Yuxarı

Ruhların Yer kürəsinə gəlişi – Maraqlı

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kult.az filologiya üzrə elmlər doktoru, professor Kamil Hüseynoğlunun “Novruz mərasimləri və onların mənaları” adlı yazısını təqdim edir.

Hər bir xalqın həyatında bir sıra dini, siyasi (dövlət) və milli (əksər hallarda - təbiətlə bağlı) bayramlar var. Dini bayramlarda keçmişdə baş vermiş müxtəlif rəvayətlər, siyasi bayramlarda isə xalqın keçmiş həyatı ilə bağlı olan ayrı-ayrı hadisələr yad edilir. Ancaq bu hadisələr yenidən canlandırılmır, təkrar olunmur. Təbiət bayramları isə sanki hər il yenidən gəlir və yenidən canlandırılır. Hazırda 13 ölkədə 400 milyona yaxın insan tərəfindən milli bayram kimi qeyd edilən Novruz da mahiyyət etibarilə təbiət bayramıdır və ona xüsusi rövnəq verən cəhətlərdən biri də elə budur. Ancaq hələ qədim zamanlardan ona dini-fəlsəfi boyalar da verilib. Bizim günlərə qədər gəlib çatmış Novruz mərasimləri də məhz qədim əcdadlarımızın dini etiqadlarını əks etdirən Zərdüştiliyin dini-fəlsəfi təlimi ilə bağlıdır. Zərdüştilik təlimi isə xeyli dərəcədə astrologiyaya əsaslanır və Novruzun baharın ilk günü ilə üst-üstə düşməsinin səbəbi də bununla bağlıdır. Novruz mərasimləri də bilavasitə Zərdüştiliyin dini-fəlsəfi təliminə əsaslanır və bu mərasimlərin mənalarını anlamaq üçün həmin təlimə qısa bir nəzər salmaq lazımdır.

Zərdüştilik dininin əsasında xeyir və şər qüvvələri arasında dünya səviyyəsində gedən mübarizə dayanır. Ahura Məzdanın 7 ünsürdən ibarət yaratdığı dünya xeyir qüvvələri təmsil edir. Bu ünsürlər aşağıdakılardır: yumurta qabığı formasında olan Səma, qabığın aşağı hissəsini dolduran su, suyun üzərində Yer (torpaq), Yerin üzərində isə bir bitki, bir buğa, bir insan və Günəşi təcəssüm etdirən od (atəş).

Bu ünsürlərdən ibarət olan dünya əvvəllər sabit halda dayanırdı. Ancaq sonra Günəşin işığı şər, pislik tanrısı sayılan və qaranlıqda yatmış olan Əhrimənin gözlərini qamaşdırdı və o, yuxudan oyanıb, Ahura Məzdanın yaratdığı dünyanın üzərinə hücuma keçdi. O, səmanı yardı, şəffaf suyu bulandırdı, Yerin hamar səthini kələ-kötür etdi, bitkini susuz qoyub qurutdu, buğanı və insanı aclıqdan öldürdü, odu tüstüyə yoluxdurdu. Bunu görən Ahura Məzda Günəşi hərəkətə gətirdi və Günəş də öz növbəsində bütün digər ünsürləri isidərək, hərəkətə gətirdi. Beləliklə, Günəş dövr etməyə, gecə ilə gündüz əvəzlənməyə, sular axmağa başladı, bitki, buğa və insan da canlandı. Bu ünsürləri Əhriməndən qorumaq üçün Ahura Məzda onlardan hər birinə bir qoruyucu mələk təyin etdi, özü isə insanın hamisi oldu.

Bu deyilənlərdən göründüyü kimi, Zərdüştilikdə dünya 7 ünsürdən ibarətdir və Azərbaycanda da 1980-cı illərə qədər Novruzdan əvvəl altı ünsürün adı ilə altı çərşənbə günü qeyd edilirdi. Sırada sonuncu olan “od” ünsürü isə Novruz günü yad edilirdi. Ancaq ərəb işğalından sonra rəsmi olaraq qadağan edilmiş, yalnız xalq yaddaşında yaşayan bu ünsürlərin mənaları kimi, adları da unudulmuş və ya dəyişdirilmişdi; onlar ayrı-ayrı rayonlarda müxtəlif adlar daşıyırdı. Yenidənqurma zamanı Novruz rəsmi bayram kimi dövlət səviyyəsində qeyd edildiyinə görə bizim folklorşünaslara çərşənbə günlərini müəyyən sistemə salmaq tapşırılmışdı. Ancaq o zaman Novruzun qədim tarixini bilən mütəxəssis yox idi və buna görə də onlar bu ünsürləri və onların sistemini fars Novruzundan götürdülər. Farslardakı dörd ünsür (su, hava, torpaq, od) isə farsların qədim Mitra dininin yaranış əsatirinə məxsusdur. Zərdüştilik dinini hələ Zərdüştün zamanında (e.ə. VI əsrdə) qəbul etmiş azərbaycanlılardan fərqli olaraq, farslar Zərdüştün təlimini yalnız Sasanilər dövründə (b.e. III-VII əsrləri) qəbul etməyə məcbur oldular. Çünki farsların daimi düşməni olan Bizansın rəsmi dini sayılan xristianlıq artıq İranda da yayılmaqda idi və iranlı xristianlar Bizansın xeyrinə casusluq edirdilər. Bunun qarşısını almaq üçün farslar “kitabı” olan başqa bir dini – Zərdüştilik dinini qəbul etdilər. Ancaq bu zaman onlar öz Mitra (Mehr) dininin əsas ayinlərini də Zərdüştün təliminə qarışdırdılar. Zərdüştiliyin mərkəzi sayılan Azərbaycanda isə saf Zərdüştilik təlimi bundan sonra da yaşamaqda idi.

Zərdüştilik təliminə əsasən il iki fəslə – qış və yay fəsillərinə bölünürdü. İl boyu həm təbiətdə, həm də cəmiyyətdə xeyir və şər qüvvələrinin mübarizəsi gedirdi və yayda xeyir, qışda isə şər qüvvələri qalib gəlirdilər. Qışdakı soyuq, aclıq, xəstəliklər, qaranlıq da şər qüvvələrin əməllərinin nəticəsi hesab edilirdi. Bunlardan əziyyət çəkən insanlar Novruza 6 həftə qalmış, yəni qışın ortasında artıq dözməyərək, kömək üçün öz qoruyucu mələklərinə müraciət etməyə başlayırdılar. Çərşənbə günləri də məhz bu müraciətlərlə bağlıdır. Hər həftə bir qoruyucu mələyə (Avestada onlar “Spentə Məinyu”, yəni “Əbədi Müqəddəslər” adlanırlar) müraciət edilirdi. Sonuncu çərşənbədə isə insanın qoruyucusu olan Ahura Məzdanın özünə müraciət edilirdi və o, qoruyucu mələkləri və ölmüş mömin insanların ruhlarını bu dünyadakı qohumlarına kömək məqsədilə Yerə göndərirdi. Novruzdan xeyli öncə həyət-bacaların təmizlənməsi, təzə paltar alınması, azuqə tədarük edilməsi və s. hazırlıqlar da məhz bu “əbədi müqəddəslərin” və ölmüş əcdadların ruhunun qarşılanması üçün nəzərdə tutulurdu. Nəhayət, axır çərşənbənin axşamı qoruyucu mələklər və əcdadların ruhları gəlib Yerə çatırdılar. Bu zaman ruhlar öz yaxınlarını tez tanıyıb, evlərini asan tapsınlar deyə evlərin damlarında və ya digər hündür yerlərdə tonqal qalayıb, onun üstündən tullanırdılar. İndi tonqalın üzərindən tullanarkən “ağırlığım, uğurluğum, tökül bu odun üstünə” deyilməsi yanlışdır və bu mərasimin qədim mənasının unudulması nəticəsində sonradan uydurulub. Çünki Zərdüştilikdə od olduqca müqəddəs anlayışdır.

Bundan sonra qonaqlıq başlanırdı və ruhlar, mələklər də öz yemək paylarını almaq üçün qapı və ya bacalardan “torba sallayırdılar” (əslində isə bu işi xüsusi kahinlər edirdilər). Yeddi Spentənin (müqəddəs mələyin) şərəfinə süfrədə adları “s” hərfi ilə başlayan yeddi nemət də (“həft sin”) qoyulmalı idi. Bu nemətlər (əsasən bitki məhsulları) müxtəlif xalqlarda müxtəlifdir. Axır çərşənbə axşamı hamının xoş sözlər danışması ənənəsi də “səma elçiləri”nin onları dinləməsi ilə bağlıdır.

Belə hesab edilirdi ki, ruhlar və mələklər yeyib-içib dincələndən sonra, yəni axır çərşənbənin səhəri günündən Novruza qədər olan bir neçə gün ərzində xeyir və şər qüvvələri arasında mübarizə gedir. Bu mübarizənin tamaşa formaları da ayrı-ayrı regionlarda müxtəlifdir. Məsələn, “Kos-kosa”, xalq tamaşasındakı Keçəl soyuqdan donmuş, “keçəlləşmiş” təbiətin, yəni şər qüvvələrin təmsilçisi, kosa isə (qədim Avesta dilində bu söz “keçi” deməkdir) xeyir-bərəkət rəmzi olmaqla xeyir qüvvələrin təmsilçisidir və onlar bir-birilə mübarizə aparırlar. Sonda keçi buynuzları ilə vuraraq Kosanı öldürür və beləliklə də xeyir qüvvələri qalib gəlirlər.

Axır çərşənbə ilə Novruz arasında olan günlərdə müxtəlif rənglərə boyanmış yumurtaların döyüşdürülməsi də xeyir və şər qüvvələri arasında dünya miqyasında gedən döyüşün göstəricilərindən hesab edilirdi. Çünki yumurta qabığı dünyanı öz əhatəsinə almış səmanın simvolu idi.

Ordubadda isə tamaşa üçün qışda şər qüvvələrin hökmdarı kimi təsvir edilən “xan” seçirlər və o da öz tərəfdarlarını ətrafına toplayır. Onlar xalqa əziyyət verir, insanları döyür, onlardan pul və hədiyyə tələb edirlər. İnsanlar isə onları yumurta ilə vururlar. Bu mübarizə Novruz gününə qədər davam edir və Novruz günü yenə də xeyir qüvvələrinin qələbəsi ilə başa çatır: insanlar “xanı” suya ataraq, şər qüvvələrin zülmündən xilas olurlar. Məhz buna görə də Zərdüştilik təqvimində Novruz günü yeni ilin ilk günü hesab edilir. Həmin gün həmçinin kahinlər elan edirdilər ki, ruhlar və mələklər artıq gediblər.

Bunu da qeyd etmək lazımdır ki, Zərdüştün zamanında bu bayram “Ahura Məzda” (“Düşüncə hakimi”) bayramı adlanırdı. Ancaq Sasanilər dövründə bu sak sözlərinin mənasını başa düşməyən farslar onu bir ad kimi – “Hörmüzd” şəklində tələffüz edirdilər. Ərəb işğalından sonra isə ilkin xəlifələr bu bayramın keçirilməsini qadağan etmişdilər. Ancaq Müaviyyə hakimiyyəti ələ aldıqdan sonra böyük miqdarda bac almaq müqabilində bayramın “Novruz” (“Yeni gün”) adı altında keçirilməsinə icazə verdi. İsgəndərin və monqolların hakimiyyəti dövründə də Novruz qadağan edilmişdi. Ancaq bütün bu qadağalara baxmayaraq, xalq öz sevimli bayramını qoruyaraq, bizim günlərədək gətirib çıxarıb.

2010-cu ildə isə BMT 21 mart tarixini “Beynəlxalq Novruz və dünyada sülh mədəniyyəti günü” kimi təsdiq edən rəsmi qətnamə qəbul edib.

Tarix
2018.02.27 / 10:54
Müəllif
Kamil Hüseynoğlu
Şərhlər
Digər xəbərlər

Xudavənglə bağlı addımlar atılacaq - Hacıyeva

Sülhməramlılar Qarabağdan çıxır - Yeni video

Nikol: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığına sevinin!

Bunu etməsək, bölgədə daha bir partlayış olacaq - Paşinyan

ABŞ-dan sülhməramlıların Qarabağdan çıxmasına reaksiya

Bakı sülhməramlıların çıxması üçün Moskvaya nələr verib?

Paşinyan sərhəd işlərinə onları da cəlb edir

Ermənistanda növbədənkənar seçkilər olacaq?

CHP lideri AŞPA-da Azərbaycana dəstək oldu - Video

Tiflisdə prezident hökumətə qarşı – Nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla