Yuxarı

Polis Gününə "sürpriz": Nə baş verir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Daxili İşlər Nazirliyi necə bir qurumdur” sualına 1, 3, 5 illik müşahidə ilə cavab vermək olmaz, bu quruma müstəqillik tariximizin yaddaşından baxmaq lazımdır!

DİN – bu ölkədə dövlət çevrilişi cəhdlərində də, dövlətçiliyin əsaslarına vurulan sarsıdıcı zərbələrdə də heç vaxt yer almayıb. Əksinə, xüsusilə 1993-cü ildən sonra – Heydər Əliyevin hakimiyyətinin ilk günlərindən DİN dövlətçiliyin əsas dayaqlarından biri olub.

Xüsusi təyinatlı dəstələrin bu struktura aidiyyəti olmayıb – onun yaradılma səbəbi də başqaydı, müstəsna xidmətləri də olmuşdu, Birinci Qarabağ savaşında fədakarlıq da etmişdi: ancaq mart qiyamı DİN-in deyildi!

1993-94-cü illəri yada salın: iqtisadi çöküş, qarışıqlıq, kriminal ünsürlərin çoxalması, uşaq oğurluqları, küçəyə axşam saatlarında çıxmağın mümkünsüzlüyü... Bakı küçələrində silahlıların meydan sulaması, özbaşınalıqlar...

Dövlətçilikdən əsər-əlamət olmayan durumun, məğlubiyyətlərin və zəif idarəetmənin gətirdiyi bəlaların aradan qaldırılması üçün ilk daxili işlər orqanları sağlamlaşdırıldı: Usubov təsadüfən nazir təyin edilmədi – Heydər Əliyev ən kritik məqamda hansı təyinatı etdiyini mükəmməl bilirdi!

1995-ci ildə “oğrulara” qarşı bir gecədə həyata keçirilən əməliyyat və ölkənin cəmi bircə günə “qırmızı zonaya” çevrilməsini xatırlamağın özü adamı heyrətə gətirir. Bu əməliyyatı kim qurmuşdu – bəllidir, ancaq bunu DİN, polis həyata keçirdi - əlbəttə ki, MTN-in – Namiq Abbasovun dəstəyi ilə.

DİN-in ölkədə sabitlik yaratmasında rolunu bir üst qata qaldıran islahatlardan biri də Banditizmə və Terrorizmə qarşı Mübarizə Baş İdarəsi idi – DİN-in elit qrupu. Amansız idilər, rəhmsiz idilər, ancaq ən qısa müddətdə bu amansızlığın bəhrəsini xalq gördü. Balaca Azərbaycanı “təsir dairələrinə” bölən “oğruların” yerdəki nümayəndələri və onların qul-beçələri bir gecənin içində bu idarənin qurd kimi oğullarının əlinə düşdü. Səhər açılanda artıq ölkədə sahibkar, yerli məmur demədən, hamısından haqq alan reketlər dəstəsi yox idi – sanki günəş çıxdı, qar əridi və yox oldular!

O əməliyyatın necə möhtəşəm olduğunu anlamaq üçün mütləq o günləri yaşamaq lazımdır: çatana çatıb, çatmayana daş atan, hər yerdə - bütün Azərbaycan üzrə “qoçu dəstələri” ilə gəzənlərin təmizlənməsi DİN-in bu ölkəyə ən böyük xidməti idi.

Bu ölkədə dövlət çevrilişi cəhdi olub – qarşısını almaq üçün DİN ayağa qaldırılıb!

Bu ölkədə sui-qəsd təhlükəsi olub – polis səfərbər edilib!

Seçkinin təhlükəsizliyi təmin edilməlidir - polis; yerli, beynəlxalq tədbirlər var – polis; prezidentin rayonlara səfərləri – polis...

Aksiya keçirilir – polis; mitinq olacaq – polis; kimsə küçədə ağzını şeytan yoluna qoyub danışır – polis; ictimai qayda pozulur – polis; pandemiyadır - polis, polis və polis...

Hətta MTN-ə qarşı əməliyyatı xüsusi qvardiya keçirir – amma yenə polis səfərbər olunur və tam 48 saat ayaqda qalır!

Küçədə davadan tutmuş qətl törədən şəxsin tutulub, prokurorluğa verilməsinə qədər – hər yerdə polisdir!

Polis strukturu – 30 ildən çoxdur dövlətə, dövlətçiliyə sədaqəti ilə fərqlənib!

DİN – bu ölkənin ən zəhmətkeş, ayağı qabarlı strukturu və daxili sabitliyimizin onurğa sütunudur, birmənalı!

Pisləri də var, rüşvətxorları, yaramazları, qansızları, qoca arvadın üzünə qaz fısqırdanları da... Ancaq Gəncədə dövlətin üstünə qılıncla gələnlərə qarşı tabel silahı ilə yox, sinəsi ilə gedən və özünü şəhid edənlər də var. Həm də məlumatlıydı - bilirdi əllərində qılınc, xəncər var; bilirdi xaricdən körükləniblər; ancaq inanmırdı, polis polkovniki ağlından da keçirmirdi ki, kimsə ona əl qaldıra bilər!

Düz fikirləşirdi: biz polislə mübahisə edərik, qışqır-bağır salarıq, yaxalaşarıq, dartışarıq da, yalvarıb, əl-ayağına da düşərik, başına da dönərik, amma...

Dünyada elə ölkə tanımıram ki, polis saxlayan kimi sürücü maşından düşə, üstünə gedə, əl görüşə və “rəis, qadan alım, sən Həzrət Abbas...” deyib, qaydasında olmayan sənədini verməkdən imtina edə! Halbuki polisin izni olmadan maşından düşdüyünə görə bəzi ölkələrdə polis atış açır; halbuki polislə mübahisə edən dərhal qandallanır...

Biz polislə “qonşu kimi” davranırıq, həmişə də narazıyıq: bəzən günlərlə, bəzən aylarla evinə gələ bilməyən, paltarını dəyişməyə belə vaxtı olmayan polisi qınayırıq da...

Biz polislə dil də tapırıq, dalaşırıq da – ancaq... Heç vaxt polisə silah çəkmirik və bu, ağlımızın ucundan da keçmir. Yoxdur bu təfəkkür bizdə. Bu ölkənin kriminal avtoritetləri, “oğruları” belə polisə güllə atanda 3 dəfə düşünür. Çünki polis heç vaxt sürücüyə, onun paqonuna əl atan davakara, qanunları pozanlara silah çəkmir.

Bizim polisimiz elə bizimdir!

Bir haşiyə: 20 il öncə şəhərlərarası taksidə gələrkən, maşını saxlayıb, sürücünü yox, mənim sənədimi istəyən polislə mübahisə etmişdim. Səbəblərim, arqumentlərim də vardı, haqsız deyildim, amma haqlı da sayılmazdım.

Allahçünə, heç nə demədilər – sürücünü yoxlayıb, buraxdılar. Arxa oturacaqdakı sərnişinlərdən biri Türkiyə vətəndaşı imiş. “Abi, siz polislə necə belə danışa bilirsiniz? Bizdə dərhal qandallayardılar” dedi. Cavab verdim ki, bu, Bizim Polisdir, Mənim Polisimdir, onlar bizdən biridir – onlar mənə, mən də onlara güvənirəm. Sizdə isə qarışıqdır: örgütü var, PKK-sı var, addımbaşı terrordur!

Bax, o sözləri deyəndə həm də çox qürurluydum!

Bu qüruru, bu əminliyi bizə verən Ramil Usubov idi – bir şikayətimiz ictimailəşən kimi anında reaksiyası, problemi araşdırıb həll etməsi, birbaşa nəzarətə götürməsi ilə...

Eyni strukturdur, eyni ənənə daha yüksək səviyyədə davam edir – Vilayət Eyvazov da bu məktəbin yetirməsidir, müsbət tendensiyaları saxlayır, yenilərini tətbiq edir!

Bəs, nə oldu, nə baş verdi ki, 24 iyunda Şüvəlanda bir dələduz, birilərinə pul atmaqla məşğul olan Allahverdiyev 3 polisi, bir də qonşusunu qətlə yetirdi?

Bəs, nə baş verir ki, 4 gündür içəridən-çöldən polisin nüfuzuna xələl gətirən minbir “sızıntılar” yayılır?

Bəs, nə baş verdi ki, 3 polis qətlə yetirildiyi üçün biriləri polis övladlarına ağrınmaq əvəzinə hansısa informasiyalar yayıb, qatilə haqq qazandırmağa çalışır?

Boşluqlar, açıq suallar var:

1. Üst-üstə 1,5 milyondan çox pul atan dələduz Allahverdiyevin evindən yayılan fotoları görmüsünüz. Çox, hətta çox kasıb evdir – 1,5 milyon manat pul atan şəxsin evi niyə o gündədir? Hardadır onun atdığı pullar? Hara yığıb, hara xərcləyib onu?

2. Zahid Oruc bu gün MM-də çıxışında polisin onu evindən gecə 4-də götürmək istədiyini dedi – yəqin ki, hansısa səhih məlumatı var. Amma bundan öncə polislərin axtarışda olan Allahverdiyevi saat 7-də yaxalamaq üçün getdikləri bildirilmişdi. Əməliyyat saat 4-də olub, ya 7-də?

3. Bundan öncə məlumat yayıldı, bildirildi ki, Allahverdiyev paltarını dəyişmək üçün evə qayıdıb, sonra silah götürüb, ailəsini özünə qalxan edib, polislərin silahı buraxmasından sonra onları qətlə yetirib.

Bu gün isə xəbər yayılır ki, polislər əməliyyat məlumatı alıb, onun evinə gələcəyini bilib, tezdən qapı ağzında yaxalayıblar. O isə körpə övladını 8 aydır görmədiyini bildirərək, onunla görüşməsi üçün yalvarıb, polislər razılaşıb, qandalı açıblar və o, evə girərək, silahla çıxıb, polisləri qətlə yetirib;

4. Allahverdiyevin zərərsizləşdirildiyi fotosu yayıldı: niyə stulda oturduğu yerdədir? Niyə onun önündəki silah rəsmi açıqlamada deyildiyi kimi, “Lancaster” ov silahına oxşamır?

Əlbəttə, bu sualların heç birinin səbəbkarı DİN deyil – nə fotonu yayan DİN-dir, nə əməliyyat saatını, nə də digər məlumatları.

Ancaq iş ki gəlib bu yerə çıxıb; kimlərsə bundan sui-istifadə edirsə, onda bu açıq suallar qapadılmalıdır – cavablandırılmalıdır.

O ayrı məsələ ki, adamı iki dəfə həbs ediblər – bir dəfə Apellyasiya Məhkəməsi həbsdən azad edib, bir dəfə isə ev dustaqlığına buraxılıb.

Yəni polis öz işini görüb – iki dəfə saxlayıb, iki dəfə həbs təqdimatı verib - hər ikisində məhkəmə onu azadlığa buraxıb. Və məhkəmə azadlığa buraxdıqdan sonra Allahverdiyev istintaqdan yayınıb.

Üçüncü dəfə polislər evinə gedəndə isə qətl törədib.

Bunlara da aydınlıq gətirilməlidir, görək, məhkəmə hansı əminliklə polisin təqdimatını geri çevirib; o hakimlər hansı əsasla onun azadlıqda olmasına qərar veriblər? Bilə-bilə ki, adam azadlıqda olanda Türkiyəyə qaçmaq istəyib, nə deyib onu azad ediblər?

Hələ Allahverdiyevin kimlərin adından sui-istifadə etməsi də önəmlidir: Əmlak Komitəsi sədrinin müavininin adı çəkilir. Doğrudanmı Allahverdiyev bu şəxsin adından sui-istifadə edib və insanlar da ona inanıb, yüzminlərini veriblər? Onun adından sui-istifadə etdikləri də istintaqa cəlb edilməlidir – görək, Allahverdiyev boş-boşunamı onların adını istismar edib və onlarla adamı aldada bilib?

Ancaq hətta Şüvəlandakı evə əməliyyat vaxtı ehtimal edilən yanlışlıq - səhv və yaxud Rövşən Allahverdiyevi düzgün qiymətləndirməmək, onun silaha əl atacağını hesablamamaq və yainki Allahverdiyevin silaha əl atmasına “məcbur edən” “səbəb” kimi təqdim edilən iddialar – heç nə, heç bir şey bax bu saat, bu dəqiqə, bu anda Kəlbəcərdən Bakıya, Lənkərandan Qubaya, Naxçıvandan Qaxa qədər xidmətdə, ayaqda olan polisin üstündən xətt çəkməyə bəhanə ola bilməz.

Səhlənkarlıq olubsa – onun da nəticəsini görəcəyik, ona görə də cəza alanlar olacaq.

Amma ərazi bütövlüyümüzün bərpasına canı-qanı ilə töhfə verən, hazırda da azad edilən torpaqlarda gecə-gündüz xidmətdə duran; Bakıda, Şəkidə, Lənkəranda, Qubada, Naxçıvanda gecə yarıdan sonra belə əmin gəzməyimizin səbəbkarı olan böyük mənada Polisi - DİN-i aşağılamaq olmaz.

P.S. 2 iyulda polislərimiz peşə bayramlarını qeyd edəcəklər!

Təbrik edirəm – DİN-ə güvənimizi hər zaman doğruldacağınıza inamla...

Tarix
2024.06.28 / 14:21
Müəllif
Şeyx Teymur
Şərhlər
Digər xəbərlər

Füzuliyə müntəzəm aviareyslər açılır - Qiymət elan edildi

Şəhərlərarası müntəzəm marşrutlarda yeni qiymət

Ərdoğan Azərbaycana gəlir

Ermənilər qorxuya düşdü: Pezeşkian Bakı və Ankara ilə…

Pezeşkian Cəlili ilə debata çıxır

Ərdoğan Azərbaycanla bağlı sənədə düzəliş etdi

Pezeşkiana qarşı niyə Cəlili gücləndirilir?

Azərbaycanlı İranda prezident seçilsə… - Bakıdan baxış

Seçkiqabağı təşviqatın başlanma və bitmə tarixi

Siyasi partiyaların bu seçkidə iştirakı... – MSK sədri

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla