Azərbaycanın xarici siyasətində qonşu ölkələrlə əlaqələrin gücləndirilməsi mühüm yer tutur. Azərbaycanın mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətləri qurduğu dövlətlərdən biri də Gürcüstandır. Gürcüstan Prezidenti Mixail Kavelaşvilinin Azərbaycana rəsmi səfəri qarşılıqlı münasibətlərin daha da güclənməsi baxımından xüsusi vurğulanmalıdır.
Axar.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.
Deputat bildirib ki, Mixail Kavelaşvilinin Gürcüstan Prezidenti seçilməsindən sonra ilk xarici səfərini ölkəmizə etməsi böyük əhəmiyyət kəsb edir:
"Azərbaycan və gürcü xalqlarının dostluğu qədimdir, ölkələrimiz arasında əlaqələr tarixi köklərə, ortaq maraqlara və xüsusilə enerji-nəqliyyat sahəsində qarşılıqlı tərəfdaşlığa əsaslanır. Mətbuata bəyanat zamanı Prezident İlham Əliyevin dediyi kimi, əsrlər boyu bizim xalqlarımız sülh, mehribanlıq, qardaşlıq şəraitində yaşamışlar: "Bu gün də bu, belədir. Dövlətlərarası münasibətlər də yüksək səviyyədədir. Gürcüstan və Azərbaycan birgə bir çox önəmli layihələri icra ediblər və bu layihələr həm ölkələrimiz üçün, xalqlarımız üçün, həm də daha geniş coğrafiya üçün böyük önəm daşıyır. Təbii olaraq siyasi əlaqələr inkişaf edir. Yüksəksəviyyəli təmaslar müntəzəm xarakter daşıyır, siyasi dialoq fəaldır. Yəni, iki dost, qardaş ölkə, sözün əsl mənasında, bir-birinə çox bağlıdır və beynəlxalq təşkilatlarda da daim bir-birini dəstəkləyir".
Gürcüstanın beynəlxalq hüquqa əsaslanan yanaşması, Azərbaycanın ərazi bütövlüyünə verdiyi dəstək və əksinə, Azərbaycanın da Gürcüstanın suverenliyinə hörməti, iki ölkə arasında nadir strateji etibarlılıq nümunəsi yaradıb. Bu baxımdan Mixail Kavelaşvilinin Bakıya səfəri postmünaqişə dövrünün reallıqları fonunda Cənubi Qafqazda yeni təhlükəsizlik arxitekturasının formalaşması ehtimalını gündəmə gətirir. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən sülh prosesi, Gürcüstanın vasitəçilik rolu oynamağa hazır olması və regionda daha dərin inteqrasiya səyləri Ermənistan üçün də konstruktiv yanaşma nümunəsi ola bilər".
Millət vəkilinin sözlərinə görə, hazırda beynəlxalq müstəvidə enerji təhlükəsizliyi, qlobal nəqliyyat marşrutlarının davamlılığı və “yaşıl keçid” prosesləri ilə bağlı məsələlər ön plana çıxır:
"Azərbaycan və Gürcüstan bu kontekstdə Avropa və Asiya arasında etibarlı körpü rolunu oynayırlar. Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış strateji enerji əməkdaşlığı memorandumu Gürcüstanın bu layihələrdə mühüm tranzit ölkə kimi rolu ilə tamamlanır. Bu baxımdan, Kavelaşvilinin Bakıya səfəri Qərblə Şərq arasında daha dərin və dayanıqlı əlaqələrin formalaşmasında Bakı-Tiflis xəttinin strateji önəmini bir daha nümayiş etdirir. Mətbuata bəyanat zamanı Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycanın və Gürcüstanın birgə həyata keçirdiyi neft-qaz layihələri, neft-qaz kəmərləri, nəqliyyat, kommunikasiya layihələri, sözün əsl mənasında, böyük əhəmiyyət daşıyan layihələrdir və nəinki Cənubi Qafqazın, Avrasiya regionunun nəqliyyat və enerji xəritəsini yenidən tərtib edən layihələrdir. Dövlətimizin başçısı vurğulayıb: “Əgər biz bu gün Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa, bunu Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil. Hazırda Gürcüstan daxil olmaqla Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bu ixrac Gürcüstan vasitəsilə həyata keçirilir”.
Bütövlükdə, Azərbaycanla Gürcüstan arasında əlaqələr davamlı olaraq inkişaf edir. Gürcüstan Prezidentinin ölkəmizə rəsmi səfəri bu prosesə yeni təkan verəcək”.