"Bu işdə günahkar birmənalı olaraq
Azəriqazdır".
Bu sözləri "Axar.az"a fevralın 13-də "Azadlıq prospekti"
metro-stansiyasının yaxınlığında partlayan obyektlə yanaşı yerləşən
"Şahənşah" restoranının sahibi Rəşid Süleymanov dedi.
"Mənə 47 mindən çox ziyan dəyib"
Restoran sahibi bildirdi ki, partlayış nəticəsində restorana 47
min manatdan çox ziyan dəyib:
"Partlayışdan sonra orada Fövqəladə Hallar Nazirliyindən,
Binəqədi rayon Prokurorluğundan əməkdaşlar var idi. Mən də dedim
ki, qardaş, mənə də ziyan dəyib, xahiş edirəm, ölçü götürün.
Şikayətçi olduğumu bildirdim. Bununla yanaşı, özüm obyektin
videosunu, fotosunu çəkmişəm. Və mənə dəyən ziyani hesablamışam.
Haradasa, 47 min manatdan çox ziyan dəyib obyektə".
Obyektin sahibi üzə çıxmır
Rəşid Süleymanov partlayan obyektin sahibi ilə hər hansı bir
razılaşmaya cəhd edib-etmədiyi sualına da cavab verdi:
"Deyirlər ki, tikilinin sahibi Binəqədi rayonunun keçmiş icra
başçısı Alı Qocayevdir. Ancaq burada "Körpüsalan Xəlil" deyə biri
var idi, o tikdirirdi obyekti. Sonradan yarımçıq qaldı. Sözün
açığı, onu heç tanımırdım. Mən də o vaxt elə eşitmişdim. İndi
sahibi bəlli deyil obyektin, özü ortaya çıxmır, obyekti ortalıqda
qalıb".
"Yeganə günahkar Azəriqazdır"
Partlayışdan kimin məsuliyyət daşıdığına dair sualımıza restoran
sahibi "Azəriqaz"ı suçlu gördüyünü bildirdi:
"Partlayan obyektin kimin olmasından asılı olmayaraq, bu işdə
günahkar Azəriqazdır. Yerin altı ilə boruları aparıb. Sızırdı.
Nəticədə partladı. Ancaq yenə də sızır. İki gündür hələ də buradan
qaz qoxusu gəlir".
"Gələn həftə Bakı şəhər prokurorluğuna şikayət
edəcəm"
Restoran sahibi həmçinin bildirdi ki, Azəriqazdan şikayətçi
olacaq:
"İş artıq Binəqədi Rayon Prokurorluğundan Bakı Şəhər
Prokuroluğuna verilib. Gələn həftə mənə dəyən ziyanın ödənilməsi
ilə bağlı Bakı Şəhər Prokurorluğuna şikayət edəcəyəm".
Xatırladaq ki, "Şahənşah" bir müddət əvvəl istifadəyə verilmiş
yeni şadlıq evidir və təqdimat mərasimi yenicə keçirilmişdi.
Fevralın 13-də Binəqədi rayon, S.S.Axundov küçəsindəki 600 kv.m
sahəsi olan yarımçıq tikilinin partlaması nəticəsində 4 nəfər
yaralanıb, ətraf binalardan isə ən çox ziyan görən "Şahənşah"
şadlıq sarayıdır.