İyunun 17-də Tbilisidəki Qafqaz Beynəlxalq
Universitetində "Azərbaycanda və Gürcüstanda tarixi abidələrin
mövcud vəziyyəti" layihəsi çərçivəsində beynəlxalq tədbir
keçirilib.
Axar.az xəbər verir ki, beynəlxalq ekspertlərin, universitetin
professor, müəllim və tələbələrinin iştirak etdikləri tədbirdə
Azərbaycanın və Gürcüstanın işğal olunmuş ərazilərindəki tarixi
abidələr barədə ətraflı məlumat verilib, müzakirələr aparılıb.
Gürcüstan-Azərbaycan Milli Konqresinin sədri Əli Babayev
çıxışında deyib ki, "Mərhəmət" Kimsəsizlərə Yardım İctimai Birliyi
ilə birgə keçirdikləri tədbirin əsas məqsədi gürcü alimlərlə birgə
işğal altındakı tarixi abidələrimiz və ermənilərin törətdikləri
vandalizm və digər cinayətlər barədə gürcü və dünya ictimaiyyətinə
ətraflı məlumat verməkdir.
Qafqaz Beynəlxalq Universitetinin professoru, tarixçi alim
Ketevan Şaşiaşvili çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin baş vermə səbəbləri barədə məlumat verib. O deyib:
"SSRİ dağıldıqdan sonra imperialist qüvvələr bizim dövlət
müstəqilliyimizin bərpasına yol verməmək üçün müxtəlif planlar
hazırlayıblar. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin işğalı da bu
planın tərkib hissəsi idi. Dağlıq Qarabağ və ona bitişik digər
rayonlar SSRİ dövründə və ondan əvvəlki dövrlərdə də Azərbaycana
məxsus olub. Gürcüstanın da ərazilərinin işğalı eyni ssenari
əsasında həyata keçirilib. Bütün bunların bir məqsədi olub, iki
dost və qardaş ölkə olan Azərbaycanın və Gürcüstanın müstəqil
dövlət kimi dünya birliyində layiqli yer tutmalarına mane olmaq,
inkişafdan saxlamaq. Müəyyən mənada buna nail olunsa da hər iki
dövlət bu gün müstəqil siyasət yürüdür, möhkəmlənir və inkişaf
edir". Dünya birliyini erməni vandalizminə qarşı mübarizəyə
səsləyən professor deyib ki, Gürcüstan hökuməti bununla bağlı
xüsusi layihə hazırlayıb.
K.Şaşiaşvili jurnalistlərə müsahibəsində deyib: "Bu gün
Azərbaycanın və Gürcüstanın işğal olunmuş ərazilərində minlərlə
tarixi abidə var. Ermənilər bu abidələri dağıdır, talan edirlər.
İslam mədəniyyətinə aid olan abidələr dağıdılır, xristian
mədəniyyətinə aid olan abidələrin adları dəyişdirilir. Bu
abidələrin bəziləri UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına
daxil edilib. Buna baxmayaraq, ermənilər Dağlıq Qarabağda və işğal
altında olan digər ərazilərdəki məbədlərin, alban tarixinə aid
kilsə və digər tikili abidələrin adlarını silib erməni adı ilə
qeydiyyata salıblar. Biz bu cür hallara qarşı mübarizəmizi
gücləndirməliyik".
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında itki və
tələfatların qiymətləndirilməsi üzrə işçi qrupun üzvü Faiq
İsmayılov çıxışında işğal olunmuş ərazilərimizdəki vəziyyətlə bağlı
məlumat verib. Bildirib ki, ermənilər tərəfindən işğal olunmuş
Azərbaycan ərazilərində 6 minə yaxın daşınmaz tarixi abidə, 34 minə
yaxın bədii irs nümunəsi qalıb. Ermənilər bu abidələrin
əksəriyyətini dağıdıb, talan ediblər. Ermənistana aparılan
abidələrin çoxu xaricə satılıb. İşğal altında olan kitabxanalarda
saxlanılan 5 milyona yaxın kitabın da harada saxlanıldığı məlum
deyil.
F.İsmayılovun çıxışı zamanı Azərbaycan Respublikası Mədəniyyət
və Turizm Nazirliyinin dəstəyi ilə hazırlanmış videoçarx nümayiş
etdirilib. Videomateriallarda ermənilərin Azərbaycan torpaqlarında
törətdikləri vandalizm konkret faktlarla iştirakçılarının diqqətinə
çatdırılıb.
F.İsmayılov jurnalistlərə deyib: "Azərbaycanın və Gürcüstanın
işğal altındakı ərazilərində erməni vandalizminin qarşısını almaq
üçün beynəlxalq təşkilatlar abidələrin mühafizəsinə nəzarət
etməlidirlər. Çünki Ermənistan hərbi münaqişələr zamanı mədəni
sərvətlərin qorunması haqqında Haaqa Konvensiyasının və Mədəni
sərvətlərin qeyri-qanuni dövriyyəsi haqqında" Paris Konvensiyasının
müddəalarını kobud şəkildə pozublar.
"Mərhəmət" Kimsəsizlərə Yardım İctimai Birliyinin sədri İradə
Nəsirova, "Kommentarii" jurnalının baş redaktoru Vladimir Svidiani
və başqaları çıxış edərək mövzunun aktuallığını qeyd edib, dünya
ictimaiyyətinin bu məsələyə diqqətinin artırılmasının vacibliyini
vurğulayıblar.