… Aprel sarsıntısından sonra
Serj Sərkisyan kopiyadan orijinala, yəni əsl mahiyyətinə dönüb. Öz
aləmində Ermənistan elə bilir ki, kiməsə təzyiq göstərir. Amma
əslində özünü, bütün içərisini, daxili varlığını göstərir. Bir
müddət əvvələ kimi oynadığı guya dinc, guya sülhpərvər, guya
humanist Ermənistanın əsl formatı üzə çıxdıqca, daha çox ölkə görür
ki, Azərbaycan onun əlindən nələr çəkirmiş. Bu insan yığını, bu
dövlətəbənzər qurum bir dəfə şahidi olmuşdu ki, siyasətini yalan və
mif üzərində qurmaq sonda iflasa gətirib çıxarır.
Yalançının yaddaşı olmaz deyiblər. Bu yalan da unudulub və
Sərkisyan yenidən miflər yaratmağa başlayıb. Bir yandan yenidən
başlayıb yalan danışmağa ki, hamı ermənilərin tərəfindədir, hamı
onları sevir. Bir yandan da ölkədə onsuz da qıcqırmaqda olan
ksenofobiyanı altdan-altdan gücləndirir. Yəni Ermənistan aprel
hadisələrindən sonra beynəlxalq haqqın tərəfində olan beloruslarla
üz-göz oldu. Qazaxıstanla münasibətlər demək olar ki, düşmənçilik
həddinə çatdı. Vəziyyət o yerdədir ki, artıq Qazaxıstan
millətçiləri və hətta rəsmi hökumət nümayəndələri, ictimai
xadimləri artıq adekvat cavab vermək zərurətindən danışır.
Qazaxları bu ölkədə yaşayan ermənilərə qarşı çıxmağa çağırır.
Ermənistanın şüurunu öz hikkəsi elə tutub ki, o hətta Qazaxıstanda
yaşayan ermənilər barədə düşünmür də.
Maraqlıdır: həmişə ümumi ermənilikdən, genosiddən, diaspordan
danışan Ermənistan indi Ermənistandan kənar erməniləri necə zərbə
altına qoyduğunun fərqində deyil. Ona görə ki, dövlətdə dövlət
təfəkkürü yoxdur. Ona görə ki, bura dövlət deyil. Ermənistan çoxdan
ölkə deyil, bir mafiyanın əlinə keçmiş ərazidir. Təxribat,
ksenofobiya və nifrət ocağını körükləyən toplunun idarə etdiyi
qeyri müəyyən yaşayış məntəqəsidir.
Bunu sadə ermənilər də artıq başa düşür. O da heç nəyə baxmadan
təyyarəyə minir, uçub gedir və "cəhənnəm olsun Ermənistan" deyir.
Və Ermənistan da olur cəhənnəm. Amma onlar azad ola bilmirlər.
Yürüdülən siyasət başını götürüb qaçan zavallı sadə erməninin də
vəziyyətini pisləşdirir. Belə zavallıların başqa ölkədə rahat
yaşamaq imkanlarının qarşısını alır, ona problemlər yaradır.
Ermənistan rəhbərliyi öz davranışı ilə Qazaxıstana yolu artıq
bağlayıb. Bəs bu bədbəxt erməni Ermənistanın incik saldığı
Belarusda bundan sonra necə gedib yaşasın? Və ya Rusiyaya necə
pənah aparsın. Axı elə həmin o Rusiya gömrüyündə buna deyəcəklər
ki, sən kimsən və hansı üzlə gəlmisən bura?! Bu bir yana: Rusiyada
yaşayan 2 milyondan artıq erməni başına hansı çarə qılsın? Bir
deyən də yoxdu ki, Ermənistan prezidenti, başa düşürsən
neylədiyini? Bəs birdən bayrağı yanmış Rusiya millətçiləri
ermənilərə qarşı ayağa qalxsa, necə olacaq?!
Ermənilər bir dəfə bütün bunları 80-ci illərin axırında
təcrübədən keçirmişdilər. Onda da heç nəyi, heç kimi
düşünməmişdilər. Bakıda, Azərbaycanda yaşayan erməniləri nəzərə
almadan Qarabağ davası başlamışdılar. Belə belə işlər. Ermənistan
yaxın qonşuları ilə düşmən olmuşdu. Sərhədlər iki tərəfdən
bağlıdır. Qalmışdı uzaq qonşular. Onlara da çatdılar. Əlbəttə bu,
bir yandan çox yaxşıdır. Hamı Ermənistanın iç üzünü görməkdədir.
Serj Sərkisyanın Dmitri Medvedyevə "Evrozes"in İrəvan toplantısının
keçirilməməsinin səbəblərindən şikayətini bir daha xatırlayıq.
Onda Medvedyev cavab verməmişdi. Amma indiki şərait həm də
cavabdır. Bir az da xırdalayaq. Kömək o oldu ki, Ermənistan
əvəzində daha yaxşı tanındı. Adam Qazaxıstana, Belarusa, Rusiyaya
ikinci üzünü göstərdi. Azərbaycan da elə bunu sübut edirdi də on
illər boyu. Başa salırdı ki, Ermənistan yaxşılığın cavabını
pisliklə verir. Ona bel bağlamaq olmaz, tərəfdaş kimi etibarsızdır
və sair… Necə ki, indi bunu Rusiya, Qazaxıstan, Belarus öz dərisi
ilə hiss edir.
Aprel döyüşlərindən sarsılmış Sərkisyan adekvat olmayan addımlar
atır. Belə addımlardan biri də onun Qarabağa gəlib Ermənistan
əsgərinə medal paylamasıdır. Bu ona oxşayır ki, Azərbaycan hansısa
yaşayış məntəqəsini və ya strateji yüksəkliyi itirəndən sonra öz
əsgərinə medal verəydi. Erməni əsgərlərin yüksəklikdən salınmış ali
baş komandan qarşısında çalıb oynaması da düşmüş ruhun bir cür,
birtəhər qaldırılmasına xidmət edir. Belə rəqslərin, oyunların
havası bizə acı təcrübəmizdən tanışdır. Onda bizim əsgərlər də
məğlubiyyətin acısını ayaqları ilə çıxarardılar.
Azərbaycan ordusu artıq rəqs etmir, ona görə ki, o qalibdir.
Ermənilər isə oynamaqlarındadır. Qat kəsmiş, qət təzə formalar
geyinmiş bu bədbəxt uşaqlar hansı günlərinə oynadıqlarını bəlkə də
bilmirlər və sadacə olaraq onlara başa salıblar ki, ruhu qaldırmaq
lazımdır. Baxmayaraq ki, vurulub aşağı salındıqlarını onlar artıq
özləri də başa düşürlər. Və bizim yüksəklikləri öz kameraları ilə
lentə alırlar…
Beləliklə, qarşımızda iki prezident var. Biri Serj Sərkisyandır.
Baxın, o bu gün nəylə məşğuldur? Prezidentinə qarşı çıxan
vətəndaşlarının tələbləri qarşısında karıxıb qalmaqla,
məğlubiyyətdən diqqəti yayındırmaq üçün gah Qarabağda, gah
Ermənistanda uduzmuş rəqqas əsgərlərinə ruh medalcıqları
paylamaqla, hərbi forma əynində dava-dava oynamaqla, hər bir jesti,
hərəkəti ilə müharibəyə hazırlaşdığını nümayiş etdirməklə… Bir gün
bu səngərə girib, o biri gün başqa səngərdən çıxmaqla. Deməli,
səngərdə hər şey qaydasında deyil…
O biri dövlətin rəhbəri isə İlham Əliyevdir. Onun ölkəsində
həyat öz dinc və inkişaf məntiqi ilə davam edir. Onun ordusu adi
qaydada öz işi ilə məşğuldur.
Tapşırığı yerinə yetirmiş ordunun müdafiə naziri çoxdan
Bakıdadır. Çünki onun səngərdə olmasına ehtiyac yoxdur. Deməli
bizim səngərdə hər şey qaydasındadır.
Azərbaycanda gəmiçilər gəmi, dəmiryolçular isə dəmir yolundadır.
Bakı isə özünün növbəti mötəbər toplantısını qarşılamağa -
Sivilizasiyalararası Foruma hazırlaşır…
Prezdentin isə qayğıları sadəcə bəşəriyyətlə bağlıdır. Bəs necə,
onun salamlayacağı Sivilizasiyalarası Forumda dünya 90 ölkə ilə
təmsil olunacaq!