Fevralın 24-də Azərbaycan Respublikası Hərbi
Prokurorluğunun inzibati binasında Memorial Soyqırım muzeyinin
açılışı olub.
Hərbi Prokurorluğunun mətbuat xidmətindən
"Axar.az"a verilən məlumata görə, muzeyin
açılışında Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralov,
İnsan Hüquqları üzrə müvəkkil (Ombudsman) Elmira Süleymanova, işğal
olunmuş rayonlarımızın icra hakimiyyətlərinin başçıları, Milli
Məclisin deputatları, xarici ölkələrin və ictimaiyyətin
nümayəndələri iştirak ediblər.
Azərbaycan Respublikasının Hərbi Prokuroru ədliyyə
general-leytenantı Xanlar Vəliyev bildirib ki, XX əsrin
əvvəllərində erməni quldur dəstələri Azərbaycanın demək olar ki,
bütün ərazilərində xalqımıza qarşı soyqırımı törədiblər. Erməni
millətçilərinin xüsusi amansızlıqla və qəddarlıqla törətdlikləri
kütləvi qırğınların, bəşəriyyət və sülh əleyhinə cinayətlərin
tarixin yaddaşına həkk olunması, bütövlükdə Qarabağ hadisələri ilə
bağlı obyektiv həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, bu
barədə gələcək nəsillərin ixtiyarına tutarlı dəlillərin və ətraflı
məlumatların verilməsi məqsədi ilə Respublika Hərbi Prokurorluğunun
təşəbbüsü bəyənilərək 2013-cü ilin 19 iyul tarixində baş prokuror
Z.Qaralov tərəfindən Azərbaycan Respublikası Hərbi Prokurorluğunda
Memorial Soyqırım muzeyinin yaradılması barədə əmr imzalanıb:
"Həmin əmrin icrası ilə əlaqədar Respublika Hərbi Prokurorunun
müvafiq Sərəncamı ilə işçi qrupu təsis edilib. İşçi qrupu
tərəfindən qısa müddət ərzində tarixi sənəd, faktlar və istintaq
materialları əsasında zəngin soyqırım muzeyi yaradılıb. Xatirə
muzeyi XX əsrin əvvəllərindən bəri bolşevik-erməni silahlı
dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi
qırğınlar nəticəsində həlak olan on minlərlə azərbaycanlının
xatirəsinə həsr edilib".
Mərasimdə çıxış edən Baş prokuror Zakir Qaralov isə muzeyin
yaradılmasının tarixi bir hadisə olduğunu bildirərək muzeyin
açılışının ermənilərin azərbaycanlılara qarşı törətdiyi
cinayətlərin dünyada tanıdılması istiqamətində əhəmiyyətini
vurğulayıb. Azərbaycan xalqına qarşı törədilmiş bu soyqırımı
faktının beynəlxalq aləmdə tanıdılması üçün görülmüş işlərin bundan
sonra da davam etdirilməsinin vacibliyini qeyd edən baş prokuror
xalqımıza qarşı soyqırımı həyata keçirilməsini təsdiqləyən bir çox
faktların göz önündə olduğunu deyib: "Bu cinayəti törədənlər ədalət
mühakiməsi qarşısında əməllərinə görə cavab verməlidirlər".
Sonra tədbir iştirakçıları muzeylə tanış olublar. Muzey 4
bölmədən: tarix, deportasiya-repressiya, soyqırım və terror
bölməsindən ibarət olmaqla cəmi 320 kvadratmetr sahədə yerləşib.
Muzeyin girişində yerləşdirilmiş rəsm əsərləri ürəkləri parçalayan
şiddətli ağrıları təcəssüm etdirir. Bu rəsmlər həqiqəti gizlətməyin
mümkün olmadığını göstərir. Rəsm əsərləri soyqırım qurbanlarının
matəm sükutunu özündə əks etdirir. Muzeyin girişində "Xocalı
fəryadı" adlı rəsm əsəri buna əyani sübutdur. Muzey xalqımıza qarşı
törədilmiş soyqırım, deportasiya, hərbi cinayətlər barədə xarici və
azərbaycan müəllifəlirinin kitablarından ibarət zəngin kitab fondu
ilə təchiz olunub. Bütün bölmələrdə məlumat mərkəzi quraşdırılıb.
Həmçinin, muzeyin girişində Xocalı soyqırımının 20-ci ildönümü ilə
əlaqədar 2012-ci ilin fevralın 26-da Prezident İlham Əliyevin
rəhbərliyi altında 100 mindən artıq insanın Xətai rayonu ərazisində
olan "Ana fəryadı" abidəsinə keçirilmiş yürüşünün iri həcmli
fotoşəkli yerləşdirilib.
Muzeyin tarix və deportasiya-repressiya bölmələrində XX əsrin
əvvəllərində Azərbaycanın müxtəlif ərazilərinin dağılıb viranə
qoyulmuş görüntüləri, əhalinin həyat tərzi haqqında fotolar vardır.
Muzeydə quraşdırılmış sensor ekranlı monitordakı xüsusi xəritədə
ermənilərin ötən əsrdə xalqımıza qarşı ölkəmizin müxtəlif
bölgələrində həyata keçirdikləri soyqırımlar barədə bir neçə dildə
məlumat əldə etmək mümkündür. Burada ümummilli lider Heydər
Əliyevin və Prezident İlham Əliyevin azərbaycanlılara qarşı həyata
keçirilən soyqırım siyasətinin ifşa olunaraq dünya ictimaiyyətinə
çatdırılması istiqamətində gördüyü işlərin və imzaladığı
sərəncamların nümayiş etdirildiyi guşə də yaradılıb. Həmçinin Quba,
Cavad, Göyçay, Şamaxı və Bakı qəzaları barədə və bu qəzalarda
ermənilərin törətdikləri vəhşiliklər haqqında dolğun məlumatlar
vardır. Bu guşələrdə həm də qəzaların əhalisi, müdafiəçiləri,
müsəlman qırğınları üzrə Fövqəladə Təhqiqat Komissiyasının
məlumatları, sənədləri, Rusiya imperiyası və İran dövləti arasında
bağlanmış və Azərbaycanı ikiyə bölən Gülüstan və Türkmənçay
müqavilələri, "Azərbaycan xalqına qarşı etnik təmizləmə və soyqırım
siyasətinin deportasiya və sürgün mərhələsi" kompozisiyası, 1930-cu
illərdə repressiya qurbanı olmuş Azərbaycan ziyalıları və görkəmli
şəxsiyyətlərin cinayət işlərindən götürülmüş fraqmentlər,
azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından son
deportasiyasını əks etdirən fotolar sərgilənir.
Muzeyin soyqırım və terror bölmələrində erməni silahlı
birləşmələri və MDB-nin 366-cı alayının 1992-ci ilin fevralın 26-da
Xocalı şəhərinə birgə hücumunu əks etdirən maket və fotolar, habelə
digər eksponatlar yerləşdirilib.
Həmin bölmədə 26 fevral 1992-ci il tarixə Xocalı və ətraf
əraziləri özündə əks etdirən 1:7500 miqyasında maket qurulub.
Respublika Hərbi Prokurorluğu tərəfindən aparılmış ibtidai istintaq
materiallarına uyğun olaraq hücum zamanı erməni silahlı
birləşmələri və 366-cı alayın bölmələrinin yerləşdiyi ərazilər və
onlar tərəfindən xüsusi amansızlıqla kütləvi qətlə yetirilmiş dinc
əhalinin meyitlərinin olduğu yerlər də maketdə öz əksini tapıb.
2005-ci il mayın 5-dən etibarən Respublika Hərbi Prokurorluğu
tərəfindən istintaq olunan həmin iş üzrə sülh və insanlıq əleyhinə,
müharibə cinayətləri törətmiş 296 şəxsin təqsirləndirilən şəxs
qismində cəlb olunmalarına dair qərarlar çıxarılmaqla barələrində
məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və axtarışları
elan edilib. Bölmədə fakt üzrə aparılan cinayət işinin cildləri,
hadisə yerinə baxış protokolları, erməni təcavüzkarlarının
törətdikləri vəhşilikləri sübut edən əşyalar, ekspert rəyləri,
ifadələr, meyitlərin fotoşəkilləri və eləcə də Xocalıda, Meşəlidə,
Qaradağlıda və digər yaşayış məntəqələrində cinayətin izlərini
özündə əks etdirən əşyalar yer alıb. Həmin əşyalar sırasında
Meşəlidə bütünlüklə qətlə yetirilmiş Novruzovlar ailəsinə məxsus
ürək ağrıdan fotoşəkillər, əşyalar, üst geyim paltarları, yarımçıq
qalmış toxuma da var.
Bütünlüklə qətlə yetirilmiş ailələrin, eləcə də qadınların,
qocaların, uşaqların, müzeydə əks etdirilən fotoşəkilləri və
əyşyaları baxdıqca ürəkləri dağlayır.
Erməni terrorunu özündə əks etdirən partladıcı qurğuların, güllə
başlıqlarının hadisə yerindən götürülmüş nümunələri də muzeydə
saxlanılır.
Tədbirin sonunda mərasim iştirakçıları ümummilli lider Heydər
Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin azərbaycanlıların
soyqırımı və deportasiyası ilə bağlı çıxışlarını, sərəncamlarını,
habelə həmin faktları özündə əks etdirən sənədli filmlərdən ibarət
videoçarxa baxıblar.
Qeyd edilib ki, Respublika Hərbi Prokurorluğunda yaradılmış bu
muzey Azərbaycan xalqının gələcək nəsillərinin qan yaddaşının
qorunmasına və soyqırım qurbanlarının xatirəsinin
əbədiləşdirilməsinə xidmət edən ağır bir tarixi hadisəni özündə əks
etdirən nümunədir. Müstəqilliyimizin bizə bəxş etdiyi töhfələrdən
biri də tarixi həqiqətlərimizi, tariximizi obyektiv şəkildə
araşdırmaq və bu faktları gələcək nəsillərə olduğu kimi
çatdırmaqdan ibarətdir.
Bu muzeyin xarici vətəndaşlara, xaricdən gələn qonaqlarımıza
soyqırım, ermənilərin başımıza gətirdiyi faciələr barədə mühüm
məlumatların çatdırılmasında böyük faydası olacaq.