyyətli bir ərəb dövlət adamına bunu söylədim: Başikaya Mosulun
azad edilməsi üçün hərbi təlim personalı və onları qorumaq üçün
bəzi birliklər göndərdik. Ancaq Ərəb Liqası Türkiyəni qınadı. İndi
bizə bu sualı verənlər dönüb özlərinə baxmalıdır. Hansı ərəb ölkəsi
Türkiyənin etdiyindən daha artıq edib? Ərəb yoldaşlarımı müqayisə
etmirəm. Əgər Suriyaya hərbi müdaxilə olsa, ərəb ölkələrinin bizi
müdafiə edəcəyinə və dəstəkləyəcəyinə kim zəmanət verəcək?"