Aprelin 15-də Azərbaycandan
olanların yetərincə böyük qrupunun yaşadığı İsrailin Netanya
şəhərinin Mədəniyyət Mərkəzi qarşısında Azərbaycanın Ermənistana
qarşı addımlarını dəstəkləyən nümayiş keçirilib.
Axar.az xəbər verir ki, mitinq İsraildə fəaliyyət göstərən
"Odlar yurdu" İsrail-Azərbaycan teatr truppası tərəfindən təşkil
olunub.
Nümayişdə əslən Azərbaycandan olan, əllərində 1992-ci ilin
fevralında Azərbaycanın Xocalı şəhərində azərbaycanlılara qarşı
törədilən soyqırımı aktının dəhşətli səhifələrini əks etdirən
poster, fotoşəkil və plakatlar tutan 50-dən çox İsrail vətəndaşı
iştirak edib.
Tədbirin təşkilatçısı, "Odlar yurdu" truppasının bədii rəhbəri
Səadət Şükürova bildirib ki, mitinq iştirakçılarının hamısının
İsrail dövlətinin vətəndaşları olmasına baxmayaraq, onlar bu gün
Azərbaycanla Ermənistan arasında baş verənlərə görə çox
narahatdırlar.
"Biz fəxr edirik ki, Azərbaycanda – bizim üçün ana Vətən olan bu
bərəkətli torpaqda anadan olmuşuq. Biz bütün dünyaya və ən
başlıcası erməni işğalçılarına tam məsuliyyət hissi ilə bildiririk
ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həm də bizim
faciəmiz və ağrı-acımızdır, çünki həqiqət Azərbaycanın
tərəfindədir. İşğalçılara qarşı bu dəhşətli müharibədə yəhudilər
də, azərbaycanlılar da həmişə eyni cəbhədə çıxış ediblər. Biz dinc
yanaşı yaşamışıq, bir yerdə gülmüşük, bir yerdə ağlamışıq, bir
yerdə döyüşmüşük. Azərbaycanın tolerantlığının parlaq nümunəsi bu
ölkədə yəhudi icmasının nümayəndələrinə qardaşcasına səmimi
münasibətdir. Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi ilə
ölkədə iki sinaqoq və Cənubi Qafqazda ən iri yəhudi təhsil mərkəzi
tikilib. Prezident İlham Əliyev dünyəvi dövlət, tolerantlıq
ideyalarına sadiq olduğuna, Azərbaycanda yaşayan bütün
konfessiyalara və xalqlara, o cümlədən Azərbaycan yəhudilərinə
hörmətlə yanaşdığına görə həm İsrail cəmiyyətinin, həm də dünya
yəhudi icmalarının əksər hissəsinin hörmət və ehtiramını qazanıb",
- deyə S.Şükürova bildirib.
Tədbirin sonunda rejissor Səadət Şükürova Azərbaycan və yəhudi
xalqlarının dostluğuna, Azərbaycan fenomeninə həsr olunmuş yeni
mesiqili- sənədli klipi təqdim edib. Klipin rejissoru Səadət
Şükürova, bəstəkarı Lalə Qismət, sözləri Nəzmiyyə Hicranındır.
Müğənnilər Araz Həsənoğlu və Lalə Qismətdir.
"İsrail-Azərbaycan Dostluğu" adlı klipin geniş auditoriya
qarşısına yaxın zamanlarda çıxacağını deyən layihə rəhbəri Səadət
Şükürova qeyd edib ki, təqdimatın İsraillə yanaşı, Azərbaycanda da
keçirilməsi planlaşdırılır.