21:36
Prezident İlham Əliyev "Ərzaq məhsullarının tədarükü və
təchizatı" Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında sərəncam
imzalayıb.
Axar.az xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı
məlumat yayıb.
Sərəncamda qeyd edilir: Kənd təsərrüfatı məhsullarının
istehsalını və (və ya) emalını stimullaşdırmaq, kənd təsərrüfatı
məhsulları istehsalçılarının inkişafını təmin etmək, ərzaq
məhsullarının keyfiyyətini daha da artırmaq, dövlət vəsaitlərindən
səmərəli istifadəni təmin etmək, regionlarda kənd təsərrüfatı ilə
məşğul olan əhalinin sosial rifahının yaxşılaşdırılmasına zəmin
yaratmaq, dövlət sifarişi ilə ərzaq məhsullarının satın alınmasının
mərkəzləşdirilmiş qaydada həyata keçirilməsini təmin etmək məqsədi
ilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin
32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin
tabeliyində "Ərzaq məhsullarının tədarükü və təchizati" Açıq
Səhmdar Cəmiyyəti yaradılsın (bundan sonra – Cəmiyyət).
2. Müəyyən edilsin ki, Cəmiyyətin əsas məqsədi ərzaq
məhsullarının istehsalçılarından və satıcılarından belə məhsulları
almaq və tədarük edərək satınalan təşkilatlara təqdim etməkdir.
3. Cəmiyyətdə ümumi yığıncağın səlahiyyətlərinin həyata
keçirilməsi aşağıdakı dövlət orqanlarına həvalə edilsin:
3.1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:
3.1.1. Cəmiyyətin Nizamnaməsinin və strukturunun təsdiqi,
nizamnamə kapitalının miqdarının müəyyən edilməsi;
3.1.2. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin
təklifləri əsasında Cəmiyyətin inkişaf istiqamətlərinin
müəyyənləşdirilməsi;
3.1.3. Cəmiyyətin xalis aktivlərinin dəyərinin iyirmi beş
faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin),
eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri
Cəmiyyətin aktivlərinin beş faizini və daha çox hissəsini təşkil
edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi;
3.2. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı
Nazirliyinə:
3.2.1. Cəmiyyətin illik hesabatlarının, mühasibat balanslarının,
mənfəət və zərər hesablarının təsdiq edilməsi, mənfəətinin və
zərərinin bölüşdürülməsi;
3.2.2. müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri
Cəmiyyətin aktivlərinin beş faizədək hissəsini təşkil edən əqdin
bağlanması haqqında qərar qəbul edilməsi;
3.2.3. Cəmiyyətin işçilərinin say həddinin, əməkhaqqı sisteminin
müəyyən olunması və xərclər smetasının təsdiq edilməsi;
3.2.4. bu Sərəncamın 4.2-ci bəndi nəzərə alınmaqla, Cəmiyyətin
müşahidə şurasının və idarə heyətinin üzvlərinin vəzifəyə təyin və
vəzifədən azad edilməsi;
3.2.5. Cəmiyyətin idarə, filial və nümayəndəliklərinin, habelə
törəmə cəmiyyətlərinin rəhbərlərinin vəzifəyə təyin və vəzifədən
azad edilməsinə razılıq verilməsi;
3.2.6. bu Sərəncamda qeyd edilənlər istisna olmaqla, Azərbaycan
Respublikasının Mülki Məcəlləsi ilə ümumi yığıncağın
səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli;
3.3. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət
Komitəsinə:
3.3.1. Cəmiyyətin nümayəndəlik və filiallarının yaradılmasına və
ya ləğvinə, törəmə cəmiyyətlərinin yaradılmasına, yenidən təşkilinə
və ya ləğvinə razılıq verilməsi.
4. Müəyyən edilsin ki:
4.1. Cəmiyyətdə müşahidə şurası və idarə heyəti yaradılır;
4.2. Cəmiyyətin müşahidə şurasının və idarə heyəti sədrlərinin
və onların müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi,
habelə onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi
Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata
keçirilir;
4.3. Cəmiyyətin yenidən təşkili və ləğvi Azərbaycan
Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.
5. Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan
Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Cəmiyyətin dövlət
qeydiyyatına alınması üçün tədbirlər görsünlər.
6. Cəmiyyətə tapşırılsın ki:
6.1. dövlət qeydiyyatına alındıqdan sonra səhmlərinin 49
faizinin fond birjasında digər investorlara təklif edilməsi və
bununla əlaqədar olaraq zəruri sənədlərin, o cümlədən emissiya
prospektinin hazırlanması üçün tədbirlər görsün;
6.2. Cəmiyyətin səhmlərinin investorlara təqdim edilməsindən
əldə olunan vəsaitin cəmiyyətin nizamnamə kapitalının 49 faizi
həcmində olan hissəsinin dövlət büdcəsinə ödənilməsini təmin
etsin.
7. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
7.1. Cəmiyyətin Nizamnaməsini və strukturunu bir ay müddətində
Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdıraraq təsdiq
etsin;
7.2. Cəmiyyətin nizamnamə kapitalının formalaşdırılması üçün bir
ay müddətində dövlət büdcəsindən zəruri maliyyə vəsaitinin
ayrılması məsələsini həll etsin;
7.3. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu
Sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay
müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin;
7.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ
hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
7.5. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və
bunun icrası barədə üç ay müddətində Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
7.6. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
8. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ
xarakterli aktların bu Sərəncama uyğunlaşdırılmasını təmin edib
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
***
İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti
yanında Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılması və
fəaliyyətinin təşkili haqqında fərman imzalayıb.
Fərmanda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 5-ci və 32-ci bəndlərini rəhbər tutaraq,
Azərbaycan Respublikası vətəndaşlarının yaşayış sahələrinə olan
ehtiyacını ödəmək, onların mənzil-məişət şəraitini yaxşılaşdırmaq,
müasir memarlıq üslubunda ekoloji və enerji səmərəliliyi
tələblərinə cavab verən çoxmənzilli binaların tikilməsini təmin
etmək, habelə bununla bağlı şəhərsalma və tikinti sahələrində
dövlət idarəetməsini təkmilləşdirmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı
Dövlət Agentliyi yaradılsın.
2. "Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı
Dövlət Agentliyi haqqında Əsasnamə" təsdiq edilsin (əlavə
olunur).
3. "Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı
Dövlət Agentliyinin strukturu" təsdiq edilsin (əlavə olunur).
4. Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı
Dövlət Agentliyinin işçilərinin ümumi say həddi 60 ştat vahidi
müəyyən edilsin.
5. Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı
Dövlət Agentliyinin tabeliyində "MİDA" Məhdud Məsuliyyətli
Cəmiyyəti yaradılsın.
6. Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı
Dövlət Agentliyinin tabeliyində "MİDA" Məhdud Məsuliyyətli
Cəmiyyətinin Nizamnaməsi təsdiq edilsin (əlavə olunur).
7. Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı
Dövlət Agentliyinin tabeliyində "MİDA" Məhdud Məsuliyyətli
Cəmiyyətinin Nizamnaməsinin təsdiq edilməsi və nizamnamə
kapitalının müəyyən edilməsi, habelə Cəmiyyətin yenidən təşkili və
ləğvi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata
keçirilir.
8. Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı
Dövlət Agentliyinin tabeliyində "MİDA" Məhdud Məsuliyyətli
Cəmiyyətinin ümumi yığıncağının səlahiyyətlərinin həyata
keçirilməsi aşağıdakı dövlət orqanlarına həvalə edilsin:
8.1. Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil
İnşaatı Dövlət Agentliyinə:
8.1.1. Cəmiyyətin strukturunun, işçilərinin say həddinin,
əməkhaqqı sisteminin müəyyən olunması və xərclər smetasının təsdiq
edilməsi;
8.1.2. Cəmiyyətin tabeliyində hüquqi şəxs statuslu qurumların
(törəmə və asılı cəmiyyətlərin) yaradılması, yenidən təşkili və ya
ləğv edilməsi;
8.1.3. Cəmiyyətin icra orqanlarının yaradılması, onların
səlahiyyətlərinin müəyyənləşdirilməsi və səlahiyyətlərinə vaxtından
əvvəl xitam verilməsi;
8.1.4. Cəmiyyətin icra orqanının rəhbərinin, onun müavinlərinin,
nümayəndəlik və filiallarının, həmçinin tabeliyindəki qurumların
rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;
8.1.5. Cəmiyyətin müşahidə şurasının seçilməsi;
8.1.6. Cəmiyyətin inkişaf istiqamətlərinin
müəyyənləşdirilməsi;
8.1.7. Cəmiyyətin illik hesabatlarının, mühasibat balanslarının,
mənfəət və zərər hesablarının təsdiq edilməsi, mənfəətinin və
zərərinin bölüşdürülməsi;
8.1.8. müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri
Cəmiyyətin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən
əqdin bağlanması haqqında qərar qəbul edilməsi;
8.1.9. bu Fərmanda qeyd edilənlər istisna olmaqla, Azərbaycan
Respublikasının Mülki Məcəlləsi ilə ümumi yığıncağın
səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həll edilməsi.
8.2. Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil
İnşaatı Dövlət Agentliyinin təklifləri əsasında Azərbaycan
Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə - Cəmiyyətin
nümayəndəlik və filiallarının yaradılmasına və ya ləğvinə razılıq
verilməsi hissəsində.
9. Müəyyən edilsin ki:
9.1. "MİDA" Məhdud Məsuliyyətli Cəmiyyətinin vəsaiti hesabına
inşa edilən çoxmənzilli binaların podratçıları "Dövlət
satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanunu ilə
müəyyən edilmiş qaydada müsabiqə yolu ilə seçilir;
9.2. "MİDA" Məhdud Məsuliyyətli Cəmiyyətinin vəsaiti hesabına
inşa edilən çoxmənzilli binaların podratçılarına tamamlanmış işlər
üzrə ödənişin həyata keçirilməsinə yol verilən tikinti işlərinin
mərhələlərini və ödəniş şərtlərini Azərbaycan Respublikasının
Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi
müəyyənləşdirir.
9.3. "MİDA" Məhdud Məsuliyyətli Cəmiyyətinin vəsaiti hesabına
inşa edilən çoxmənzilli binaların tikinti işlərini aparacaq
podratçılarla bağlanacaq müqavilənin yerinə yetirilməsinin təminatı
məqsədi ilə işin smeta üzrə dəyəri nəzərə alınmaqla, Azərbaycan
Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi
tərəfindən müəyyən edilən və podratçılarla bağlanılan müqavilədə
əks olunan məbləğdə bank zəmanəti tələb edilir.
10. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
10.1. ərazi zonalaşdırılması və ərazi planlaşdırılması
baxımından yaşayış zonalarına (həyətyanı sahələri olan fərdi
yaşayış və bağ evlərinin tikintisi üçün nəzərdə tutulan ərazilər
istisna olmaqla) və ictimai-işgüzar zonalara aid edilən, hüquqi və
fiziki şəxslərin istifadəsində və ya icarəsində olmayan dövlət
mülkiyyətindəki torpaq sahələrinin Azərbaycan Respublikasının
Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin müraciəti
əsasında "MİDA" Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamına
verilməsini təmin etsin;
10.2. xüsusi və ya bələdiyyə mülkiyyətində olan və ərazi
zonalaşdırılması və ərazi planlaşdırılması baxımından yaşayış
zonalarına və ictimai-işgüzar zonalara aid edilən torpaq
sahələrinin mülki-hüquqi müqavilə əsasında dövlət büdcəsinin
vəsaiti hesabına dövlətin xeyrinə əldə edilərək "MİDA" Məhdud
Məsuliyyətli Cəmiyyətinin sərəncamına verilməsinin mümkünlüyünü
Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət
Agentliyinin təklifləri əsasında müəyyənləşdirsin;
10.3. "MİDA" Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamına
verilən torpaq sahələrində inşa ediləcək tikinti obyektlərinin
tikinti ərazisinədək mühəndis-kommunikasiya təminatı sisteminin və
xətlərinin Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil
İnşaatı Dövlət Agentliyinin müraciəti əsasında dövlət büdcəsinin
vəsaiti hesabına çəkilməsi üçün tədbirlər görsün;
10.4. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu
Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində
Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
10.5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ
hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını iki ay müddətində
təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
10.6. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və
bunun icrası barədə iki ay müddətində Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
10.7. Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil
İnşaatı Dövlət Agentliyinin fəaliyyətinin təşkili ilə bağlı müvafiq
yerin ayrılması, zəruri maliyyə və maddi-texniki təminat
məsələlərini həll etsin;
10.8. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
11. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi
"MİDA" Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamına verilən torpaq
sahələrinin Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil
İnşaatı Dövlət Agentliyinin müraciəti əsasında daşınmaz əmlakın
dövlət reyestrində və dövlət torpaq kadastrında qeydiyyatının
dövlət büdcəsinin vəsaiti hesabına aparılmasını təmin etsin.
12. Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı
Dövlət Agentliyi:
12.1. bu Fərmanın 10.1-ci bəndinə əsasən "MİDA" Məhdud
Məsuliyyətli Cəmiyyətinin sərəncamına verilmiş torpaq sahələrinə
aid müfəssəl plan olmadıqda, Azərbaycan Respublikasının Şəhərsalma
və Tikinti Məcəlləsinə uyğun olaraq həmin planları hazırlayaraq
təsdiq etsin;
12.2. "MİDA" Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamına
verilən torpaq sahələrində inşa edilən çoxmənzilli binalardan
vətəndaşların mənzilləri güzəştlərlə əldə etməsi qaydasına dair
təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının
Prezidentinə təqdim etsin.
13. Azərbaycan Respublikasının Vergilər Nazirliyinə, Azərbaycan
Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılsın ki,
bu Fərmana əsasən yaradılmış hüquqi şəxslərin dövlət qeydiyyatına
alınması ilə bağlı məsələləri aidiyyəti üzrə həll etsinlər.
14. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ
xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 aprel 2016-cı il.
Azərbaycan Respublikası Prezidentinin
2016-cı il 11 aprel tarixli Fərmanı ilə
təsdiq edilmişdir
Azərbaycan Respublikasının Prezidenti yanında
Mənzil İnşaatı Dövlət Agentliyi haqqında
ƏSASNAMƏ
1. Ümumi müddəalar
1.1. Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil
İnşaatı Dövlət Agentliyi (bundan sonra - Agentlik) Azərbaycan
Respublikasında çoxmənzilli yaşayış binalarının və digər tikinti
obyektlərinin tikintisini təşkil edən, Azərbaycan Respublikası
vətəndaşlarının güzəştlə mənzil əldə etmələrinə şərait yaradan,
çoxmənzilli yaşayış binalarının tikintisi üçün ayrılan maliyyə
vəsaitlərindən səmərəli istifadə edilməsini təşkil və təmin edən,
habelə bununla əlaqədar şəhərsalmanın planlaşdırılması,
layihələndirilməsi və arxitektura sahələrində (bundan sonra -
müvafiq sahədə) dövlət siyasətini və tənzimləməsini həyata keçirən
mərkəzi icra hakimiyyəti orqanıdır.
1.2. Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının
Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını,
Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını,
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və
sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur.
1.3. Agentlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını
həyata keçirərkən Azərbaycan Respublikasının mərkəzi və yerli icra
hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları, beynəlxalq
və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət
göstərir.
1.4. Agentliyin müstəqil balansı, istifadəsində olan dövlət
əmlakı, xəzinə və bank hesabları, üzərində Azərbaycan Respublikası
Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürü, müvafiq
ştampları və blankları vardır.
1.5. Agentliyin saxlanma xərcləri və fəaliyyəti, habelə
maddi-texniki təminatı Azərbaycan Respublikasının dövlət büdcəsi və
qanunla nəzərdə tutulmuş digər mənbələr hesabına
maliyyələşdirilir.
1.6. Agentlik Bakı şəhərində yerləşir.
2. Agentliyin fəaliyyət istiqamətləri
2.0. Agentlik aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:
2.0.1. müvafiq sahədə vahid dövlət siyasətinin formalaşmasında
iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir;
2.0.2. müvafiq sahənin inkişafını təmin edir;
2.0.3. müvafiq sahədə normayaratma fəaliyyətini həyata
keçirir;
2.0.4. tabeliyində olan hüquqi şəxsin sərəncamına verilmiş və
fəaliyyəti nəticəsində əldə etdiyi əmlakı səmərəli idarə etməklə
vətəndaşların yaşayış sahələrinə ehtiyacının güzəştli qaydada
ödənilməsini və mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün
müasir memarlıq üslubunda ekoloji və enerji səmərəliliyi
tələblərinə cavab verən çoxmənzilli binaların inşasını təşkil
edir;
2.0.5. investisiyaların təşviqi və cəlb edilməsi ilə tabeliyində
olan hüquqi şəxsin sərəncamına verilmiş torpaq sahələrində
çoxmənzilli binaların, habelə yaşayış zonalarında, ictimai-işgüzar
zonalarda tikintisi nəzərdə tutulan digər tikinti obyektlərinin
inşasını təşkil edir;
2.0.6. şəhərlərin, onların ətrafında tarixən təşəkkül tapmış
yaşayış məskənlərinin təbii və yerli xüsusiyyətləri nəzərə
alınmaqla, onların ərazilərindən səmərəli istifadə edilməsini,
habelə şəhərsalma və milli memarlıq ənənələrinin (irsinin) qorunub
saxlanılmasını aidiyyəti icra hakimiyyəti və yerli özünüidarəetmə
orqanları ilə birlikdə təmin edir;
2.0.7. tikinti obyektlərinin və onların komplekslərinin memarlıq
planlaşdırma və layihələndirmə həllinin səviyyəsinin
yüksəldilməsini təmin edir;
2.0.8. tabeliyində olan hüquqi şəxsin sərəncamında olan
torpaqlarda tikinti obyektlərinin tikintisinə və istismarına
icazələr verir;
2.0.9. tabeliyində olan hüquqi şəxsin sifarişi əsasında və
mənzilləri güzəştli qaydada vətəndaşlara satılmaq üçün inşa edilmiş
çoxmənzilli binaların Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə
uyğun olaraq idarə edilməsini təşkil edir;
2.0.10. vahid informasiya sistemi yaradır və onun fəaliyyətini
təmin edir.
3. Agentliyin vəzifələri
3.0. Agentlik bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət
istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə
yetirir:
3.0.1. müvafiq sahədə normayaratma fəaliyyətindən irəli gələn
vəzifələri həyata keçirir;
3.0.2. dövlət proqramlarının və inkişaf konsepsiyalarının həyata
keçirilməsini təmin edir;
3.0.3. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq
müqavilələrin həyata keçirilməsini təmin edir;
3.0.4. qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq sahədə
dövlət nəzarətini həyata keçirir;
3.0.5. tabeliyində olan hüquqi şəxsin sərəncamına verilmiş
torpaq sahələrinin əhatə etdiyi ərazilərin (ərazi hissələrinin)
müfəssəl planlarının sifarişçisi qismində çıxış edir, onların
hazırlanması və təsdiq olunması barədə qərar qəbul edir və bu
planların həyata keçirilməsinin monitorinqini aparır;
3.0.6. tabeliyində olan hüquqi şəxsin sərəncamına verilmiş və
fəaliyyəti nəticəsində əldə etdiyi əmlakı səmərəli idarə etməklə,
vətəndaşların yaşayış sahələrinə olan ehtiyacının güzəştli qaydada
ödənilməsini və mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün
müasir memarlıq üslubunda, ekoloji və enerji səmərəliliyi
tələblərinə cavab verən çoxmənzilli binaların inşası və həmin
binaların tikinti işlərinin maliyyələşdirilməsi məqsədi ilə
tədbirlər görür;
3. 0.7. milli və tarixi irsin, memarlıq abidələrinin,
təbii-mədəni landşaftın, digər qoruq ərazilərinin saxlanılması,
mühafizəsi və zənginləşdirilməsi məqsədi ilə aidiyyəti dövlət
orqanları və özünüidarəetmə orqanları ilə birlikdə tədbirlər
görür;
3.0.8. aidiyyəti dövlət orqanları və yerli özünüidarəetmə
orqanları ilə birlikdə şəhər və rayonlarda aparılan abadlıq
işlərində, yeni inşa olunan obyektlərdə estetik gözəlliyi,
müasirliyi, milli memarlıq üslubunu təmin edir;
3.0.9. investisiyaları təşviq və cəlb etməklə, tabeliyində olan
hüquqi şəxsin sərəncamına verilmiş torpaq sahələrində çoxmənzilli
binaların, habelə yaşayış zonalarında, ictimai-işgüzar zonalarda
tikintisi nəzərdə tutulan digər tikinti obyektlərinin inşası üçün
tədbirlər görür;
3.0.10. mənzilləri güzəştli qaydada satılması nəzərdə tutulan
çoxmənzilli binaların tikintisinin maliyyələşdirilməsi məqsədi ilə
Azərbaycan Respublikasının Prezidentinə əsaslandırılmış təkliflər
təqdim edir;
3.0.11. tabeliyində olan hüquqi şəxsin sərəncamına verilmiş
torpaq sahələrində inşa ediləcək tikinti obyektlərinin tikinti
ərazisinədək mühəndis-kommunikasiya təminatı sisteminin və
xətlərinin çəkilməsi üçün Azərbaycan Respublikasının Nazirlər
Kabinetinə müraciət edir;
3.0.12. tabeliyində olan hüquqi şəxs tərəfindən onun sərəncamına
verilmiş torpaq sahələrinin investisiya müsabiqələri vasitəsilə
həmin torpaq sahəsində müvafiq tikinti layihəsi əsasında tikinti
obyektinin inşasını öhdəsinə götürmüş investorun ümumi birgə və ya
paylı mülkiyyətinə keçməsini, yaxud bununla əlaqədar onun xeyrinə
yüklü edilməsini nəzərdə tutan digər əqdlərin həmin hüquqi şəxsin
Nizamnaməsində nəzərdə tutulan məqsədlərə uyğunluğunu müəyyən edir
və uyğun olduqda, həmin əqdlərin bağlanmasına razılıq verir;
3.0.13. tabeliyində olan hüquqi şəxs tərəfindən onun
sərəncamında olan, habelə fəaliyyəti nəticəsində əldə etdiyi
daşınar əmlak, eləcə də bina və qurğulardan ibarət daşınmaz əmlak
üzərində sərəncam verilməsi barədə əqdlərin həmin hüquqi şəxsin
Nizamnaməsində nəzərdə tutulan məqsədlərə uyğunluğunu müəyyən edir
və uyğun olduqda, həmin əqdlərin bağlanmasına razılıq verir;
3.0.14. tabeliyində olan hüquqi şəxsin sərəncamında olan
torpaqlarda inşa edilən tikinti obyektlərinin tikintisinə və
istismarına icazələr verir;
3.0.15. tabeliyində olan hüquqi şəxsin sərəncamına verilmiş
torpaq sahələrində aparılmış mühəndis-axtarış işlərinin
nəticələrinə dair aidiyyəti dövlət orqanlarında aktual məlumat
olmadığı hallarda həmin işlərin yerinə yetirilməsini təşkil
edir;
3.0.16. tabeliyində olan hüquqi şəxsin sərəncamında olan
torpaqlara aid müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi
hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı
məqsədləri üçün tikinti layihələrinin onların həyata
keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara
və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması
zamanı nəzərə alınan tələblərə uyğunluğunu müəyyən edir, şəhərsalma
əsaslandırılmasını təsdiq edir;
3.0.17. tabeliyində olan hüquqi şəxsə onun sərəncamına verilmiş
torpaq sahələrində tikinti işlərinin aparılması məqsədi ilə
seçilmiş podratçılarla podrat müqaviləsi bağlamağa razılıq
verir;
3.0.18. malların (işlərin və xidmətlərin) satın alınması zamanı
"Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun
tələblərinə riayət olunmasını təmin edir;
3.0.19. mənzilləri güzəştli qaydada vətəndaşlara satılması üçün
tabeliyində olan hüquqi şəxsin sifarişi əsasında inşa edilmiş
çoxmənzilli binaların Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə
uyğun olaraq idarə edilməsi üçün tədbirlər görür;
3.0.20. vətəndaşların yaşayış sahələrinə ehtiyacının ödənilməsi
və mənzil-məişət şəraitinin yaxşılaşdırılması üzrə təkliflər
verir;
3.0.21. tabeliyində olan hüquqi şəxsin sərəncamına verilmiş
torpaq sahələrini əhatə edən ərazidə abadlaşdırma barədə qərarı
təsdiq edir;
3.0.22. məskunlaşmış ərazilərin mövcud təbii və geoloji
şəraitinin yararlı olması nəzərə alınmaqla, onların inkişaf
istiqamətlərinin və memarlıq-planlaşdırma strukturlarının müəyyən
olunmasında iştirak edir;
3.0.23. müvafiq sahədə qanunvericiliyin tələblərinə uyğun
standart, norma və qaydaların hazırlanmasını təmin edir;
3.0.24. müvafiq sahədə layihələrin xərclər smetaları üçün
normativ bazanın yaradılmasında iştirak edir;
3.0.25. müvafiq qaydada dövlət büdcəsində bu məqsədlər üçün
nəzərdə tutulmuş vəsaitlər çərçivəsində yaşayış məntəqələrinin
müfəssəl planlaşdırma, layihə və elmi tədqiqat işlərini yerinə
yetirir, müvafiq sahə üzrə məqsədli və elmi-texniki proqramların
hazırlanmasında və həyata keçirilməsində iştirak edir;
3.0.26. məskunlaşma ərazilərinin və sistemlərinin təhlükəli
təbii proseslərdən və hadisələrdən mühafizəsi üçün aidiyyəti dövlət
orqanları ilə birlikdə tədbirlərin hazırlanmasında iştirak
edir;
3.0.27. tikilməkdə və istismarda olan bina və qurğularda qəza
vəziyyəti yarandığı hallarda aidiyyəti dövlət orqanları ilə
birlikdə onun səbəblərinin araşdırılması və bərpa işləri üçün
tədbirlərin hazırlanmasında iştirak edir;
3.0.28. əhalinin müvafiq sahədə hüquqlarının həyata
keçirilməsini təmin edir və onların pozulmasının qarşısını
alır;
3.0.29. şəhərsalma sahəsində infrastrukturun yaradılmasında və
inkişafında iştirak edir;
3.0.30. yerli icra hakimiyyəti və özünüidarəetmə orqanları ilə
birlikdə şəhərlərin və digər yaşayış məskənlərinin kompleks
inkişafı məqsədi ilə onların mühəndis təminatı, nəqliyyat və
kommunikasiya infrastrukturunun (qurğuların və şəbəkələrin)
yaradılmasında iştirak edir;
3.0.31. müvafiq sahənin inkişafını kompleks təhlil edir və onun
davamlı inkişafını təmin etmək üçün təkliflər hazırlayır;
3.0.32. Agentliyin ehtiyacları üçün işlərin yerinə yetirilməsi,
xidmətlər göstərilməsi, mal və materialların alınması, həmçinin
müvafiq sahədə dövlət ehtiyaclarının ödənilməsi üçün layihə və elmi
tədqiqat işlərinin aparılması məqsədi ilə nəzərdə tutulmuş
vəsaitlər çərçivəsində, qanunvericiliklə müəyyən olunmuş qaydada
müsabiqələr keçirir və müqavilələr bağlayır;
3.0.33. müvafiq sahədə layihələndirilmə prosesində müəssisə və
təşkilatlar arasında baş verən fikir ayrılığını araşdırır və
müvafiq qərar qəbul edir;
3.0.34. qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, müvafiq
sahədə elmi-texniki nailiyyətlərin tətbiqini təmin edir və bu
məqsədlə müvafiq sərgi, seminar və konfranslar keçirir;
3.0.35. müvafiq sahədə Agentliyə ayrılan büdcə vəsaitindən,
kredit, qrant və digər maliyyə vəsaitlərindən təyinatı üzrə
səmərəli istifadə olunmasını təmin edir;
3.0.36. qanunvericiliyə uyğun olaraq dövlət sirrinin və məxfilik
rejiminin qorunması üçün zəruri tədbirlər, habelə fəaliyyət
istiqamətlərinə uyğun təhlükəsizlik tədbirləri görür;
3.0.37. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını,
tabeliyində olan və sərəncamına torpaq sahələri verilmiş hüquqi
şəxs tərəfindən həmin torpaq sahəsində fəaliyyəti ilə bağlı
məlumatları əks etdirən hesabatın ictimaiyyətə açıqlanmasını,
internet saytının yaradılmasını, malik olduğu və siyahısı
qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai
informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın
daim yenilənməsini təmin edir;
3.0.38. müvafiq sahədə kadr hazırlığını təmin edir, həmçinin
mütəxəssislərin hazırlanması və əlavə təhsili üçün tədbirlər
görür;
3.0.39. Agentliyin strukturunun və fəaliyyətinin
təkmilləşdirilməsi istiqamətində öz səlahiyyətləri daxilində
tədbirlər görür;
3.0.40. Agentliyin fəaliyyəti ilə bağlı daxil olan ərizə və
şikayətlərə baxır və qanunvericiliklə müəyyən edilmiş qaydada
tədbirlər görür;
3.0.41. Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi
digər vəzifələri yerinə yetirir.
4. Agentliyin hüquqları
4.0. Agentlik öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı
hüquqları həyata keçirir:
4.0.1. müvafiq sahəyə aid olan qanunvericilik aktlarının
layihələrini hazırlayır və ya onların hazırlanmasında iştirak
edir;
4.0.2. müvafiq sahə üzrə Azərbaycan Respublikasının beynəlxalq
müqavilələrə tərəfdar çıxması barədə təşəbbüslə çıxış edir;
4.0.3. ümumi və baş planlarda dəyişikliklər edilməsi tələb
olunduğu hallarda bu dəyişikliklərə dair təkliflər verir;
4.0.4. müvafiq sahənin inkişafı ilə bağlı hazırlanmış normativ
hüquqi aktların layihələrinə rəy verir;
4.0.5. fəaliyyət istiqamətlərinə uyğun digər rəylər verir,
təhlillər və ümumiləşdirmələr aparır, analitik materiallar
hazırlayır, elmi tədqiqat işləri aparır və müvafiq təkliflər
verir;
4.0.6. şəhərsalma ilə bağlı qanunvericiliyin pozulması halları
aşkar edildikdə tədbirlər görür;
4.0.7. qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq
beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət
orqanları (qurumları) ilə əməkdaşlıq edir, xarici dövlətlərin
müvafiq təcrübəsini öyrənir;
4.0.8. müvafiq sahə üzrə dövlət və yerli özünüidarəetmə
orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər)
barədə sorğu verir və onlardan belə məlumatları (sənədləri)
alır;
4.0.9. müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə
müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb edir;
4.0.10. müvafiq sahənin elmi-texniki informasiya təminatını
yaxşılaşdırmaq üçün bu məqsədlə nəzərdə tutulmuş vəsaitlər
dairəsində qanunvericiliklə müəyyən edilmiş qaydada normativ
sənədlər bazası, informasiya şəbəkəsi yaradır, xüsusi bülletenlər
və digər nəşrlər buraxır və onlardan istifadə edir;
4.0.11. müvafiq sahə üzrə normativ sənədləri bu məqsəd üçün
nəzərdə tutulmuş vəsaitlər həcmində nəşr etdirir;
4.0.12. müvafiq sahədə norma, qayda və standartların tətbiqi ilə
bağlı öz səlahiyyətləri daxilində məsləhət və şərhlər verir;
4.0.13. tabeliyində olan qurumların fəaliyyətini təhlil və
müzakirə edir, müvafiq qaydada aidiyyəti üzrə qərarlar qəbul
edir;
4.0.14. Azərbaycan Respublikası Prezidentinin aktları ilə
müəyyən edilmiş digər hüquqları həyata keçirir.
5. Agentliyin fəaliyyətinin təşkili
5.1. Agentliyin aparatı, onun strukturuna daxil olan qurumlar və
strukturuna daxil olmayan tabeliyindəki digər qurumlar (hüquqi
şəxslər, təşkilatlar və sair), Agentliyin vahid sistemini təşkil
edir. Agentlik öz fəaliyyətini bilavasitə və həmin qurumlar
vasitəsilə həyata keçirir.
5.2. Agentliyin strukturu, Agentliyin aparatının və strukturuna
daxil olan qurumların işçilərinin ümumi say həddini Azərbaycan
Respublikasının Prezidenti müəyyən edir. Agentliyin strukturuna
daxil olmayan tabeliyindəki digər qurumların (hüquqi şəxslərin,
təşkilatların və sair) siyahısını Azərbaycan Respublikasının
Nazirlər Kabineti təsdiq edir.
5.3. Agentliyin fəaliyyətinə Azərbaycan Respublikasının
Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən
direktor rəhbərlik edir. Direktor Agentliyə həvalə olunmuş
vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi
üçün şəxsən məsuliyyət daşıyır.
5.4. Direktorun Azərbaycan Respublikasının Prezidenti tərəfindən
vəzifəyə təyin və vəzifədən azad olunan iki müavini vardır.
Direktor müavinləri onlara direktorun həvalə etdiyi vəzifələri
yerinə yetirirlər və bunun üçün şəxsən məsuliyyət daşıyırlar.
5.5. Direktor:
5.5.1. Agentliyin fəaliyyətini təşkil edir və ona rəhbərlik
edir;
5.5.2. müavinləri arasında vəzifə bölgüsü aparır, onların,
habelə Agentliyin digər vəzifəli şəxslərinin ştat, kadr, maliyyə,
təsərrüfat və digər məsələlər üzrə səlahiyyətlərini müəyyənləşdirir
və qarşılıqlı fəaliyyətini təmin edir;
5.5.3. Agentliyin aparatının struktur bölmələrinin, strukturuna
daxil olan qurumların (əsasnamələri Azərbaycan Respublikasının
Prezidenti tərəfindən təsdiq edilən qurumlar istisna olmaqla) və
elmi-texniki şurasının əsasnamələrinin təsdiqi barədə, həmçinin bu
Əsasnamənin 5.11-ci bəndində Agentliyin kollegiyasının
səlahiyyətlərinə aid edilməmiş məsələlər barədə normativ hüquqi
aktları qərarlar formasında qəbul edir;
5.5.4. Agentliyin strukturuna daxil olmayan tabeliyindəki digər
qurumların (hüquqi şəxslərin, təşkilatların və sair)
nizamnamələrini təsdiq edilmək üçün müəyyən olunmuş qaydada təqdim
edir;
5.5.5. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin
say həddi daxilində Agentliyin aparatının, strukturuna daxil olan
qurumların və strukturuna daxil olmayan tabeliyindəki digər
qurumların strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı
daxilində onların xərclər smetasını təsdiq edir;
5.5.6. Agentliyin aparatının işçilərini, habelə Agentliyin
strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan
tabeliyindəki digər qurumların rəhbərlərini və onların müavinlərini
vəzifəyə təyin və vəzifədən azad edir;
5.5.7. Agentliyin aparatının işçiləri, habelə Agentliyin
strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan
tabeliyindəki digər qurumların rəhbərləri və onların müavinləri
barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;
5.5.8. əmr və sərəncamlar formasında qeyri-normativ hüquqi
aktlar qəbul edir və onların, habelə Agentlikdə qəbul edilmiş
normativ hüquqi aktların icrasını təşkil edir, yoxlayır və buna
nəzarəti həyata keçirir;
5.5.9. Agentliyin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan
qərarlarını ləğv edir;
5.5.10. Azərbaycan Respublikasının və xarici ölkələrin dövlət
orqanlarına, idarə, müəssisə və təşkilatlarına, hüquqi və fiziki
şəxslərinə, habelə beynəlxalq təşkilatlara münasibətdə Agentliyi
təmsil edir, danışıqlar aparır, verilmiş səlahiyyətlər daxilində
müvafiq beynəlxalq sənədləri imzalayır;
5.5.11. Agentliyə aid edilmiş məsələlər üzrə müvafiq il üçün
dövlət büdcəsinin və büdcədənkənar fondların formalaşdırılması ilə
bağlı təkliflər verir;
5.5.12. dövlət büdcəsindən ayrılmış vəsaitin səmərəli
xərclənməsini təmin edir;
5.5.13. Agentliyin aparatının işçilərinə, habelə Agentliyin
strukturuna daxil olan qurumların rəhbərlərinə və onların
müavinlərinə ixtisas dərəcələri verir.
5.6. Agentliyin strukturuna daxil olan qurumlar və strukturuna
daxil olmayan tabeliyindəki digər qurumlar onlara həvalə edilmiş
vəzifələrin yerinə yetirilməsi və funksiyaların həyata keçirilməsi
üçün birbaşa məsuliyyət daşıyırlar.
5.7. Direktor öz səlahiyyətlərinin bir hissəsinin həyata
keçirilməsini, yaxud vəzifələrinin müvəqqəti olaraq icrasını
müavinlərindən birinə tapşıra bilər.
5.8. Agentlikdə direktordan (kollegiyanın sədri), direktorun
müavinlərindən və Agentliyin rəhbər işçilərindən ibarət kollegiya
yaradılır. Agentliyin kollegiyasının tərkibinə həmçinin
mütəxəssislər və alimlər də daxil edilə bilər.
5.9. Agentliyin kollegiyası üzvlərinin sayını və tərkibini
Azərbaycan Respublikasının Prezidenti təsdiq edir.
5.10. Agentliyin kollegiyası öz iclaslarında Agentliyin
fəaliyyəti ilə bağlı məsələləri müzakirə edir və onlar haqqında
müvafiq qərarlar qəbul edir.
5.11. Agentliyin kollegiyası qərar formasında aşağıdakı normativ
hüquqi aktları qəbul edir:
5.11.1. Agentliklə digər şəxslər (qurumlar) arasında
münasibətləri tənzimləyən normativ hüquqi aktlar;
5.11.2. qəbul edilməsi Azərbaycan Respublikasının Prezidenti
tərəfindən Agentliyə tapşırılmış konkret normativ hüquqi
aktlar;
5.11.3. bir neçə dövlət orqanının fəaliyyətini tənzimləyən vahid
(birgə) normativ hüquqi aktlar;
5.11.4. qanunvericiliklə müəyyən edilmiş hallarda müvafiq dövlət
orqanları ilə razılaşdırılmalı olan normativ hüquqi aktlar;
5.11.5. direktorun təşəbbüsü ilə Agentliyin kollegiyasının
müzakirəsinə çıxarılan, bu Əsasnamənin 5.5.3-cü yarımbəndində
nəzərdə tutulmuş normativ hüquqi aktlar;
5.11.6. bu Əsasnamənin 5.11.1—5.11.5-ci yarımbəndlərinə uyğun
olaraq Agentliyin kollegiyasının qəbul etdiyi normativ hüquqi
aktların ləğvi və ya onlarda dəyişikliklər edilməsi barədə normativ
hüquqi aktlar.
5.12. Agentliyin kollegiyasının iclasları kollegiya üzvlərinin
yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Agentliyin
kollegiyasının qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul
edilir. Agentliyin kollegiyasının qərarı qəbul edilərkən səslər
bərabər olarsa, kollegiya sədrinin səsi həlledici hesab edilir.
5.13. Agentliyin kollegiyasının üzvləri arasında fikir ayrılığı
yarandığı hallarda direktor bu barədə Azərbaycan Respublikasının
Prezidentinə məlumat verərək, öz qərarını həyata keçirir.
Agentliyin kollegiyasının üzvləri şəxsi fikirlərini Azərbaycan
Respublikasının Prezidentinə çatdıra bilərlər.
5.14. Agentliyin kollegiyasının iclaslarına digər icra
hakimiyyəti orqanlarının və təşkilatların, habelə qeyri-hökumət
təşkilatlarının nümayəndələri dəvət edilə bilərlər.
5.15. Müvafiq sahədə elmi-texniki nailiyyətlərin və qabaqcıl
təcrübənin öyrənilməsi və həyata keçirilməsi üçün Agentlikdə
ictimai əsaslarla fəaliyyət göstərən elmi-texniki şura yaradıla
bilər.
Azərbaycan Respublikası Prezidentinin
2016-cı il 11 aprel tarixli Fərmanı ilə
təsdiq edilmişdir
Azərbaycan Respublikasının Prezidenti yanında
Mənzil İnşaatı Dövlət Agentliyinin
STRUKTURU
Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı
Dövlət Agentliyinin Aparatı.
Azərbaycan Respublikası Prezidentinin
2016-cı il 11 aprel tarixli Fərmanı ilə
təsdiq edilmişdir
"MİDA" Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsi
1. Ümumi müddəalar
1.1. "MİDA" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra –
Cəmiyyət) Azərbaycan Respublikasında çoxmənzilli yaşayış
binalarının tikintisinə rəvac vermək, Azərbaycan Respublikası
vətəndaşlarının güzəştlə mənzillər əldə etmələrinə şərait yaratmaq,
çoxmənzilli yaşayış binalarının tikintisi üçün ayrılan maliyyə
vəsaitlərindən səmərəli istifadə edilməsini təşkil və təmin etmək
məqsədi ilə yaradılmışdır.
1.2. Cəmiyyətin bütün payları dövlətə məxsusdur.
1.3. Cəmiyyət öz fəaliyyətində Azərbaycan Respublikasının
Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının mülki, torpaq,
mənzil, şəhərsalma və tikinti məcəllələrini və qanunlarını,
Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını,
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və
sərəncamlarını, digər normativ hüquqi aktları və bu Nizamnaməni,
habelə Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı
Dövlət Agentliyinin qərarlarını rəhbər tutur.
1.4. Cəmiyyət Azərbaycan Respublikasının Prezidenti yanında
Mənzil İnşaatı Dövlət Agentliyinin (bundan sonra - Agentlik)
tabeliyində fəaliyyət göstərir.
1.5. Cəmiyyətin rəsmi adı belədir:
1.5.1. tam halda – "MİDA" Məhdud Məsuliyyətli Cəmiyyəti;
1.5.2. qısaldılmış halda – "MİDA" MMC.
1.6. Cəmiyyət hüquqi şəxsdir, müstəqil balansı, banklarda
hesablaşma hesabı və digər hesabları vardır.
1.7. Cəmiyyətin ayrıca əmlakı vardır və öz öhdəlikləri üçün bu
əmlakla cavabdehdir. Cəmiyyət əqdlər bağlamaq, öz adından əmlak və
qeyri-əmlak hüquqları əldə etmək, həyata keçirmək, vəzifələr
daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna
malikdir.
1.8. Cəmiyyət üzərində Agentliyin və Cəmiyyətin adı göstərilmiş
möhürə, müvafiq ştamplara və blanklara malikdir.
1.9. Dövlət Cəmiyyətin öhdəlikləri üçün cavabdeh deyildir və
onun fəaliyyəti ilə bağlı zərər üçün Cəmiyyətə verdiyi əmlakın
dəyəri həddində risk daşıyır.
1.10. Cəmiyyət öz fəaliyyətini onun sərəncamına verilmiş torpaq
sahələrində və bağladığı mülki-hüquqi əqdlər əsasında əldə etdiyi
torpaq sahələrində həyata keçirir və həmin torpaq sahələrində
tikinti obyektlərinin tikintisini sifariş edir.
1.11. Cəmiyyət Bakı şəhərində yerləşir.
2. Cəmiyyətin fəaliyyətinin məqsədi və istiqamətləri
2.1. Cəmiyyətin fəaliyyətinin əsas məqsədi sərəncamına verilmiş,
bağladığı mülki-hüquqi əqdlər və fəaliyyəti əsasında əldə etdiyi
torpaq sahələrindən, habelə digər əmlakdan səmərəli istifadə
etməklə vətəndaşların yaşayış sahələrinə ehtiyacını güzəştli
qaydada ödəməkdən və mənzil-məişət şəraitini yaxşılaşdırmaqdan ötrü
müasir memarlıq üslubunda, ekoloji və enerji səmərəliliyi
tələblərinə cavab verən çoxmənzilli binaların tikilməsini təmin
etməkdir.
2.2. Cəmiyyət bu Nizamnamənin 2.1-ci bəndində göstərilən məqsədə
uyğun olaraq aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:
2.2.1. yaşayış zonalarında, ictimai-işgüzar zonalarda
çoxmənzilli binaların, habelə tikintisi nəzərdə tutulan digər
təyinatlı obyektlərin inşasını sifariş edir;
2.2.2. vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etmələri
üçün çoxmənzilli binaların inşası və həmin binaların
maliyyələşdirilməsi məqsədi ilə tədbirlər görür;
2.2.3. investisiyaların təşviqi və cəlb edilməsi üçün,
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-1-ci maddəsinin
tələbləri nəzərə alınmaqla, tikinti obyektlərini dəyəri birdəfəlik
ödənilməklə özgəninkiləşdirir, investisiya müsabiqələri vasitəsilə
torpaq sahəsinin müvafiq tikinti layihəsi əsasında həmin torpaq
sahəsində tikinti obyektinin inşasını öhdəsinə götürən investorun
ümumi birgə və ya paylı mülkiyyətinə keçməsini, onun xeyrinə yüklü
edilməsini nəzərdə tutan digər əqdlər bağlayır;
2.2.4. mənzilləri güzəştli qaydada vətəndaşlara satılması üçün
inşa edilmiş çoxmənzilli binaların Azərbaycan Respublikasının
Mənzil Məcəlləsinə uyğun olaraq idarə edilməsini təmin edir;
2.2.5. bu Nizamnamənin 4-cü hissəsində göstərilən məsələlərlə
bağlı vahid informasiya sistemi yaradır və onun fəaliyyətini təmin
edir.
3. Cəmiyyətin nizamnamə kapitalı və əmlakı
3.1. Cəmiyyətin nizamnamə kapitalı 10.000.000 (on milyon)
manatdır.
3.2. Cəmiyyətin əmlakı təsisçi tərəfindən ödənilən nizamnamə
kapitalından, ona təsisçi tərəfindən verilmiş digər əmlakdan,
fəaliyyət istiqamətlərinə uyğun olaraq sərəncamında olan əmlakın
özgəninkiləşdirilməsindən, göstərilən xidmətlərdən əldə edilən
daxilolmalardan və qanunla qadağan edilməyən digər vəsaitlərdən
formalaşır.
3.3. Cəmiyyətin sərəncamına verilmiş torpaq sahələri və digər
əmlak üzərində sahiblik, istifadə və sərəncam vermək hüquqları
Cəmiyyətə məxsusdur.
3.4. Cəmiyyət ona verilmiş əmlakdan yalnız bu Nizamnamədə
müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir.
3.5. Cəmiyyət sərəncamına verilmiş, habelə fəaliyyəti
nəticəsində əldə etdiyi torpaq sahələri və digər daşınmaz əmlak
üzərində Agentliyin razılığı ilə müstəqil qaydada sərəncam verə
bilər.
4. Cəmiyyətin idarə olunması
Cəmiyyət onun iştirakçılarının ümumi yığıncağı, Müşahidə Şurası
və İcra orqanı tərəfindən idarə olunur.
5. Cəmiyyətin ali idarəetmə orqanı
5.1. Cəmiyyətin ali idarəetmə orqanı onun iştirakçılarının ümumi
yığıncağıdır.
5.2. Cəmiyyətin iştirakçılarının ümumi yığıncağının
səlahiyyətlərinə aid edilmiş məsələlər bu Nizamnamənin təsdiq
edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına
uyğun olaraq həll edilir.
6. Müşahidə Şurası
6.1. Müşahidə Şurası Cəmiyyətin ümumi fəaliyyətinə nəzarət edir
və onu yoxlayır. Müşahidə Şurası, sədr və sədrin müavini daxil
olmaqla, 5 nəfər üzvdən ibarətdir. Müşahidə Şurasının sədri, onun
müavini və digər üzvləri Agentlik tərəfindən vəzifəyə təyin və
vəzifədən azad edilir. Müşahidə Şurası üzvlərinin səlahiyyət
müddəti 3 ildir.
6.2. Müşahidə Şurası aşağıdakı səlahiyyətləri həyata
keçirir:
6.2.1. Cəmiyyətin inkişaf perspektivləri barədə Agentliyə
məlumat verir;
6.2.2. direktorun və onun müavinlərinin fəaliyyətinə nəzarət
edir və onların fəaliyyətini yoxlayır;
6.2.3. Müşahidə Şurasının katibini vəzifəyə təyin və vəzifədən
azad edir;
6.2.4. Cəmiyyətin fəaliyyəti zamanı maraqlar münaqişəsinin
istisna olunmasının qayda və şərtlərini müəyyənləşdirir və onların
icrasına nəzarət edir;
6.2.5. Cəmiyyətin fəaliyyətinə dair daxili qaydaları, idarəetmə
prosedurlarını, habelə struktur bölmələrinin, strukturuna daxil
olan qurumların və tabeliyindəki digər qurumların (hüquqi
şəxslərin, təşkilatların və s.) əsasnamələrinin və nizamnamələrinin
təsdiqi barədə qərar qəbul edir;
6.2.6. daxili audit bölməsinin üzvlərini vəzifəyə təyin və
vəzifədən azad edir;
6.2.7. Cəmiyyətin kənar auditorunu təyin edir və audit
hesabatını qəbul edir;
6.2.8. illik hesabatlarını, mühasibat balanslarını, mənfəət və
zərər hesablarını Agentliyə təqdim edir.
7. Müşahidə Şurasının iclaslarının keçirilmə qaydası
7.1. Müşahidə Şurasının sədri onun iclaslarını üç ayda bir
dəfədən az olmayaraq çağırır və iclaslara sədrlik edir.
7.2. Müşahidə Şurasının iclasları Müşahidə Şurasının hər hansı
bir üzvünün və ya direktorun tələbi ilə də çağırıla bilər.
7.3. Müşahidə Şurasının sədri direktorla məsləhətləşməklə,
müzakirə olunacaq məsələləri müəyyən edir və iclasın gündəliyini
hazırlayır. Hər bir iclasın reqlamentini, müzakirə ediləcək
məsələlərdən asılı olaraq, Müşahidə Şurasının sədri
müəyyənləşdirir.
7.4. Müşahidə Şurasının üzvlərinə iclasın keçirilməsinin yeri və
vaxtı, habelə gündəliyə daxil edilmiş məsələlər barədə iclasa azı 3
iş günü qalmış, zəruri sənədlər əlavə edilməklə, yazılı məlumat
verilir.
7.5. Şuranın iclaslarında direktor iştirak edir.
7.6. Müşahidə Şurasının sədri öz təşəbbüsü və ya Şuranın hər
hansı bir üzvünün və ya direktorun xahişi əsasında digər şəxsləri
Şuranın iclasında iştirak etməyə dəvət edə bilər.
7.7. Müşahidə Şurasının qərarları açıq səsvermə yolu ilə,
iclasda iştirak edən üzvlərin sadə səs çoxluğu ilə qəbul edilir.
Hər bir üzv bir səs hüququna malikdir. Səslər bərabər olduqda,
iclasa sədrlik edənin səsi həlledicidir.
7.8. İclasın gündəliyinə Müşahidə Şurasının hər hansı bir
üzvünün maraqlarına toxunan məsələ çıxarıldıqda, həmin üzv bununla
bağlı maraqları haqqında ətraflı məlumat verməli və bu məsələnin
müzakirəsində iştirak etməməlidir. Bu zaman həmin üzv məsələyə dair
səsvermədə iştirak etmir və onun iştirakı yetərsay müəyyən
edilərkən nəzərə alınmır.
7.9. Gündəliyə daxil edilməmiş və ya tələb olunan bütün
aidiyyəti sənədləri iclasdan qabaq təqdim edilməmiş məsələlər
barədə, bütün iştirakçı üzvlərin razılığı olduğu hallar istisna
olmaqla, qərar qəbul edilə bilməz.
7.10. Şuranın iclaslarının nəticəsi Müşahidə Şurasının üzvləri
və Müşahidə Şurasının katibi tərəfindən imzalanmış iclas
protokolunda əks olunmaqla rəsmiləşdirilir. Müşahidə Şurasının
katibi Şuranın iclasında iştirak edə bilmədikdə, Müşahidə Şurasının
sədri onu əvəz edəcək şəxsi təyin edir. Protokol Müşahidə Şurası
tərəfindən təsdiq edilərək direktora və onun müavinlərinə
göndərilir.
7.11. Müşahidə Şurasının katibi Müşahidə Şurasının sədri
tərəfindən, Müşahidə Şurasının üzvü olmayan əməkdaşlar sırasından
təyin olunur və Müşahidə Şurasının sədrinə hesabat verir.
7.12. Müşahidə Şurasının katibi:
7.12.1. Şuranın iclaslarını təşkil edir;
7.12.2. Şuranın iclaslarının keçirilməsi vaxtı barədə Şuranın
üzvlərinə, habelə bu Nizamnamənin 7.5-ci və 7.6-cı bəndlərində
göstərilən şəxslərə iclasa azı 3 iş günü qalmış yazılı məlumat
verir;
7.12.3. Şuranın iclaslarının protokolunu tərtib edir və
imzalanmaq üçün Şura üzvlərinə təqdim edir;
7.12.4. Şuranın qərarlarının layihələrini hazırlayır, baxılmaq
və imzalanmaq üçün Müşahidə Şurasının sədrinə təqdim edir;
7.12.5. Şuranın qəbul etdiyi qərarların aidiyyəti üzrə
göndərilməsini təmin edir.
8. Cəmiyyətin icra orqanı
8.1. Cəmiyyətin təkbaşına icra orqanı olan direktor və onun iki
müavini Agentlik tərəfindən vəzifəyə təyin və vəzifədən azad
edilir.
8.2. Direktor aşağıdakı səlahiyyətləri həyata keçirir:
8.2.1. Cəmiyyətin cari fəaliyyətinə rəhbərlik edir, müavinləri
arasında vəzifə bölgüsü aparır;
8.2.2. Cəmiyyətin fəaliyyəti ilə bağlı əmrlər verir və Müşahidə
Şurasının qərarlarının qəbulunda iştirak edir;
8.2.3. Cəmiyyətin tabeliyindəki hüquqi şəxs statuslu qurumların
(asılı və törəmə cəmiyyətlər) yaradılması, yenidən təşkili və ya
ləğvi barədə Agentliyə təkliflər verir;
8.2.4. mənzilləri güzəştli qaydada satılması nəzərdə tutulan
çoxmənzilli binaların tikintisinin maliyyələşdirilməsi məqsədi ilə
özünun malik olduğu maliyyə vəsaitləri göstərilməklə, tələb olunan
maliyyə resurslarının məbləği barədə Agentliyə təkliflər verir;
8.2.5. Agentliklə razılaşdırmaqla aşağıdakılar barədə qərar
qəbul edir:
1. sərəncamına verilmiş torpaq sahələrindən bu Nizamnamə ilə
müəyyən edilmiş məqsədlərə və ərazi planlaşdırılması sənədlərinə
uyğun istifadə edilməsi;
2. sərəncamına verilmiş torpaq sahələrində çoxmənzilli binaların
və digər tikinti obyektlərinin inşası, həmin torpaq sahələrində
aparılmış mühəndis-axtarış işlərinin nəticələrinə dair aidiyyəti
dövlət orqanlarında aktual məlumat olmadığı hallarda həmin işlərin
yerinə yetirilməsi, inşa ediləcək çoxmənzilli binaların və digər
tikinti obyektlərinin layihələndirilməsinin sifariş edilməsi;
3. sifarişi əsasında inşa edilən çoxmənzilli binaların
maliyyələşdirilməsi üçün qiymətli kağızların buraxılması;
4. podratçılarla tikinti işlərinin aparılması məqsədi ilə podrat
müqavilələrinin bağlanması;
5. çoxmənzilli binalarda yaşayış sahələrini güzəştli şərtlərlə
əldə etmək hüququ olan vətəndaşlarla müqavilələrin bağlanması;
6. investisiya müsabiqələri vasitəsilə torpaq sahəsinin müvafiq
tikinti layihəsi əsasında həmin torpaq sahəsində tikinti obyektinin
inşasını öhdəsinə götürən investorun ümumi birgə və ya paylı
mülkiyyətinə keçməsini, onun xeyrinə yüklü edilməsini nəzərdə tutan
digər əqdlərin bağlanması;
7. Cəmiyyətin nümayəndəlik və filiallarının yaradılması və ya
ləğv edilməsi;
8. mənzilləri güzəştli qaydada vətəndaşlara satılmaq üçün öz
sifarişi əsasında inşa edilmiş çoxmənzilli binaların Azərbaycan
Respublikasının Mənzil Məcəlləsinə uyğun olaraq idarə edilməsi üçün
tədbirlərin görülməsi;
9. sərəncamında olan əmlakın bazar qiyməti ilə satışı.
8.2.6. Cəmiyyətin sərəncamına verilmiş torpaqlarda çoxmənzilli
binaların tikintisinə və həmin binaların tikintisi başa çatdıqdan
sonra istismarına icazələrin verilməsi üçün Agentliyə müraciət
edir;
8.2.7. inşa ediləcək tikinti obyektlərinin tikinti ərazisinədək
mühəndis-kommunikasiya təminatı sisteminin və xətlərinin çəkilməsi
üçün Agentliyə müraciət edir;
8.2.8. fəaliyyəti ilə bağlı hesabatları və ictimaiyyətə
açıqlanmalı məlumatı Agentliyə təqdim edir;
8.2.9. beynəlxalq əlaqələr yaradır və əməkdaşlıq edir;
8.2.10. dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin
qorunması üçün tədbirlər görür;
8.2.11. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını,
internet səhifəsinin yaradılmasını, malik olduğu və siyahısı
qanunla müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın
həmin səhifədə yerləşdirilməsini və bu informasiyanın daim
yenilənməsini təmin edir;
8.2.12. strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün
tədbirlər görür;
8.2.13. Müşahidə Şurasına Cəmiyyətin fəaliyyətinə dair təkliflər
və hesabatlar təqdim edir;
8.2.14. işçilərin (daxili audit bölməsinin üzvləri istisna
olmaqla) işə qəbul edilməsi, onların digər vəzifələrə təyin və
işdən azad edilməsi, habelə onlara qarşı həvəsləndirmə və tənbeh
tədbirlərinin görülməsi barədə əmrlər verir;
8.2.15. Müşahidə Şurasının qərarlarını icra edir;
8.2.16. barəsində qərar verilməsi Müşahidə Şurasının
səlahiyyətlərinə aid olan məsələlərə dair məlumat hazırlayaraq
Müşahidə Şurasına təqdim edir və Müşahidə Şurasına hesabat
verir;
8.2.17. iştirakçıların ümumi yığıncağının və Müşahidə Şurasının
səlahiyyətlərinə aid edilməyən bütün digər məsələlər barədə qərar
verir;
8.2.18. cari və operativ məsələlər barədə Müşahidə Şurasını
məlumatlandırır;
8.2.19. aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5
faizədək hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar
qəbul edir;
8.2.20. zəruri məlumatların (sənədlərin) alınması üçün dövlət və
yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə sorğu
göndərir;
8.2.21. müstəqil ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə
cəlb edir;
8.2.22. xüsusi bülletenlər və digər nəşrlər buraxır.
9. İctimaiyyətin məlumatlandırılması
9.1. Cəmiyyət öz fəaliyyəti barədə ictimaiyyəti daimi olaraq
yenilənən rəsmi internet səhifəsi vasitəsilə məlumatlandırır.
Məlumatda aşağıdakılar göstərilməlidir:
9.1.1. struktur vahidləri, əlaqə vasitələri və inkişaf
perspektivləri;
9.1.2. bu Nizamnaməyə uyğun təqdim edilən hesabatlar;
9.1.3. müqavilələrin nümunələri;
9.1.4. güzəştlə mənzilləri əldə etmək hüququ olan vətəndaşların
dairəsi;
9.1.5. mənzilləri güzəştli qaydada satılmaq üçün nəzərdə
tutulmuş binalar, onların ünvanı (yerləşdiyi yer), hər binada
otaqların sayı göstərilməklə mənzillərin sayı, bu mənzillərin hər
kvadratmetrinə görə müəyyən edilmiş qiymət, otaqların sayından
asılı olaraq mənzillərin satış şərtləri, onların əldə edilməsi üçün
müraciət olunması qaydası və aylıq ödənişlərin məbləği;
9.1.6. tikilməkdə olan (tikintisi başa çatdırılmamış və
istismara verilməmiş) və mənzilləri güzəştli qaydada satılmaq üçün
nəzərdə tutulmuş binalar, onların ünvanı (yerləşdiyi yer), hər
binada otaqların sayı göstərilməklə mənzillərin sayı, bu
mənzillərin hər kvadratmetrinə görə müəyyən edilmiş qiymət,
otaqların sayından asılı olaraq mənzillərin satış şərtləri, onların
əldə edilməsi üçün müraciət olunması qaydası və aylıq ödənişlərin
məbləği;
9.1.7. mənzilləri güzəştli qaydada satılan çoxmənzilli binanın
saxlanmasına və təmirinə görə mənzil əldə edən hər bir şəxs
tərəfindən mənzilin sahəsindən və ya otaqlarının sayından asılı
olaraq ödənilməli olan haqqın miqdarı;
9.1.8. güzəştlə əldə etməkdən ötrü müraciət edən vətəndaşların
növbələrinin müəyyən olunması üçün tətbiq olunan elektron idarəetmə
sistemi (elektron növbə);
9.1.9. podrat müqaviləsi bağlanmış podratçılar barədə
məlumat;
9.1.10. tikintisi layihələndirilmiş çoxmənzilli binanın tikinti
layihəsinin tikinti ərazisinin baş planı, memarlıq-planlaşdırma
bölmələri.
9.2. Cəmiyyət öz fəaliyyəti barədə bu Nizamnamənin 9.1-ci
bəndində göstərilən məlumatlarla yanaşı, digər məlumatları da rəsmi
internet səhifəsində yerləşdirə bilər.
10. Cəmiyyətdə uçot, hesabat və nəzarət
10.1. Cəmiyyət mühasibat və statistik uçotu "Mühasibat uçotu
haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aparır.
Cəmiyyət maliyyə hesabatlarını Maliyyə Hesabatlarının Beynəlxalq
Standartlarına uyğun olaraq tərtib edir.
10.2. Cəmiyyətin birinci maliyyə ili dövlət qeydiyyatına
alındığı vaxtdan başlayır və həmin il dekabrın 31-də başa çatır.
Növbəti maliyyə ili isə yanvarın 1-dən başlayır və dekabrın 31-də
başa çatır.
10.3. Şəffaflığın təmin edilməsi üçün Cəmiyyət illik maliyyə
hesabatını hər maliyyə ili bitdikdən sonra aprelin 30-dan gec
olmayan müddətdə auditor rəyi ilə birlikdə mətbu orqanda dərc
etdirməyə borcludur.
10.4. Cəmiyyət mühasibat uçotunu təşkil edir, nümayəndəlik və
filiallarının, həmçinin tabeliyində olan hüquqi şəxs statuslu
qurumların rüblük və illik maliyyə hesabatına baxır, icmallaşdırır,
maliyyə-təsərrüfat fəaliyyəti barədə ümumi hesabatı, maliyyə
hesabatlarını (mühasibat balansı, mənfəət və zərər hesabları,
kapitalda dəyişikliklər haqqında hesabat, pul vəsaitlərinin
hərəkəti haqqında hesabat, uçot siyasəti və izahlı qeydlər) tərtib
edir və təsdiq edilmək üçün müəyyən olunmuş qaydada Agentliyə
təqdim edir.
10.5. Cəmiyyət illik maliyyə hesabatlarını hər maliyyə ili
bitdikdən sonra auditor rəyi ilə birlikdə mühasibat uçotu sahəsində
dövlət tənzimləməsini həyata keçirən Azərbaycan Respublikasının
Maliyyə Nazirliyinə təqdim edir.
10.6. Cəmiyyətin Müşahidə Şurasının, İcra orqanının rəhbəri və
ya üzvləri, habelə Cəmiyyətin struktur bölmələrinin (filial,
nümayəndəlik və s.) rəhbərləri özlərinin, Azərbaycan Respublikası
Mülki Məcəlləsinin 49-1.1.3-cü və 49-1.1.5-ci maddələrində
göstərilən şəxslərin bağlanılan əqdə münasibətdə aidiyyəti şəxs
qismində çıxış etmələri, həmçinin həmin əqdlə əlaqədar öz
maraqlarının xüsusiyyətləri (onun yaranması, həcmi və s.) barədə
məlumatı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-1.5-ci,
49-1.6-cı və 49.1.7-ci maddələri ilə müəyyən edilmiş qaydada təqdim
etməlidirlər.
10.7. Cəmiyyət nümayəndəlik və filiallarının, həmçinin
tabeliyində olan hüquqi şəxs statuslu qurumların maliyyə-təsərrüfat
fəaliyyətinin yoxlanılmasının aparılmasını təmin edir.
11. Cəmiyyətin strukturu, ştat vahidləri və işçilərin əmək
haqları
Cəmiyyət strukturunu, ştat vahidlərinin ümumi sayını və
işçilərin əmək haqlarını Agentliklə razılaşdırmaqla müəyyən
edir.
12. Cəmiyyətin ləğvi və yenidən təşkili
Cəmiyyətin ləğvi və yenidən təşkili Azərbaycan Respublikasının
Prezidenti tərəfindən həyata keçirilir.
22:34
Prezidentin imzaladığı digər fərmanlar aşağıdakı
kimidir:
"Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının
2016-cı il 4 mart tarixli 158-VQD nömrəli Qanununun tətbiqi və
"Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq
məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin
vəsaitləri hesabına satın alınması Qaydası"nın təsdiq edilməsi
haqqında;