Bu gün Bolqarıstanda, Rumıniya sərhədi yaxınlığında pilotsuz uçuş aparatı (PUA) partlayıb. Onun mənşəyi hələ müəyyən edilməyib.
Axar.az xəbər verir ki, bu barədə “Avronyus” məlumat yayıb.
Bolqarıstanın Baş naziri Rumen Radevin sözlərinə görə, PUA ölkənin hava məkanına Rumıniya ərazisindən daxil olub və daha sonra keçmiş “Kardam” sərhəd-keçid məntəqəsinin yaxınlığında, Trans-Balkan qaz kəmərinin kompressor stansiyasından təxminən 1000 metr məsafədə partlayıb.
“Dronun çıxardığı səs Rumıniya sərhəd xidməti tərəfindən qeydə alınıb. Daha sonra General-Toşevo sərhəd xidmətinin patrulu güclü partlayış səsi eşidib”, – deyə Radev mətbuat konfransında bildirib.
O əlavə edib ki, PUA-nın partladığı yer dərhal müəyyən edilib və hadisə nəticəsində ölən və ya xəsarət alan olmayıb, həmçinin binalara və infrastruktura ziyan dəyməyib.
Radev qeyd edib ki, nə Bolqarıstan, nə də Rumıniya hakimiyyəti PUA-nın hava məkanlarından keçidi zamanı onu aşkar edə bilməyib. Onun sözlərinə görə, bundan sonra bölgədə müşahidə və nəzarət tədbirləri gücləndiriləcək.
Bildirilir ki, insidentlə bağlı artıq araşdırma başlanıb. İstintaqın məqsədi PUA-nın tipini və mənşəyini müəyyən etməkdir.