Fevralın 10-dan quş
qripi xəstəliyinə görə ölkə ərazisində başlanmış növbəti monitorinq
başa çatıb.
"Axar.az" Dövlət Baytarlıq Xidmətinin saytına istinadən xəbər
verir ki, monitorinq zamanı seçmə üsulla ovlanaraq götürülən 31 baş
çöl quşunun patoloji materialları və ölkəmizin ayrı-ayrı quşçuluq
və həyətyanı təsərrüfatlardan gətirilən 320 baş ev quşunun qan
nümunələri Respublika Baytarlıq Laboratoriyasında müvafiq
müayinələrdən keçirilib.
Bununla əlaqədar olaraq Dövlət Baytarlıq Xidməti (DBX) bildirib
ki, müayinə olunmuş nümunələrin heç birində quş qripi xəstəliyinin
törədicisi müəyyən edilməyib. Bu nəzarəti tədbir köçəri quşların
müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Ağcabədi,
Lənkəran və Salyan rayonlarındakı milli park və qoruqlarda, eləcə
də respublikanın dənizsahili zonalarında həyata keçirilib.
Monitorinqin aparıldığı ərazilərdə nə xəstə, nə də xəstəlikdən
tələf olan quşlara təsadüf olunmayıb.
Xatırladırıq ki, quş qripi xəstəliyinin profilaktikası məqsədilə
ölkə ərazisində həyata keçirilən monitorinq Dövlət Baytarlıq
Xidmətinin, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin
mütəxəssis və əməkdaşlarının iştirakı ilə aparılıb.
Dövlət Baytarlıq Xidməti əhalinin və quşçuluq təsərrüfatı
rəhbərlərinin nəzərinə çatdırır ki, köçəri quşların miqrasiyası ilə
əlaqədar ev və sənaye quşları mütləq qapalı şəraitdə
saxlanılmalıdır. Heyvanlarda (mal-qara, quşlar, balıqlar, arılar,
vəhşi heyvanlar və başqaları) özbaşına müalicə, peyvəndləmə və
digər tədbirləri aparmağa yol verməsinlər. Eyni zamanda Dövlət
Baytarlıq Xidməti xatırladır ki, heyvanlar baytarlıq-sanitariya
tələblərinə cavab verən şəraitdə saxlanılmalıdır.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti
xatırladır ki, köçəri və çöl quşlarının ovlanması, satılması və
onlardan qida məhsulu kimi istifadəsi qəti qadağandır.
Quş qripi xəstəliyinin ölkəmizə köçəri quşlarla keçmə ehtimalını
hər zaman diqqət mərkəzində saxlayan Dövlət Baytarlıq Xidməti
respublika ərazisində ardıcıl olaraq monitorinqləri bundan sonra da
davam etdirəcək. Quşların miqrasiyasını əsas götürərək növbəti
monitorinqin martın 31-də başlanması nəzərdə tutulur.
Hal-hazırda quş qripi xəstəliyinə və digər iti yoluxucu
xəstəliklərə görə respublikamızda epizootik vəziyyət sabitdir. Bu
sabitliyi qoruyub saxlamaq üçün Kənd Təsərrüfatı Nazirliyi yanında
Dövlət Baytarlıq Xidməti aidiyyəti qurumlarla birgə lazımi
tədbirlər həyata keçirir.