Ermənistan danışıqlarda öz xoşuna 5 rayonu azad etməsə,
atəşkəs yaxın günlərdə yenidən pozulacaq və ordumuz bir az da
irəriləyəcək.
Bu sözləri Axar.az-a politoloq Elxan Şahinoğlu cəbhədə əldə
olunan atəşkəsə münasibət bildirərkən deyib.
Ekspertin sözlərinə görə, 5 rayonun azad edilməsi artıq
gündəmdədir:
"Cəbhədəki vəziyyəti Prezident və Müdafiə nazirindən yaxşı bilən
yoxdur. Ona görə də əgər Prezident atəşkəsə razılaşıbsa, həm
cəbhədəki vəziyyətə, həm də gedən diplomatik danışıqlara görə bu
qərarı verib.
Ancaq hesab edirəm ki, Ermənistan danışıqlarda öz xoşuna 5
rayonu azad etməsə və bundan sonra danışıqlarda pozitiv mövqe
göstərməsə, atəşkəs yenidən pozulacaq və ordumuz bir az da
irəriləyəcək. Bütün iplər Moskvanın əlindədir. Əgər Kreml
müharibənin davamını istəmirsə, Ermənistan prezidenti Serj
Sərkisyanı ilkin şərt irəli sürmədən 5 rayonu azad etməyə məcbur
etməlidir. Əks halda, yəni danışıqlar yenə uzanacaqsa, bunun
davamının nə olacağını artıq ermənilər yaxşıca anladılar".
Sərkisyanın ölkədə mövqeyinin zəiflədiyini deyən politoloq
Ermənistanda siyasi gərginliyin artacağını proqnozlaşdırır:
"Məsələnin başqa tərəfi də var. Sərkisyanın ölkə daxilində
mövqeləri zəiflədi. O, həm 22 ildir işğal altında saxladığı
torpaqların bir hissəsini itirdi, həm də canlı qüvvə və texnikası
azaldı. Ermənistan kasıb və əhalisi azalan dövlətdir. Bu itkilərin
yerini doldurmaq, hərbə kasıb büdcədən pul xərcləmək, eyni zamanda,
vətəndaşlara övladlarının itkisini başa salmaq çətindir. Ən azı
İrvandakı əsgər anaları "Sən qarabağlısan deyə, bizim övladları
Ermənistandan kənarda ölümə göndərməlisən?!" şüarı ilə Sərkisyanı
dinc buraxmırlar. Digər tərəfdən, Ermənistandakı müxtəlif siyasi
qruplar bir müddət sonra məğlubiyyətin və itkilərin hesabını
Sərkisyandan soruşacaqlar. Onlara elə bu cür fürsət lazım idi.
Sərkisyanın iki yolu var: Ya müvəqqəti atəşkəsdən sonra
Qarabağda itirdiyi mövqeləri yenidən geri almağa çalışacaq, ancaq
bu uzunmüddətli müharibə ilə yanaşı, Ermənistanın itkilərinin
artması demək olacaq, ya da itirdikləri ilə barışaraq, üstəgəl
münaqişənin həlli ilə bağlı mərhələli həll planına yaşıl işıq
yandıracaq. Ancaq bu yollardan hər hansı birinin seçimi Sərkisyanın
siyasi karyerasının sonunu gətirəcək. Bir də: Sərkisyan mərhələli
həll planına razılaşacaqsa, ondan soruşmazlarmı, əgər belə idisə,
1990-cı illərin ortalarında eyni plana razılaşan Ermənistanın
qanuni prezidenti Levon Ter-Petrosyanı niyə devirirdiniz?"