İranın Azərbaycandakı səfiri Möhsün Pakayinin bu
günlərdə keçirdiyi mətbuat konfransında bəyan edib ki, "Qarabağ
münaqişəsi Fələstin münaqişəsinə bənzəmir". Onun fikrincə, İsrailin
Fələstində törətdiyi qırğınlar və insanlara verilən zülüm Qarabağda
baş verən hadisələrlə müqayisəolunmaz dərəcədədir. Qarabağ
münaqişəsinin həlli ilə bağlı danışıqlar getdiyini diqqətə çatdıran
səfir ölkəsinin bu danışıqların nəticə verəcəyinə ümid etdiyini
deyib.
Bu fikirləri 1news.az-a Siyasi İnnovasiya və Texnologiyalar
Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bildirib.
Politoloqun fikrincə, cənab Möhsün Pakayinin açıqlamaları
olduqca məntiqsizdir və daha çox İranın Ermənistanla bağlı isti,
mehriban siyasətinə don geyindirmək məqsədi daşıyır.
"Ən azından unudulmamalıdır ki, vaxtilə məhz İran ərəblərin
acığına İsrail işğalının möhkəmlənməsinə hərtərəfli yardım
göstərib. İndi isə formal olaraq Azərbaycanın ərazi bütövlüyünü
dəstəklədiyini bəyan edir, əməldə isə işğalçı Ermənistana dəstək
verir.
Səfir bildirir ki, "İsrail rejimi Fələstin torpaqlarını işğal
edib, oradakı əhaliyə işgəncələr verir, zülmə məruz qoyur. Fələstin
və Qarabağ məsələsi tamamilə fərqlidir... İsrail rejiminin orada
törətdiyi qırğınlar və insanlara verilən zülmlər Qarabağda baş
verən hadisələrlə müqayisə olunmaz dərəcədədir". Səfir bununla
ermənilərin işğalçılıq, etnik təmizləmə və soyqırımı siyasətini
inkar etmirmi? Sual olunur: Ermənistanda və Dağlıq Qarabağda
şiə-müsəlmanlar zülmə, işgəncəyə məruz qalmayıbmı, öldürülməyibmi?
Bəs onların taleyi səfiri niyə qayğılandırmır?"
M.Əhmədoğlu bildirib ki, İsrail Fələstində ərəblərin yaşamasına
qarşı çıxmır, ərəblər İsraildə yaşayırlar, bu ölkəyə
gedib-gəlirlər. Amma Ermənistandan və Dağlıq Qarabağdan
azərbaycanlıların hamısı qovulub və artıq orada azərbaycanlı da
yoxdur ki, ona zülm və ya işgəncə verilsin:
"Belə çıxır ki, şiə-müsəlmanları deportasiya etdiyi, soyqırımına
məruz qoyduğu üçün ermənilər Fələstində bu işləri görməyən
yəhudilərə nisbətən daha ədalətlidirlər. İran işğalçı Ermənistana
siyasi, iqtisadi, hərbi və mənəvi dəstək verir. İranın Müdafiə və
Silahlı Qüvvələrə Dəstək Nazirliyinin tabeçiliyində olan "Etka"
müəssisəsi Ermənistan ordusunu ərzaq, geyim və s. hərbi ləvazimatla
təmin edir. Üstəlik, hərbi təyinatlı məhsullar işğalçı Ermənistanın
ordusuna ucuz qiymətlə, İranın uzunmüddətli dövlət krediti hesabına
verilir. Bu da Ermənistan rəhbərliyinin əlində olan vəsaiti silah
alınmasına xərcləməsi üçün şərait yaradır.
Digər tərəfdən, hazırda İranla danışıqları Ermənistan müdafiə
nazirinin müavini, maddi-texniki təchizat departamentinin rəisi
Movses Akopyan aparır. M.Akopyan Dağlıq Qarabağın keçmiş müdafiə
naziridir. Onun İranla həmişə əlaqələri olub və bu əlaqələrin indi
də davam etdiyi açıq görünür. Fakt budur ki, hazırda İran
Ermənistana mümkün olan bütün yardımları göstərir, bu ölkənin
rəsmiləri isə əli azərbaycanlıların qanına batmış hərbi
cinayətkarla bir masa arxasına oturur və onlarla sıx əməkdaşlıq
edirlər".
M.Əhmədoğlu sözlərinə əlavə etdi ki, Dağlıq Qarabağda bir dənə
də məscid qalmayıb, bütün dini abidələr yerlə yeksan edilib.
Fələstində isə fərqli mənzərədir:
"Məscidlər də fəaliyyət göstərir, müsəlmanlar da öz dini
ehtiyaclarını ödəyirlər. Məntiqlə səfir bu fərqi qeyd etməliydi,
amma bilərəkdən etmir. İran İsrail rejimini saxta hesab edir. Bəs
Ermənistanın Dağlıq Qarabağda oturtduğu ekstremist, terrorçu,
müsəlmanların qanına susayan, əli minlərlə şiə-müsəlmanın qanına
batmış rejimi niyə ittiham etmir? Fələstin və Dağlıq Qarabağ
məsələsi arasında hər hansı paraleli istisna edən səfir, faktiki
olaraq, Dağlıq Qarabağdakı rejimə bəraət qazandırmış kimi
görünür".
"İran ümid edir ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 20 ildən
artıqdır davam edən, ancaq nəticəsiz danışıqlar, bəhrə verəcək.
Amma İsraili ittiham edərək Fələstinə əməli dəstək verən İran
Ermənistana və Dağlıq Qarabağdakı separatçı rejimə adekvat
münasibət göstərmir. Bu danışıqların bəhrə verməsi üçün İran bu
günə kimi hansı addımları atıb? Ermənistanla günü-gündən güclənən
siyasi və iqtisadi əlaqələr, ən yüksək səviyyədə qarşılıqlı
səfərlər, viza rejiminin ləğvi, müştərək iqtisadi layihələr və s. –
budurmu İranın münaqişənin həllinə töhfəsi?" – M.Əhmədoğlu
bildirib.
Daha sonra politoloq bildirib ki, Azərbaycan vaxtilə İranın
vasitəçiliyini qəbul etdi:
"Şuşanın işğalı ilə Azərbaycanı cəzalandırdılar. Az sonra İran
onu cəzalandıranlarla birlikdə Azərbaycana qarşı siyasət apardı. Bu
gün Azərbaycan İranın Dağlıq Qarabağ məsələsində vasitəçiliyini
dəstəkləyir. Ermənistan isə rədd edir. İran onu rədd edən
Ermənistana qucaq açır. Səbəbini görəsən, özü bilirmi?!
Səfir Möhsün Pakayin İsraili dünya üçün təhlükə sayır. Amma bu
gün Ermənistan regionda təhlükə faktorudur, bu və ya digər ölkələrə
qarşı ərazi və başqa iddialarla çıxış edir. Məhz Ermənistanın
qeyri-konstruktiv mövqeyi səbəbindən 20 ildən artıqdır davam edən
Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmır. Ədalət naminə səfir
bunları da qeyd edə bilərdi. Amma etmir. Çünki onun dövlətinin
işğalçı Ermənistanla bağlı siyasi xətti reallığa ziddir".
Son olaraq M.Əhmədoğlu sözlərinə əlavə etdi ki, ədalət, müsəlman
həmrəyliyi, şiə təəssübkeşliyi bir yana qalsın, İranın bəzi yüksək
vəzifəli şəxsləri Azərbaycandan gələn haqlı dost iradlarına sərt
reaksiya verir, "Şimal-Cənub" dəmiryolunun istiqamətini Ermənistana
dəyişəcəkləri ilə bağlı hədələyici mesajlar verirlər:
"Bu dəmiryolunun tikintisinə 500 milyon dollar vəsait tapa
bilməyən və onu Azərbaycandan borc alan İran onun Ermənistandan
keçməsi üçün bir neçə dəfə çox vəsaiti haradan əldə edəcəkdir?
Birdə bu nə məntiqdir? Bəlkə elə həqiqətən də İran pərdə arxasında
yeni oyunlar planlaşdırır?
Mehriban qonşuluq, dostluq və qardaşlıq münasibətləri təkcə
tarix, ortaq mədəni dəyərlər deyil, həm də bu günün reallıqlarıdır.
Reallıq da odur ki, Pakistan da daxil olmaqla 10-dan artıq ölkə,
həmçinin ABŞ-ın 20-dən çox ştatı Xocalı soyqırımını tanıyıb. İranın
görəsən, neçə ostanı Xocalı soyqırımını tanıyır?! İsrail və
Səudiyyə Ərəbistanının Ermənistanda səfirlikləri yoxdur. Bəs
İranın?"