10:25
Bu dəqiqələrdə "Azadlıq" metrostansiyasının
yaxınlığındakı "Şahənşah" Şadlıq Sarayının yanında yeni tikilidə
qaz sızmasından partlayış baş verib.
"Axar.az"ın hadisə yerində olan əməkdaşının xəbərinə görə,
kafenin və tikilinin qarşısındakı maşınlar ciddi xəsarət alıb.
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin
xilasediciləri cəlb olunublar. Xəsarət alanların olduğu
bildirilir.
Bir qadının ciddi xəsarət aldığı və təcili-tibbi yardım maşınına
qaldırılaraq, xəstəxanaya göndərildiyi müşahidə edilib.
***
10:41

Binəqədi Rayon İcra Hakimiyyətinin səlahiyyətlisi "Axar.az"ın
əməkdaşına bildirib ki, partlayan bu böyük obyekt Binəqədi
rayonunun keçmiş icra başçısı Alı Qocayevə məxsus tikilidir.
Obyektin hansı məqsədlə ucaldıldığı bəlli deyil. Bir müddət əvvəl
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun qərarı
ilə obyektin tikintisinin tamamlanması dayandırılıb.
Əməkdaşımız qeyd edir ki, "Şahənşah" Şadlıq Sarayına güclü ziyan
dəyib: havaya sıçrayan mişar daşlarının qırıntıları sarayın
pəncərələrini qırıb. Yaxınlıqdakı bunaların pəncərələrinin də
qırıldığı bildirilir.
Qeyd edək ki, tikili partlayışın təsirindən büsbütün çöküb.
***
10:52

"Metronun fəaliyyəti normaldır".
Bunu "Axar.az"a açıqlamasında Bakı Metropoliteninin Mətbuat
Xidmətinin rəhbəri Nəzakət Tarıverdiyeva deyib.
O, baş verən partlayışın metroya aid olmadığını deyib: "Bu,
"Azadlıq prospekti" metro-stansiyası yaxınlığında olub. Metroya heç
bir aidiyyəti yoxdur. Metroya təsiri də müşahidə olunmayıb.
Partlayışdan sonra insanlar elə biliblər ki, zəlzələdir. Amma
sonradan səbəb aydınlaşıb. Hazırda metro öz normal iş rejimini
davam etdirir".
Partlayışın təsiri əsasən Süleyman Sani Axundov küçəsindəki 1b
və 3b binalarına hiss olunur. Həmin binalara ciddi ziyan dəyib.
***
10:59
Partlayış baş verən ərazinin yaxınlığında yerləşən "İstanbul"
klinikasına hadisə nəticəsində xəsarət almış 4 nəfər orta yaşlı
şəxs gətirilib. Onlardan birinə kəllə-beyin travması diaqnozu
qoyulub.
Xəsarət alanların kimlikləri müəyyənləşdirilir.
***
11:04
"İstanbul" xəstəxanasından "Axar.az"a verilən məlumata görə,
xəsarət alanlarlardan 2-nin şəxsiyyəti məlumdur. Bunlar 1961-ci il
təvəllüdlü İbadova Afiyət və Ağayeva Səadətdir.
Səadət Ağayevanın partlayış baş verən an yaxınlıqdan keçən
marşrut avtobusunda olduğu bildirilir. Partlayışın təsirindən
sıçrayan daş avtobusun şüşəsini qıraraq ona dəyib. Hal-hazırda
rentgen müayinəsindən keçirilir.
İbadova Afiyət isə üzünün sol nahiyəsindən II dərəcəli yanıq
xəsarəti və sol alın nahiyəsinin travması ilə Musa Nağıyev adına
Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb.
11:25
11:39
11:51
İlkin versiyalara görə, partlayışın qaz sızması nəticəsində baş
verməsi söylənilsə də, uzun illər həmin ərazidə yaşayan sakinlərdən
biri bildirir ki, partlayan yarımçıq tikilidə qaz xətti olmayıb.
Başqa bir ehtimala görə isə, ola bilsin, tikiliyə qeyri-qanuni qaz
xətti çəkilibmiş.