Yuxarı

İrəvanın Bakıya məkrli təklifi: Nikolun sərhəd planı…

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan sərhəddə yenə atəşkəsi pozdu və ardınca rəsmi İrəvan Bakıya “atəşkəs rejiminin pozulması hallarının araşdırılması üçün ikitərəfli mexanizmin yaradılması” təklifini ünvanladı. Paşinyan bu təklifi iyunun 15-də - sərhəddə atəşkəs yenidən pozulmağa başlayandan sonra gündəmə gətirmişdi.

Paşinyanın təklifindən ilk baxışda belə nəticə çıxır ki, Ermənistan sərhəd boyu yerləşdirdiyi qüvvələrə nəzarət edə bilmir. Bundan öncə İrəvanın atəşkəsi pozan hərbçiləri cəzalandırması da bu fikri gücləndirir. Hərçənd atəşkəsin Ermənistan rəhbərliyindən xəbərsiz pozulması və erməni hərbçilərin cəzalandırılmasının görüntü xarakterli olduğu ehtimalı daha çoxdur, xüsusilə İrəvanın sərhəd planları fonunda.

İyunun 13-dən etibarən sərhəddə atəşkəsin pozulmağa başlanılmasında da əsas məqsəd Ermənistanın təklif etdiyi “mexanizmin” yaradılmasına zəminin formalaşdırılmasıdır.

Ermənistan belə bir “mexanizmin” yaradılmasını niyə istəyir?

Buna bənzər təklif İrəvandan Bakıya hələ Qarabağ işğalda olduğu vaxt – Serj Sərkisyanın hakimiyyətdə olduğu 2016-cı ildə edilmişdi. “Atəşkəsə nəzarət mexanizmi”ni Qarabağda təmas xəttində yaratmaq istəyirdilər. Bu, “Roys-Engel ideyası” da adlandırdı: mexanizm planını Amerika Erməni Milli Komitəsi (ANCA) tərəfindən yaradılan “Ermənistana dəstək qrupu”nun üzvləri, konqresmenlər Ed Roys və Eliot Engel irəli sürüb, Obama administrasiyasının planın icrasına dəstək verməsini istəyirdilər. Məqsəd təmas xəttinə beynəlxalq nəzarətlə Azərbaycanın torpaqlarını işğaldan azad etməsi üçün mümkün hücumlarının qarşısını almaq, Qarabağda işğala əsaslanan status-kvonu qoruyub saxlamaq idi. Həmin vaxt ABŞ da bölgədəki təsir imkanlarını gücləndirmək üçün Qarabağda “atəşkəsə nəzarət mexanizmi”nin qurulmasında maraqlı idi.

Paşinyanın indi sərhəddə yaradılmasını təklif etdiyi “mexanizm” də “Roys-Engel ideyası”na bənzəyir. Əsas məqsəd mövcud sərhədlərin mümkün dəyişməsi ssenarisinin qarşısını almaqdır.

Birincisi, Ermənistan “ikitərəfli mexanizmin” yaradılmasını təklif etsə də, Paşinyanın açıqlamasındakı “beynəlxalq ictimaiyyət üçün də həqiqi vəziyyəti anlamaq” qeydi o deməkdir ki, hədəf beynəlxalq diqqəti sərhəddəki hadisələrə yönəltməkdir;

İkincisi, Ermənistanın “ikitərəfli mexanizmə” sonradan “beynəlxalq nəzarəti” əlavə etmək planının olduğu istisna deyil: sərhəddə fəaliyyət göstərən Avropa Birliyinin müşahidə missiyası bunu edə, yaxud “beynəlxalq nəzarət” üçün əlavə qüvvələr prosesə cəlb oluna bilər;

Üçüncüsü, belə bir “mexanizm”in yaradılması hər iki tərəf üçün “əllərin bağlanması” deməkdir, xüsusilə “beynəlxalq nəzarət” də tətbiq ediləcəyi təqdirdə: bu, sərhədin SSRİ dağılanda mövcud olan xətlərə uyğun delimitasiya edilməsini istəyən Ermənistana sərf edir, hərçənd, Azərbaycan SSRİ dövründə ermənilərə bağışlanan ərazilərin gündəmdən çıxmasını istəmir və gələcəkdə tarixi ədalətin bərpa edilməsi istiqamətində müxtəlif addımların atılması zərurətinin yarana biləcəyi də istisna edilməməlidir; bu “mexanizm”, daha sonra onun işləməsinə “beynəlxalq nəzarət”in olması belə bir perspektivi sıradan çıxara bilər;

“Mexanizm” planında ABŞ-ın maraqlı olduğu istisna edilməməlidir. Sərhəddə atəşkəsin pozulması və Paşinyanın təklif irəli sürməsinin Obrayenin İrəvan səfərindən (10-12 iyun) sonraya təsadüf etməsi də bu kontekstdə diqqət çəkir. Mümkündür ki, bölgədə təsir imkanlarını gücləndirmək üçün vaxtilə mövcud olmuş “Roys-Engel planı”nı indi sərhəddə tətbiq etmək istəyirlər.

Və belə görünür ki, Ermənistan “mexanizm” təklifini gündəmdə saxlamaq üçün sərhəddə atəşkəsin pozulmasını intensivləşdirə bilər.

Tarix
2024.06.23 / 08:00
Müəllif
Asif Nərimanlı
Şərhlər
Digər xəbərlər

Obrayenin Bakı səfərinin 3 sensasion hədəfi - Akyar

Ya seçkiləri boykot edin, ya da Pezeşkiana səs verin!

Bayramov Tiflisdə anons verdi: Müsbət xəbərlər var

ABŞ İrəvanı tələsdirir, Bakıya görə Fransanı tənqid edir

Tokayevdən TDT ölkələri ilə bağlı qərar

Türkiyənin ilk astronavtı Bakıda

Ermənistandan gedən Qarabağ ermənilərinin sayı açıqlandı

Azərbaycan bu problemlərin həllində fəal rol oynayacaq

Bayramov Papuaşvili ilə nələri müzakirə etdi?

İranı silkələyən azərbaycanlı: Onu seçkiyə niyə buraxdılar?

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla