Bakı Dövlət Universitetində tələbələrin son etiraz
aksiyası ilə əlaqədar bir qrup ziyalı və pedaqoq gənclərə müraciət
edib.
Akademiklər Vasim Məmmədəliyev, Bəhram Əsgərov, Fikrət Əliyev,
AMEA-nın müxbir üzvləri Vasif Babazadə, Məsumə Məlikova, Rəfiqə
Əliyeva, Məhəmməd Mehdiyev və daha 63 nəfərin imzaladığı müraciətdə
deyilir:
"Əziz gənclər! Bildiyiniz kimi, Azərbaycan Respublikası Nazirlər
Kabineti 24 dekabr 2013-cü il tarixində "Ali təhsil müəssisələrinin
bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə
tədrisin təşkili Qaydaları" ilə bağlı qərar qəbul etmiş, bunun
əsasında AR Təhsil Nazirliyi 21 yanvar 2013-cü il tarixində müvafiq
əmr vermişdir. Bütün universitetlər və digər təhsil müəssisələri
üçün nəzərdə tutulan bu mütərəqqi qərar və əmrdə bir çox məsələlərə
aydınlıq gətirilmiş, tələbələr üçün yaradılan əlverişli hallarla
bərabər belə bir bənd də əlavə edilmişdir ki, akademik borcu olan
tələbə semestr ərzində 30 kreditdən əlavə kredit götürərsə, bu
kreditlər üçün müəyyən vəsait ( bir kredit üçün orta hesabla 25
manatdan 34 manata kimi) ödəməlidir. Bu ödəmə həm də tələbələrdə
müəyyən məsuliyyət hissi yaratmaq məqsədilə nəzərdə tutulmuşdur.
Qeyd edək ki, bu sessiya ərzində BDU-nun 20 min tələbəsindən
akademik borcu olanlar 3200 nəfər təşkil etsə də, bunlardan yalnız
200 nəfərə yaxını pul ödəməli olacaqdır ki, bunlar da
tələbələrimizin cəmi 1 %-ni təşkil edir. Demək, 99% bu prosesdən
kənarda qalır.
Lakin təəssüf ki, bu məsələ ölkəmizdəki sabitliyi, əmin-amanlığı
gözü götürməyən bəzi bədxahlar üçün bəhanəyə çevrilmiş, məsələnin
mahiyyətini bilməyən gəncləri təxribat xarakterli çağırışlarla
iğtişaşlara səsləmiş, sosial şəbəkələrdə guya "tələbələrin cibinə
girmək", "gənclərə sayqısızlıq" və s. cəfəng iddialarla məlumatlar
yaymışlar. 17 fevral və 18 fevral tarixlərində bizim də
iştirakımızla (BDU–da 2-ci semestrin dərsləri başladıqdan dərhal
sonra) rektor akademik Abel Məhərrəmov və digər rəhbər işçilər bu
məsələ ilə ciddi məşğul olmağa, tələbələrlə görüşməyə və onların
arasında izahat işi aparmağa başlasalar da, hansısa naməlum
qüvvələr 20 fevral tarixində növbədəyişmə vaxtında (I növbənin
dərsləri qurtaran və II növbənin dərslər başlayan müddətdə) BDU-nun
qarşısında aksiya keçirməyə nail oldu (Yeri gəlmişkən, aksiyaya
toplanmış 30-40 nəfərin BDU ilə heç bir bağlılığı yox idi, böyük
bir hissəsi isə, ümumiyyətlə tələbə olmayan şübhəli şəxslər idi).
Rektor toplaşanlarla görüşüb müzakirəni sivil formada davam
etdirmək üçün 21 fevral tarixində BDU-nun böyük akt zalına vaxt
təyin etdi.
Həmin görüşdə biz də iştirak edirdik. AR NK-nin yeni qərarına
aydınlıq gətirmək məqsədilə BDU rəhbərliyi və Təhsil Nazirliyinin
nümayəndələri iki saata yaxın izahat işi apardı, səslənən suallara
ətraflı cavablar verildi və qeyd edək ki, hamı razı qaldı. Lakin
tədbirin sonunda müzakirə edilən məsələyə dəxli olmayan təxribat
xarakterli sual səsləndirildi və təəssüf ki, bir sıra mətbuat
orqanları və sosial şəbəkələr 2 saatlıq tədbirdəki müsbət hallar
barədə bir kəlmə yazmasalar da, 2 dəqiqəlik təxribatı böyüdərək
qlobal problem kimi təqdim etdilər.
Bununla belə, həmin gün rektorluğun iclası keçirildi, münaqişə
komissiyasında mübahisəli olan yüzlərlə iş tələbələrin xeyrinə həll
olundu, onlarla müraciətin müsbət həll olunması barədə qərar qəbul
edildi. Yəni hal-hazırda BDU-da narazılıq doğuracaq heç bir problem
yoxdur. Ancaq sosial şəbəkələrdə BDU tələbələrinə, o cümlədən Bakı
şəhərindəki bütün ali məktəb tələbələrinə müxtəlif çağırışlar
edilir, fevralın 24-də yenə də növbədəyişmə vaxtı onlar müxtəlif
tələblərlə yenidən aksiya keçirmək üçün BDU-nun qarşısına dəvət
olunurlar.
Hörmətli gənclər!
Regionun sabit ölkəsi kimi gündən-günə inkişaf edən
respublikamızın uğurları, möhtərəm prezidentimiz cənab İlham
Əliyevin rəhbərliyi altında əldə edilən nailiyyətlər bədxahlarımızı
narahat edir. Bundan ötrü xalqımızın milli qürur mənbəyi olan Bakı
Dövlət Universitetindən istifadə etməkdən də çəkinmirlər. Sosial
şəbəkələrdə yayılan məlumatlardan görünür ki, müxtəlif qüvvələr
tələbələrdən sui-istifadə edərək respublikada siyasi sabitliyi
pozmaq məqsədini güdürlər. Məlumat üçün bir daha bildiririk ki,
sosial şəbəkələrdə çağırış edən şəxslərin yalnız az bir hissəsi BDU
tələbələridir. Əksəriyyət isə digər ali məktəblərin və özünü tələbə
kimi qələmə verən, əslində isə heç tələbə olmayan müxtəlif
qrupların nümayəndələridir. Bütün bu proseslər bütün həyatını elmə,
təhsilə bağlayan biz ağsaqqalları narahat etməyə bilməz! Biz
ömrümüzün 50 ilə yaxın dövrünü BDU-da keçirərək bütün zamanlarda
onu göz bəbəyi kimi qorumuşuq. İstəyirik ki, özümüzdən sonrakı
nəsillərə onu belə saf, müqəddəs məbədgah kimi ötürə bilək. Danmaq
olmaz ki, universitetimiz son illərdə elm və təhsil sahəsində böyük
uğurlar qazanmış, dünyanın qabaqcıl universitetləri sırasına çıxa
bilmişdir. Gözlərimiz önündə intibah dövrünü yaşayan bu ocağı
bədxahların əlində öz əleyhimizə çevirməyə qoymamalıyıq. Hamımız
ayıq-sayıq olmalı, doğma vətənimizi, dövlətimizi, universitetimizi
qorumalı, vətəndaş mövqeyimizi ucuz hisslərdən uca tutmağı
bacarmalıyıq. Sizi "Öncə Vətəndir" deyimini unutmamağa çağırırıq!".
(ANS)