"300 zabitdən Ələkrəm Hümbətova yalnız Məhərrəm Seyidov
başda olmaqla 11-i etiraz etmişdi".
Bu sözləri 102 erməni əsgəri öldürməsi videosuyla adı gündəmə
gələn Məhərrəm Seyidovun keçmiş müavini mayor Zaur Məmmədov
redaksiyamıza zəng edərək deyib.
Ələkrəm Hümbətov onu həbs etdirmək
istəyirdi
O, Məhərrəm Seyidovun Ələkrəm Hümbətova qarşı çıxış etməsiylə
bağlı daha müfəssəl faktları saytımıza təqdim edib. Zaur bəy
Ələkrəm Hümbətovun birbaşa Məhərrəm Seyidovu həbs etdirmək
istədiyini bildirib:
"Gəncə hadisələrindən sonra Prişibdə (indiki Göytəpə) hərbi hissədə
dövlətə, dövlətçiliyə qarşı addımlar atıldı. Ələkrəm Hümbətov
Prişibə gəldi və 300 nəfər zabiti yığdı. Daha sonra özü keçib başda
oturdu. Sonra sözə başlayıb, "Talış Muğan Respublikası"nı
yaradılması-filan haqqında danışdı. Məhərrəm Seyidov o zaman ayağa
qalxıb etiraz etdi. O, bizim Azərbaycan Respublikasının Müdafiə
Nazirliyinə tabe olub-olmayacağımızı soruşdu. Ə.Hümbətov onda dedi
ki, yox, tabe olmayacağıq. Məhərrəm müəllim bunun qarşılığında
cavab verdi ki, mən və mənim zabitlərim sizin tapşırıqlarınızı
yerinə yetirməyəcəyik. İclas zalından içi mən qarışıq Məhərrəm
müəllimin rəhbərliyi ilə çıxdıq. Bizi tərksilah edib həbs etdilər.
Biz qoymadıq orada Məhərrəm müəllimi həbs etsinlər. 11 zabiti həbs
edib Lənkərana apardılar. Məhərrəm müəllim isə Bakıya getdi.
Qoymadıq o kişini həbs etsinlər".
O, Məhərrəm Seyidovun bir müddət sonra yenidən eyni hərbi
hissəyə komandir kimi qayıtdığını deyib:
"1993-cü il avqustun 29-u Məhərrəm müəllim Müdafiə nazirinin əmri
ilə 741 saylı hərbi hissənin komandiri vəzifəsinə təyin edildi.
Videoda qeyd etdiyi, "qardaşım" dediyi adamın adı Həsəndir. Biz
Ağcabədi-Xocavənd istiqamətində, onlar isə Füzulidə Aşağı Veysəlli
istiqamətində döyüşürdülər. O ki ermənilər hücuma keçdilər və 102
əsgər itirdikləri an hər birinin başının üzərində Məhərrəm müəllim
dayanmışdı".
O, xaos vaxtında nizami ordu yaratmağa
çalışırdı
Keçmiş müavin həmçinin Məhərrəm Seyidovun nizami ordu quruculuğu
sahəsində çox mühüm işlərlə məşğul olduğunu qeyd etdi:
"Hər bir əsgərə Məhərrəm müəllim hələ o zaman atəş sektoru
vermişdi. Bu, o deməkdir ki, hər bir əsgərə kartoçka verilib
deyilmişdi ki, sağa 10 bucaq altında, sola 10 bucaq altında atəş
açacaqsan. Bax, onda nizami ordunun yaranmasına böyük təkan
vermişdi".
Onu Güllücə istiqamətində vurdular
Zaur bəy komandirinin son döyüşünün Ağdamın Güllücə kəndi
istiqamətində olduğunu deyib: "O, 1993-cü ilin noyabrına qədər
bizim komandir oldu. Noyabr ayında onu "Nasosnu"ya (H.Z.Tağıyev
qəsəbəsi) göndərdilər. Burada briqadanın Təlim Tərbiyəvi Tədris
İşləri üzrə müavin (zampolit) olmalı idi. O zaman Səfər Əbiyev təzə
nazir təyin olunmuşdu. Məhərrəm müəllim dərhal müraciət elədi və
onu Tərtər istiqamətində tabor komandiri kimi döyüşə göndərdilər.
Sonra döyüşlərdə Ağdamın Güllücə kəndi istiqamətində ona erməni
pulemyotunun gülləsi boğazından dəymişdi. O, döyüşərək, sinəsini
düşmən gülləsinin qabağına verərək həlak olmuşdu. Başqa cür
yox".
O videonu AzTV çəkmişdi
Daha sonra internetdə Məhərrəm Seyidovun son videosu haqqında
danışan komandir müavini burada olan bütün şəxslər haqqında da
geniş məlumat verib:
"Bu video 1993-cü ilin sentyabr-noyabr ayları arasında çəkilib.
AzTV çəkmişdi. Əminəm buna. Buralar Xocavəndin Qarakənd kəndi
istiqamətidir. Onun yanındakı kapitanın adı Abışovdur. Tankın
yanında olan oğlan isə 1994-cü ilin yanvar ayında şəhid olub.
Şişqaya kəndi istiqamətində düşmən gülləsinə tuş gəldi".