Yuxarı

Parçalanma dərinləşir: SEPAH-dan Pezeşkiana xəbərdarlıq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Prezidenti Məsud Pezeşkian Təbrizin millət vəkili olduğu dövrdə və ondan sonra prezident seçkiləri öncəsi təbliğat və təşviqat kampaniyası zamanı dəfələrlə Qərb ölkələri, o cümlədən ABŞ-la danışıqların tərəfdarı olduğunu deyib. O, həmin çıxışlarında ölkənin problemlərinin çoxunun Tehranın yanlış beynəlxalq siyasəti nəticəsində tətbiq edilən sanksiyalardan irəli gəldiyini bəyan edib.

Prezident həmin problemlərin həlli, İranın dünya ölkələri ilə münasibətlərinin normallaşmasının Qərb, o cümlədən ABŞ-la danışıqlarda olduğunu vurğulayıb. Məsud Pezeşkianın bu çıxış və təklifləri mühafizəkar siyasi qanadın, xüsusilə SEPAH komandirlərinin sərt reaksiyası ilə qarşılaşıb. Onlar ABŞ və Qərblə danışıqlar tərəfdarlarını iradəsizlikdə və təslimçilikdə günahlandırb, islam inqilabının dəyərlərinə xəyanətdə ittiham ediblər.

Ölkə rəhbəri Əli Xamenei isə hər zaman olduğu kimi, hər iki siyasi cərəyanın qarşıdurmasından istifadə etməyə çalışıb, ikibaşlı çıxışları ilə konkret mövqe bildirməkdən yayınıb. O, vəziyyətin ağırlığını hiss etdiyi və təzyiqləri yumşaltmaq məqsədilə bundan əvvəl də bir neçə dəfə dediyi kimi, “düşmənlər qarşısında taktiki geri çəkilmələr və onların qarşısında məsləhətə uyğun elastiklik göstərmə”nin mümkün olduğunu vurğulayıb.

Əli Xameneinin bu tövsiyəsinə baxmayaraq, SEPAH komandirlərinin Məsud Pezeşkianın Qərblə danışıqlar təklifinə sərt reaksiyalarının davam etməsi hakimiyyət daxilində ikitirəliyin mövcudluğunu təzahürüdür. Ölkənin bütün siyasi və iqtisadi mərkəzlərində hegemonluq etməyə alışan SEPAH komandirləri onların iradə və istəyindən kənar hər hansı dəyişikliyin baş verməsinə dözməyəcəkləri barədə bəyanatlarını artırıblar. Bu qəbildən olan bəyanatlardan birini də növbəti dəfə SEPAH komandirinin müavini general Məhəmmədrza Nəqdi səsləndirib.

O, milli barışığın ABŞ ilə danışıqlar aparmaq, onunla problemləri həll etməkdə olduğunu deyənləri tənqid edib, Amerikaya qarşı yumşaq münasibətdən danışmağın qəbuledilməz və iyrənc olduğunu söyləyib. Nəqdi ötən gün İranın hər zamankından daha sərt şəkildə ABŞ-a qarşı çıxmalı olduğunu bildirib, bunun əksini düşünənləri təslimçi hesab edib.

Xatırladaq ki, Məsud Pezeşkian dəfələrlə ABŞ və Qərblə danışıqların əleyhinə olanları sanksiya dəllalları adlandırıb, onların ölkəyə tətbiq edilən sanksiyalardan istifadə edərək böyük məbləğdə pul qazandıqlarını deyib.

Nəqdi bu günə kimi bir neçə vacib məsələ ilə bağlı bəyanatlar səsləndirib və bunun sonradan SEPAH-ın rəsmi mövqeyi olduğu üzə çıxıb. Bu baxımdan onun son bəyanatını da SEPAH-ın Məsud Pezeşkiana xəbərdarlıq mesajı kimi dəyərləndirmək mümkündür. Bu isə İranın yeni prezidentinin ABŞ və Qərblə danışıqlarda, sanksiyaların yumşaldılması zəminindəki səylərində uğurlu olmayacağını və çətin proseslə qarşılaşacağını deməyə əsas verir.

Qeyd edək ki, Pezeşkianın “sanksiya dəllalları” adlandırdığı qurum və şəxslər əsasən SEPAH və onun komandirləridir. Onlar ABŞ və Qərbin tətbiq etdiyi sanksiyalardan yayınmaq, qaçaq yanacaq ixracı və ölkəyə müxtəlif malların dolayı yollarla gətirilməsi üçün geniş şəbəkə qurublar. İllik dövriyyəsi on milyardlarla dollar olan qaçaq ixracat və idxalatın böyük hissəsi birbaşa və ya dolayısı ilə SEPAH komandirlərinin əlindədir, onların bundan əl çəkəcəkləri isə real görünmür.

Həmin şəbəkəyə nəzarət edən əsas şəxslərdən biri isə Əli Xameneinin oğlu Müctəba Xameneidir.

Tarix
2024.09.12 / 08:30
Müəllif
Cavidan Elbars
Şərhlər
Digər xəbərlər

Bakı və Moskva iqtisadi məsələləri müzakirə etdi

NATO-Turan dəhlizi: İran hərbi ssenariyə "əl atacaq"?

Bakı dəhlizi Rusiyanın “cibinə atdı”, gözləyir – Köçəryan

Bayramov Nurtleu ilə regional məsələləri müzakirə etdi

XİN Koulmanın açıqlamasını şiddətlə pislədi

Mətin Gürak azərbaycanlı generalla görüşdü

Azərbaycanın bu ölkələrdə səfirləri fəaliyyətə başladı

Blinken Əliyevə buna görə zəng etdi: Rusiyaya qarşı həmlə

Paşinyan bu müharibədən milyardlar qazanır

Kanadalı nazir müavini Xankəndi və Şuşada - Foto

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla