Ana səhifə Kult |
(Kamal Abdulla, Rafiq Əliyev. Qeyri-səlis məntiq və dil-nitq. Bakı, Sim-sim, 2024).
Dünya elminə yenilik gətirən görkəmli alimlərimiz Kamal Abdulla və Rafiq Əliyevin “Qeyri-səlis məntiq və dil-nitq” kitabinda ilk dəfə olaraq dilçilik sahəsində müşahidə olunan real sistem və hadisələr ümumiləşdirmələr əsasında deyil, Zadənin qeyri-səlis nəzəriyyəsi tətbiq edilməklə araşdırılmışdır.
İnsan daim nitqinə xas olan mürəkkəb problemlərə diqqət yetirərək onları düzgün başa düşmək üçün analitik düşüncə ilə təfəkkürün aşkar və gizli məqamlarını davamlı olaraq müəyyən etmək istəmiş və həmin problemlərin maraqlı tərəflərinin həlli yollarını axtarmışdır. Bu yolu davam etdirən müəlliflər “Qeyri-səlis məntiq və dil-nitq” kitabında dil və nitqin hər bir vahidinin dərinliyində duran təqribilikləri yeni platformadan tədqiq etməklə bu sahədə bir sıra yeni və maraqlı müddəalar irəli sürmüşlər ki, bu da dünyəvi biliklərimizin daha dəqiq və aydın şəkildə dərk edilməsi üçün böyük bir addımdır.
Zadənin qeyri-səlis nəzəriyyəsinin praktiki olaraq dilçilik elminə tətbiqi bir sıra məsələlərə yeni müddəalarla yanaşmağı tələb edir.
Dilçilik elminə “qeyri-səlis məntiq” nəzəriyyəsinin dörd faset (qeyri-səlis çoxluqlar, qeyri-səlis məntiq, epistemik və münasibətlər) əsasında tətbiq olunması dil və nitq ilə əlaqədar obyektiv aləm haqqında olan biliklərimizin bir sıra həqiqət dərəcələrinin üzə çıxarılmasına nail olunmuşdur. Qeyri-səlis çoxluqların köməyilə müəlliflər yeni modellər əsasında ümumiləşdirmədən konkretliyə keçid etməyi, tam müsbət və ya tam mənfi yanaşmalardan uzaqlaşmağı təklif edirlər. Kitabda araşdırılan hər bir faset öz-özlüyündə bu istiqəmətdə yeni araşdırmalıar üçün perspektiv istinad nöqtəsi yaradır.
“Qeyri-səlis məntiq və dil-nitq” kitabında bir sıra dahi filosofların fikirlərini müqayısəli şəkildə dilçilik sahəsinə tətbiq etməklə insan zəkasının çətinlik çəkdiyi bəzi məsələlərə aydınlıq gətirilmişdir. Qeyd olunan əsərdə alimlər real aləmin saya-hesaba gəlməyən zəngin və rəngarəng çalarlarına, hələ də açılmamış bir çox sirlərə təhriflərdən uzaqlaşmaqla sistemli şəkildə münasibət bildirmişlər.
Kitabın ayrı-ayrı fəsillərində geniş şəkildə təhlil olunan dilin və nitqin gizli qatları epistemik fəlsəfi fikir aspektindən təhlil edilmiş və onların semantik sərhədləri reallığa uyğun olaraq “Sorites paradoksu”na əsasən araşdırılmışdır ki, bu baxımdan da əsər böyük önəm daşıyır.
On dörd fəsildən ibarət olan kitabda qeyri-səlisliyin fonetik, morfoloji və leksik qatlarda, cümlədən mikromətndə, bədii dildə istifadəsi və dilçiliklə süni intellektin əlaqəsi ətraflı verilmişdir.
Professor Zadə rəngin çalarlarını ifadə etmək üçün qeyri-səlis məntiq nəzəriyyəsini irəli sürdü və tezliklə bu nəzəriyyə elm və sənayenin müxtəlif sahələrində uğurla tətbiq olundu. Nəzəriyyə bu gün də linqvistik və qeyri-dəqiq informasiyanın emalında istifadə olunan ən güclü vasitədir. Bu kitabla isə müəlliflər sözün çalarlarının təsvirində qeyri-səlis məntiqdən istifadə ideyasını verməklə yeni elmi istiqamətin əsasını qoydular. Müəlliflər dilçilik, qeyri-səlis məntiq və informasiya nəzəriyyəsi üçün yeni yanaşmaların yaradılmasını aktual problem olaraq ortaya çıxardılar.
Bu kitabı vərəqləyəndə iki müxtəlif elm sahəsinin aparıcı alimlərinin öz elm sahələrinə vurğunluğu və elmlərin sinerjisinə fəlsəfi baxışları diqqəti xüsusi cəlb edir. Oxucu söz olmasa düşüncənin gərəksiz olduğunun, sözün təsvirinə diqqət yetirməyin vacibliyinin şahidi olur. Sözün təsviri və tələffüzü baxımından düşüncənin ifadə edilməsi və anlaşılması üçün yeni bir elmi istiqamətin yarandığını hiss edir.
Kitabın giriş hissəsində dilçilikdə qeyri-səlis məntiqin izləri aydın şəkildə ifadə edilib. Təqdim edilən nümunələr qeyri-səlis məntiqdən qeyri-müəyyənliyin təsviri üçün istifadə edildiyini bir daha sübut edir. Buradan göründüyü kimi, qeyri-səlislik sözlə təsvir olunan ifadələrin dərin məzmununu ifadə etməyə imkan verir. Lakin onu da qeyd edək ki, qeyri-səlisliyin dilçilikdə tətbiqi sahəsində müəyyən boşluqlar var və ümid edirik ki, haqqında danışdığımız kitab bu istiqamətdə öz töhfəsini verəcəkdir.
Kitab yüksək səviyyəli elmi-texniki dildə yazılmışdır, kitabda yazılanları anlamaq üçün fəsillərin ardıcıl oxunması tövsiyə olunur. Ümid edirik ki, kitabı oxuyanlar və bilik əldə edənlər dil mühəndisliyi sahəsində elmi tədqiqatların aparılmasına güclü təkan verəcəklər və bu əsər dil mühəndisliyi, dilçilikdə informasiya texnologiyalarının tətbiqi, emosional süni intellekt, təbii dilin emalı sahəsində olan problemlərin həllində tədqiqatçılara yardımçı olacaqdır. Məhz bu səbəbdən müasir ideyanı ortaya qoyduqlarına görə müəlliflərə təşəkkür edirik və bu kitabın tədqiqatçıların stolüstü kitabı olacağına inanırıq.
Böyük fəxrlə qeyd etmək istərdik ki, təqdim edilən kitabla azərbaycanlı alimlər professor Zadənin ideyalarının gerçəkləməsi yolunda yeni bir addım atmışlar və onun qeyri-səlis məntiqin istifadəsi haqqında “Mən iqtisad elmində çalışan insanların, psixoloqların, fəlsəfə sahəsində, linqvistika sahəsində, siyasətdə, sosiologiyada, dində və saysız-hesabsız başqa sahələrdə çalışanların bundan faydalanacağına inanıram” ifadəsindəki inamını sübuta yetirmişlər.
Hesab edirik ki, bu tədqiqat əsəri yeni bir elmi istiqamətin inkişafında bir rüşeymdir və dilçiliklə müasir riyaziyyatın birgə tətbiqini özündə optimal şəkildə birləşdirir.
Kitabda yeni bir elmi istiqamət kimi əks olunan dil fəaliyyətindəki hər bir vahidin dəyər çəkisinin konkret dərəcələrinin qeyri-səlis çoxluqlarla müəyyən edilməsi də önəmli məsələrdən biridir.
Təqdim olunan kitabda dəyərli alimlərimiz sübut edirlər ki, dil üzrə bilik mütləq əminlik və ya qeyri-müəyyənlikdən daha çox və ya daha az müəyyən ola bilər. Müəlliflər qədim filosofların irəli sürdüyü fikirləri “hər bir cismin zahiri görünüşünə görə deyil, onların “arxasında” olan reallığı hiss edərək araşdırma aparmağı da qarşılarına məqsəd qoymuş və bu məqsədə nail olmuşlar.
Alimlər bu dilçilik əsərini ərsəyə gətirməklə, dünyada Zadə tərəfindən ilk dəfə irəli sürülən və “qeyri-müəyyən dil” adlanan və dil vasitəsi olan “Hedc” problemlərini də Azərbaycan dilinin dərinliklərində müəyyən etmiş və onların yaratdıqları qeyri-müəyyənliklərin səbəblərini araşdıraraq mühüm yeniliklər əldə etmişlər. Qeyri-səlis dildə qeyri-müəyyənlik bildirən və mənanı manipulyasiya etmək iqtidarında olan çoxsahəli “hedc”lər kimi mühüm məqama toxunulması və onların “boşluqlar adlandırılaraq mətnin ümumi semantikasında “qara dəliklər” kimi qəribə şəkildə təzahür etməsi” məsələlərinin araşdırılması dilçilik elmimizə böyük bir töhfə və yenilikdir.
Mövcud təsnifat çərçivələrindən istifadə etməklə sözlərin və mənaların dilimizə uyğun kateqoriyalarda birləşməsinin təsvirini vermək, onların qeyri-dəqiq və natamam mənasına aydınlıq gətirmək, mövcud olan qeyri-müəyyənlikləri üzə çıxarmaq bu fundamental əsərin əsas məqsədlərindəndir. Bundan əlavə, müəlliflər bu kitabda eyniyyət, ziddiyyət, üçüncünün istisnası qanunlarına da istinad edərək, Zadə məntiqininin fərqli cəhətlərini təhlil etmiş, aparılan araşdırmalar nəticəsində semantik məna dəyişikliklərinin bir sıra məqamlarını üzə çıxarmağa nail olmuşlar.
Beləliklə, alimlərimiz “Qeyri-səlis məntiq və dil-nitq” kitabı kimi fundamental əsəri yaratmaqla dilçilik elmində bir yenilik kimi mütləq həqiqətin nədən ibarət olduğunu aydınlaşdırmış, eləcə də qətiyyətlə demək olar ki, linqvistik və riyazi bilikləri bu araşdırmada bir araya gətirə bilmişlər.
Lətafət Qardaşova, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, texnika elmləri doktoru, professor, əməkdar elm xadimi
Fəridə Hüseynova, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, “Xarici Dillər” kafedrasının müdiri, dosent.
Tarix
2025.01.14 / 14:58
|
Müəllif
Kult.az
|