Ana səhifə Gündəm |
Bakıda keçirilən Dünya Azərbaycanlılarının IV
Qurultayının nümayəndələri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı
dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, xarici ölkələrin
hökumət rəhbərlərinə və parlamentlərinə müraciət edib.
APA-nın məlumatına
görə, müraciətdə 28 ildir davam edən Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin hələ də həll edilməməsindən dərin narahatlıq
ifadə edilib.
Qeyd olunub ki, Azərbaycan ərazilərini işğal altında saxlayan
Ermənistan silahlı qüvvələri tərəfindən qoşunların təmas xəttində
törədilən hərbi təxribatlar nəticəsində günahsız mülki şəxslər
həlak olur, yaşayış məskənləri, təhsil ocaqları, ictimai binalar
dağıdılır, münaqişə zonasında yerləşən tarixi abidələr, habelə
ərazinin flora və faunası vəhşicəsinə məhv edilir.
Qurultay nümayəndələri müraciətdə Azərbaycan torpaqlarının işğaldan
azad edilməsi, münaqişənin sülh yolu ilə nizamlanması üçün dünya
ictimaiyyətini, beynəlxalq təşkilatları, xarici ölkələrin hökumət
rəhbərlərini və parlamentlərini Ermənistan rəhbərliyinə təzyiq
göstərməyə çağırıb.
Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci
ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları
əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ
ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə
baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq
Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli,
Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri
tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi
köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may
ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış
atəşkəs sazişi ilə başa çatıb.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul
olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında
Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri
Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa,
İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.
1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət
həmsədrlik institutu fəaliyyət göstərir.
Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması
ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə
qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən
BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və
qurumların qətnamələri mövcuddur.
Tarix
2016.06.04 / 23:05
|
Müəllif
Axar.az
|