Yuxarı

Tahir Mirkişilinin sayəsində Bakı xilas oldu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hörmətli nazirimiz Rəşad Nəbiyevin hazırladığı və sayın millət vəkilimiz, 1 sentyabrda keçirilən seçkilərdə məhz bu şücaətinə görə xalqın kütləvi surətdə səs verib (hətta başqa rayonlardan da gəlib, ona səs vermək istəyirdilər, polislər xalqın qabağını zorla aldı), yenidən deputat seçdiyi Tahir Mirkişilinin sayəsində parlamentdən sağ çıxan qanunun tətbiqi ilə Bakının iflic yolları əməlli-başlı düzəlib.

Çünki 65 min taksi vardı, bu taksilər Bakıda dəhşətli sıxlığa və tıxaclara səbəb olurdu. Onun sayını kəskin azaltdılar. Rəşad müəllim və Tahir kişi doğru olaraq elə hesab edirdilər ki, taksilərin bu qədər ucuz və əlçatan olması biabırçılıqdır – hər yerdə bahalaşma gedir, ancaq taksi ucuzlaşır. Buna necə dözmək olardı?

Beləliklə, Tahir Mirkişilinin cidd-cəhdlə parlamentdə müdafiə edib, deputatların hürreyi ilə sayını azaltdığı və qiymətini bahalaşdırdığı taksilər azalandan sonra xoşbəxtliyimizin dərəcəsi fontan vurmağa davam edir. İndi taksi sürücüləri yeni qaydalara uyğunlaşmaq üçün qəti rüşvət vermirlər, arayışları da rüşvətlə almırlar, ili təzə olan maşını taksi şirkətlərində qeydə saldırıb, əvvəlki maşınları ilə fəaliyyəti də davam etdirmirlər. Yəni Tahir müəllimin sayəsində yeni neqativliklər qətiyyən ortaya çıxmayıb.

Taksi bahalaşandan və azalandan, əlçatmaz olandan sonra 16 sentyabrda, o cümlədən bu gün Bakı yollarının necə genişləndiyini, yol qırağında tikilən, hər yeri bürüyən, piyada yollarını belə zəbt edən göydələn və ticarət mərkəzlərinin qəfildən necə geri sürüşdüyü və prospekt-küçələrin bir anda boşaldığını, heç bir tıxac və ya sıxlığın olmadığını müşahidə etdik. Doğrudur, insanlar işə gəlmək üçün 2 saat tez durmağa və 3 marşrut dəyişməyə məcbur olurlar. Ancaq bütün bunlar xalqın sağlamlığı, aktivliyi üçündür: tezdən durmaq sağlamlığın rəhnidir, üstəlik, o avtobusdan düşüb buna minməklə idman edirik və bu da ömrümüzü uzadır.

Bu qədər qayğımıza qaldığı üçün Mirkişiliyə minnətdarıq.

Hələ metro... Qətiyyən gecikmələr-zad olmur – bəzən vaqonun qapısının bağlanıb-bağlanmadığından şübhələnir maşinist və depoya gedəsi olur, bəzən vicdansız sərnişinlər utanıb-qızarmadan vaqonun qapısını tutub saxlayırlar, bağlanmağa qoymurlar. Buna görə xırdaca – 4-5 dəqiqəlik fasilə yaranır ki, bu da “fasilə”dir, gecikmə-zad deyil. Sərnişinlərdən niyə vaqonun qapısını bağlanmağa qoymadıqlarını soruşanda arsız-arsız deyirlər ki, bəs, işə gecikirik, vaqona girmək istəyirik, içəridə də yer yox!

Ayıbdır, vallah! Əvvəla, vaqona girməzlər, minərlər. İkincisi, içəri keçməyə yer yoxdursa, qalx qatarın üstünə, arxasınca qaç, tunellə yürü də - bu qədər geniş şərait olduğu halda qapıdan niyə sallaşırsan ki?

Bütün günah sərnişinlərdədir – hamı eyni vaxtda işə, həm də metro ilə getməyə çalışır. Niyə tezdən durub, piyada işə getməyə tənbəllik edirlər, anlamaq olmur.

Daha bir günah əhalinin sayının sürətlə artması idi ki, şükür, bunun da öhdəsindən digər nazirimizin sayəsində gəlirik. Hazırda əhalinin sosial müdafiəsi istiqamətində həyata keçirilən möhtəşəm tədbirlər sayəsində artım xeyli azalıb – təsadüfən cənab nazirimiz deməmişdi ki, xalqın artım sürəti çoxdur.

O boyda sabiq nazir, çox hörmətli Fikrət Yusifov da bəyan edir ki, uşaqpulu yalnız əhali artımı az olan ölkələrdə tətbiq edilir, bizdə əhali sayında artım azalsa da, azalma gözləniləndən daha zəif gedir və ona görə də bu istiqamətdə tədbirlər görülmür. Allah qoymasa, 10-15 ildən sonra metroya minənlərin sayı kəskin azalar...

Tədbirlərin davam etdirilməsi üçün qət-təzə parlamentə çağırış edirəm və əminəm ki, yollarımızın daha da tıxacsız olması üçün növbəti tədbirlər həyata keçiriləcək, taksilərə yeni tələblər qoyulacaq və onların sayı bir neçə dəfə də azaldılacaq.

Xahişim isə odur ki, metro tunellərində avtobus zolaqlarının çəkilməsi imkanı da yaradılsın!

Tarix
2024.09.18 / 12:52
Müəllif
Şeyx Teymur
Şərhlər
Digər xəbərlər

Prezident bu yolda aparılan işlərlə tanış oldu

Tiflis qadağan etdi, Bakıda isə LGBT reklamı ola bilər

"Dqr"i siz ləğv etdiniz, siz mif yaydınız... - Papoyan

Televizordan bizi izləyə, maşını idarə edə bilərlər: Necə qorunaq?

İrəvanın antiterror əməliyyatı açıqlamasına Bakıdan cavab!

Erməni kəşfiyyatçı gizli şəkildə Bakıya gəlib?

Separatçılar toplanır: Bakıya qarşı növbəti təxribat...

NK 6 günlük istirahət elan etdi: Niyə “şənbələr” çəkildi?

Azərbaycan Ordusu 23 saat 48 dəqiqəyə... - Polkovnik

Antiterror tədbirləri Azərbaycanın hüququ idi

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla