İyunun 3-də Milli Məclisin sədri Oqtay Əsədov
Azərbaycanda səfərdə olan Türkiyənin Baş naziri Binəli Yıldırımın
rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Axar.az xəbər verir ki, sədr qonağı salamlayaraq Türkiyənin yeni
– 65-ci hökumətinin Baş naziri seçilməyi münasibətilə təbrik edib,
ona bu şərəfli və məsuliyyətli vəzifədə türk xalqının rifahı naminə
uğurlar arzulayıb.
Oqtay Əsədov Azərbaycan-Türkiyə münasibətlərini ulu öndər Heydər
Əliyevin "bir millət, iki dövlət" ifadəsinin təcəssümü kimi
dəyərləndirdi. Bildirildi ki, dövlət başçıları arasındakı səmimi
münasibət əlaqələrimizin inkişafına da müsbət təsirini göstərir.
Yüksək səviyyəli siyasi dialoq iqtisadi əməkdaşlığa da töhfəsini
verir. Təkcə ötən il ölkələrimiz arasında ticarət dövriyyəsinin
həcmi 2,5 milyard ABŞ dolları həcmində olub. Biz gələcəkdə bu
göstəricini dəfələrlə artırmaq niyyətindəyik.
Milli Məclisin sədri deyib: "Bu gün Azərbaycan-Türkiyə
münasibətləri dünya dövlətləri üçün bir nümunədir. Heç bir qüvvə bu
dostluğu sarsıda bilməz. Bu yaxınlarda Almaniya parlamentində
uydurma "erməni soyqırımı" ilə əlaqədar qəbul edilmiş qərar
Azərbaycan ictimaiyyətinin də hiddətinə səbəb olub. Bütün bunlar
dünyada mövcud olan ikili standartlardan xəbər verməklə yanaşı, həm
də uydurma faktlardan istifadə edərək bir sıra ölkələrə təsir etmək
kimi cılız məqsədlər güdür".
Söhbət zamanı sədr bildirib ki, Milli Məclislə Türkiyə
parlamenti arasında əlaqələr yüksək səviyyədədir.
"Azərbaycan üçün ağrılı olan Dağlıq Qarabağ probleminin həllində
Türkiyənin ölkəmizin yanında olduğunu həmişə hiss etmişik və
inanırıq ki, bu məsələdə haqq-ədalət tezliklə öz yerini tapacaq", -
deyə Oqtay Əsədov vurğulayıb.
Türkiyənin Baş naziri Binəli Yıldırım yeni vəzifədə Azərbaycana
ilk səfərini etdiyini və bundan qürur duyduğunu söylədi. O qeyd
etdi ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra qazandığı
uğurlar göz önündədir. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu
inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilir.
Baş nazir vurğulayıb ki, Azərbaycanla Türkiyə qlobal layihələrin
reallaşmasında birgə iştirak edirlər. Bakı-Tbilisi-Ceyhan neft
kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, TANAP və TAP kimi
layihələr buna parlaq misaldır. Bu gün Azərbaycan Türkiyə
iqtisadiyyatına böyük yatırımlar edir.
Azərbaycan və Türkiyəni sağlam təməllər üzərində elə ortaq
dəyərlər birləşdirir ki, heç kim bu dostluğa, bu qardaşlığa zərər
yetirə bilməz.
Binəli Yıldırım Almaniya parlamentində uydurma "erməni
soyqırımı" ilə bağlı qəbul edilmiş qərarla əlaqədar Azərbaycan
tərəfinin mövqeyini yüksək dəyərləndirərək dedi ki, tarixlə
tarixçilər məşğul olmalıdırlar. Baş vermiş hər hansı bir hadisədən
100 il sonra onun üzərində siyasət aparmaq olmaz. Yaxın tarixdə
törədilmiş Xocalı soyqırımına göz yuman bu siyasətbazlar uzaq
keçmişdəki uydurma hadisələrə qiymət verməyə cəhd göstərirlər.
Binəli Yıldırım Dağlıq Qarabağ məsələsində Türkiyənin hər zaman
Azərbaycanın yanında olduğunu vurğulayaraq bu ilin aprel ayında
Azərbaycan Ordusunun cəbhə xəttində əldə etdiyi uğurları yüksək
qiymətləndirdi. Baş nazir xüsusi vurğuladı ki, Türkiyə ilə
Azərbaycan birlikdə istənilən problemi həll etməyə qadirdir.
Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir
mübadiləsi aparılıb.