İranın "İmam Xomeyni İmdad Komitəsi" beynəlxalq
humanitar təşkilatının Azərbaycandakı nümayəndəliyi fəaliyyətini
müvəqqəti dayandırdı.
1993-cü ildən ölkəmizdə fəaliyyətə başlayan ilk xeyriyyə komitəsi,
20 il ərzində müxtəlif xidmətlər üçün 45 milyon dollar pul ayırıb.
Bu illər ərzində kiçik biznesin yaradılması üçün isə Komitənin
büdcəsindən 2 milyon dollar həcmində faizsiz kreditlər verilib.
"İmam Xomeyni İmdad Komitəsi"nin Azərbaycandakı nümayəndəliyinin
hazırkı rəhbəri Mahmud Seyyidi komitənin səhiyyə sahəsində də aktiv
fəaliyyət göstərdiyini vurğuladı. Bu illər ərzində 500 min insan
qurumun tibbi klinikasına müraciət edərək müayinədən keçib.
Prezident İlham Əliyevin də komitənin fəaliyyətini yüksək
qiymətləndirdiyini deyən qurum rəhbəri işlərində bəzi nöqsanlara
yol verdiyini də etiraf etdi.
İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin isə əsas məqsədi tək
İranda deyil, digər ölkələrdə də yoxsullara kömək etməkdən ibarət
olan bu komitənin ölkəmizdə fəaliyyətə başlamasının da məhz 90-cı
illərin əvvəlində Ermənistanla müharibə dövrünə təsadüf etməsini
zərurətdən irəli gəldiyini deyir.
İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin: "Bununla bağlı
Komitənin o vaxtkı sədri Azərbaycana səfər edərək, prezident Heydər
Əliyevlə görüşüb və ölkəmizdə Komitənin nümayəndəliyinin açılmasına
qərar verilib. Komitənin etdiyi təmənnasız kömək İranla Azərbaycan
arasında qardaş və dost əlaqələrin inkişafına, onların strateji
səviyyəyə çıxmasına yardım edib".
İki ölkə arasındakı münasibətləri yüksək qiymətləndirən baş
nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşi üzrə
Dövlət Komitəsinin sədri Əli Həsənov ümumiyyətlə ölkəmizdə
fəaliyyət göstərən humanitar təşkilatların sayının getdikcə
azaldığını vurğuladı. Ölkəmizin hazırda bu sahədə işlərin çoxunu öz
üzərinə götürdüyünü nəzərə aldıqda isə bu təbiidir.
Baş Nazirin müavini, Əli Həsənov: "Azərbaycanda "İmam Xomeyni İmdad
Komitəsi"nin uzunmüddətli fəaliyyət göstərməsi üçün hər cür şərait
yaradılıb. Azərbaycanın işğal olunmuş əraziləri azad olunandan
sonra İmdad Komitəsi Azərbaycanda fəaliyyət göstərəcək ilk
humanitar təşkilatlardan biri olacaq".
Sonda tədbir iştirakçıları bir birinə xatirə hədiyyəsi təqdim
etdilər. (ANS)