Əvvəllər alim, professor, elmlər namizədi olmaq üçün
peyğəmbərimizin dediyi kimi lap dünyanın o başına gedirdilər. İndi
isə elmi dərəcə almaq üçün dağ- dərə aşıb, dənizlər keçməyə ehtiyac
qalmayıb. Alim olmaq hər bir ali təhsilli üçün əlçatan olub. Hətta
yüksək vəzifə sahibləri öz imiclərinə daha da prestij qatmaq üçün
elmi dərəcəyə sahib olmağa çalışırlar.
Azvision.az-ın Azərbaycanda hakimiyyət pilləsinin yuxarı
mərtəbələrini tutan məmurların əksəriyyəti isə təbii ki, buna nail
olur. Yüksək vəzifə sahibləri ilə bağlı məlumatların hər zaman
ictimai kəsimin marağını cəlb etdiyini nəzərə alıb nazirlər
arasında alimlik dərəcələrinə sahib olanları araşdırdıq.
Maraqlıdır, kim hansı elmi dərəcə daşıyır?
Azərbaycan Tibb İnstitutunu bitirən səhiyyə naziri Oqtay
Şirəliyev namizədlik və doktorluq dissertasiyalarını
Moskvada müdafiə edib. O.Şirəliyev professor, tibb elmləri
doktorudur.
Ölkənin xarici siyasətini aparan Elmar
Məmmədyarov 1977-1982 Kiyev Dövlət Universiteti,
Beynəlxalq Münasibətlər və Beynəlxalq Hüquq bölməsində təhsil alıb.
Xarici işlər naziri Elmar Məmmədyarov Xarici İşlər Nazirliyinin
Diplomatik akademiyasının tarix elmləri namizədidir.
Maliyyə naziri Samir Şərifov 1983-cü ildə
Ukraynada, Kiyev Dövlət Universitetinin Beynəlxalq əlaqələr və
beynəlxalq hüquq fakültəsinin Beynəlxalq iqtisadi əlaqələr
bölməsini bitirib. Nazir təhsilin magistr dərəcəsi ilə
kifayətlənib.
Təhsil Naziri Mikayıl Cabbarov 1997-ci ildə
Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini fərqlənmə
diplomu ilə bitirib. 1997-1998-ci illərdə ABŞ-ın Kaliforniya
ştatının Sakramento şəhərindəki Pasifik Universitetinin Macgeorge
hüquq məktəbində hüquq, 2004-cü ildə isə Azərbaycan Dövlət İqtisad
Universitetində iqtisadiyyat üzrə magistr dərəcələri alıb.
Gənclər və idman naziri Azad Rəhimov Azərbaycan
Dillər Universitetinin ingilis dili fakültəsinin əyani şöbəsində
təhsil alıb. O, 1986-cı ildə həmin fakültənin axşam şöbəsini
bitirərək, ingilis dili müəllimi ixtisası üzrə ali təhsil alıb.
Həmkarlarından fərqli olaraq onun heç bir elmi dərəcəsi yoxdur.
Nəqliyyat naziri Ziya Məmmədov da ali
təhsillidir. Qırmızı Əmək Bayrağı Ordenli Rostov Dəmir Yolu
Nəqliyyatı Mühəndisləri İnstitutunu bitirən Ziya Məmmədov
Beynəlxalq Nəqliyyat Akademiyasının Həqiqi üzvüdür.
Elmi dərəcəsi olan məmurlar sırasında yer alan daha bir
nazirimiz isə Rabitə və İnformasiya Texnologiyaları naziri
Əli Abbasovdur. O, 1981-ci ildə mikroelektronika
sahəsində disertasiya müdafiə edərək, texnika elmləri namizədi elmi
dərəcəsi alıb. 1993-cü ildə "İnformasiya emalı və idarəetmə
sistemləri" ixtisası üzrə disertasiya müdafiə edib və texnika
elmləri doktoru elmi dərəcəsinə layiq görülüb.
Nazir 1996-cı ildə İnformatika sahəsində professor elmi adını
alıb.
Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev də
elmi titullu nazirlərdəndir. O, 1992-ci ilin yanvar ayında
"1918-1930-cu illərdə - Azərbaycan mühacirətinin mədəniyyətşünaslıq
aspektləri" mövzusunda dissertasiya müdafiə edərək fəlsəfə elmləri
namizədi elmi dərəcəsi alıb.
Energetika naziri Natiq Əliyevin də alimlik
dərəcəsi var. 1971-ci ildə Azərbaycan Elmlər Akademiyasının
Geologiya İnstitutunun aspiranturasında təhsil almış Natiq Əliyev
1974-cü ildən geologiya-mineralogiya elmləri namizədidir. O, böyük
elmi işçi vəzifəsində işləyib. N.Əliyevin 100-dən artıq elmi işi,
məqaləsi, kitabı dərc olunub, o, Beynəlxalq Şərq Neft
Akademiyasının akademikidir. Nazir 2008-ci ildən iqtisad elmlər
doktorudur. N.Əliyev 2008-ci ildə Beynəlxalq Mühəndislik
Akdemiyasının (Rusiya Federasiyası, Moskva) müxbir üzvi
seçilib.
Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin 18
noyabr 2009-cu il tarixli qərarı ilə N.Əliyev Respublika Elmi
Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının üzvüdür.
Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu
Bağırov da alimlik dərəcəsinə malik olan məmurlar
sırasındadır. 1978-ci ildə Bakı Dövlət Universitetinin tarix
fakültəsini bitirən Hüseynqulu müəllim 1983-1985-ci illərdə Moskva
şəhərində elmi fəaliyyətlə məşğul olub. 1996-cı ildə Nyu-York
şəhərində Maunt Sent Vinsent kollecinin dil kurslarını bitirib.
1998-ci ildə Amerika Birləşmiş Ştatlarının Fulbrayt
Assosiasiyasının təqaüdü ilə mükafatlandırılıb və İndiana
Universitetində tədqiqatçı-professor vəzifəsində çalışıb, eyni
zamanda, Universitetin Dil Mərkəzində təhsil alıb. 1990-cı ildə
keçmiş SSRİ Təhsil Nazirliyinin Kollegiyasının qərarı ilə professor
elmi adını alıb.
Hazırda Kənd Təssərrüfatı naziri olan Heydər
Əsədov 1978-ci ildə Bakı Sovet Ticarəti Texnikumunun
mühasibat uçotu fakültəsini, 1983-cü ildə isə D.Bünyadzadə adına
Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Uçot-iqtisad fakültəsini
bitirib. 1978-1984-cü illərdə İnstitutda oxuduğu illərdə fəhlə,
mühasib, böyük mühasib, böyük təftişçi vəzifələrində çalışıb.
1983-1992-ci illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunda
müəllim, baş müəllim vəzifələrində işləyib, 1987-ci ildə
M.V.Lomonosov adına Moskva Dövlət Universitetində namizədlik
dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi alimlik
dərəcəsini alıb. 1992-1995-ci illərdə Türkiyənin Mərmərə
Universitetinin doktorantı olub.
Fövqalədə Hallar naziri Kəmaləddin Heydərov
1984-cü ildə Azərbaycan Dövlət Universitetinin geoloji-kəşfiyyat
fakültəsini bitirib. Azərbaycan Universitetində ikinci ali təhsil
alıb. Əmək fəaliyyətinə 1978-ci ildə "Xəzərdənizneftqaz" kəşfiyyatı
idarəsində başlayıb, texnik və geoloq vəzifələrində çalışıb.
1995-ci ilin yanvar ayında Azərbaycan Respublikası Dövlət Gömrük
Komitəsinin sədri, 2006-ci ilin fevral ayında Azərbaycan
Respublikası Fövqalədə Hallar Naziri vəzifəsinə təyin edilib. Onun
elmi dərəcəsi isə yoxdur.
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim
Müslümov 1983-cü ildə D. Bünyadzadə adına Azərbaycan Xalq
Təsərrüfatı İnstitutunun uçot-iqtisad fakultəsini fərqlənmə diplomu
ilə bitirib. 1983-1987-ci illərdə Moskva Dövlət Universitetinin
məqsədli aspiranturasında təhsilini davam etdirib və 1987-ci ilin
noyabrında namizədlik dissertasiyası müdafiə edərək iqtisad elmləri
namizədi alimlik dərəcəsi alıb.
1988-ci ilin yanvarından 1995-ci ilin iyulunadək Azərbaycan
Dövlət İqtisad İnstitutunda müəllim, baş müəllim, dekan müavini
vəzifələrində çalışıb.1992-ci ilin yanvarından 1995-ci ilin
iyununadək Türkiyə Cumhuriyyətinin Mərmərə Universitetində elmi
ezamiyyətdə və doktoranturada olub.
2006-cı ilin fevral ayında Rusiyanın Kazan şəhərində "Pensiya
sığorta sistemində mühasibat uçotu, təhlil və audit islahatları"
doktorluq dissertasiyası müdafiə edərək İqtisad elmləri doktoru
alimlik dərəcəsi alıb.
İqtisadiyyat və Sənayə naziri Şahin Mustafayev
1989-cu ildə M.Voznesenski adına Maliyyə-İqdisad İnstitutunun Bakı
filialını bitirib.
2003-2005-ci illərdə Dövlət Neft Şirkətində mərkəzi
mühasibatlığın baş mühasibi, İqtisadiyyat və Uçot İdarəsinin rəisi
işləyib.
2005-2006-cı illərdə Dövlət Neft Şirkətinin iqtisadi məsələlər
üzrə vitse-prezidenti olub. 2006-cı ilin sentyabrında Vergilər
nazirinin birinci müavini təyin edilib. Hazırda İqtisadiyyat və
Sənayə naziridir. Vikipediyada onun hər hansı elmi dərəcəyə malik
olması göstərilməyib.
Vergilər naziri, II dərəcəli dövlət vergi xidməti müşaviri
Fazil Məmmədov 1985-ci ildә D.Bünyadzadә adına
Azәrbaycan Xalq Tәsәrrüfatı İnstitutunun maliyyә-kredit fakültәsini
bitirib.
2000-ci il fevral ayının 11-dә Azәrbaycan Respublikası
Prezidentinin fәrmanı ilә Azәrbaycan Respublikasının Vergilәr
naziri tәyin edilib. Nazirin tərcümeyi-halında onun elmi
dərəcəsinin olmadığı göstərilir.
Müdafiə Sənayesi naziri Yavər Camalov
1967–1972-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunda təhsil
alıb. Onunda elmi dərəcəsi yoxdur.
Ədliyyə naziri Fikrət Məmmədov I dərəcəli
Dövlət ədliyyə müşaviri, Prokurorluğun fəxri işçisidir. Beynəlxalq
Prokurorlar Assosiasiyasının rəhbər orqanı - İcraiyyə Komitəsinin
üzvüdür. O, həmçinin, Beynəlxalq Hüquqşünaslar Assosiasiyasının
üzvüdür. 2006-cı ilin oktyabr ayında Beynəlxalq Antikorrupsiya
Təşkilatının vitse-prezidenti seçilib.
Xarici nəşrlərdə bir sıra dərcləri var, ingilis dilində sərbəst
danışır.