Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
17 Sentyabr 2019


İranın Bakı səfirinin iftar mərasimində “duel” – İlginc

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Macarıstandakı səfiri, filologiya elmləri doktoru Vilayət Quliyev Ramazan ayı ilə bağlı maraqlı bir xatirəsini sosial şəbəkələrdə izləyiciləri ilə bölüşüb.

Kult.az xəbər verir ki, V.Quliyev vaxtilə İranın Azərbaycandakı səfiri olmuş Əhəd Qəzainin təşkil etdiyi iftar süfrəsindən danışıb. Səfir həmkarının Qarabağ məsələsi ilə bağlı mövqeyinə də diqqət çəkib:

“Bakıda, XİN-in mərkəzi aparatında işlədiyim əski zamanlarda İranın ölkəmizdə bir səfiri vardı - Əhəd Qəzai. Azərbaycan türkü idi. Rejimə ifrat sədaqəti (tutduğu vəzifə baxımından bu da tam təbii və anlaşılan sayılmalıdır) istisna edilərsə, türk qardaşlarımız demiş, çox cana yaxın bir insan idi. Aramızda yaxşı münasibət yaranmışdı. Ramazanda məni təkidlə iftar yeməyinə dəvət edirdi. Hər dəfə bir bəhanə ilə boyun qaçırırdım. Axırda sarı simə toxundu. İranın bütün islam ölkələrindəki səfirlərininin həmin ölkələrin XİN başçılarını iftar süfrəsinə gətirdiklərini, əgər mən gəlməsəm, yeganə bacarıqsız səfir kimi “vəzarəti-ümuri-xarici”də biabır olacağını, töhmət və danlaq yeyəcəyini dedi. Dəvəti qəbul etməkdən başqa çarəm qalmadı.

Səfirin iqamətgahında gözəl süfrə açılmışdı. Əslən azərbaycanlı olan bir neçə din adamı da vardı. Deyəsən, məxsusi Ramazan bayramına görə gəlmişdilər.

Səfir kiçik bir giriş nitqi söyləyib dünyanın hər yerində olan müsəlmanlara bu müqəddəs Ramazan gecəsində sülh, dinclik, əmin-amanlıq arzuladı və nitqini bu sözlərlə tamamladı:

- İndi də islamın müqəddəs istinadgahını - Qüdsi-şərifi işğal edən, fələstinli müsəlman qardaşlarımızı cəbr və məzalim altında tutan İsrailə lənət oxuyub iftarımıza başlayaq.

Qaşıqlarla silahlanmış camaat məcməyilərdəki plov təpələrinə hücuma keçmək istəyirdi ki, Ərdoğan sayağı “van minut” deyib sözüm olduğuna işarə etdim. Adamlar könülsüz də olsa, dayandılar.

- Ağayi Qəzai, - dedim. - Necə olur ki, dünyanın o biri başında Fələstin müsəlmanlarını görürsünüz, amma gözünüzün qabağındakı dini dininizdən, məzhəbi məzhəbinizdən, dili dilinizdən olan qardaş-bacılarınızın fəlakətinə göz yumursunuz? Necə olur, Qüdsi-şərifi yada salırsınız, amma bizim üçün eyni dərəcədə müqəddəs olan Şuşanın adını çəkmirsiniz? Necə olur ki, İsrailə lənət oxuyursunuz, amma ən qəddar, rəhmsiz türk düşməni olan, tariximizi, milli varlığımızı yer üzündən silməyə çalışan, məscidlərimizi donuz damına çevirən işğalçı Ermənistanı yaddan çıxarırsınız?

- Biz Qərabağın işğalına etirazımızı hər zaman zikr etmişik, - deyə səfir camaatın səbirsizliyinə və diskussiya yeri olmadığına işarə edib söhbəti qapatmaq istədi.

- Amma gözünüzün qabağındakı işğalçılara heç belə cani-dildən lənət oxumağınızı eşitməmişəm.

Ağayi Qəzai səsinin tonunu aşağı salıb könülsüz halda:

- Yaxşı, Allah onlara da lənət eləsin! - dedi.

- Onlara, yəni kimə? - deyə dəqiqləşdirmək istədim.

Əhəd Qəzai “Mən ölüm, bu söhbəti qurtar!”anlamında masanın altında dizimə toxunub, plov məcmeyisini qabağıma çəkdi:

- Ağayi Quluyof, bismillah buyurun! - dedi.

Bir neçə dəqiqədən sonra məxluqat elə ləzzətlə plov yeyirdi ki, onların nəinki Qarabağ, heç Fələstin haqqında düşünmələri də əsla inandırıcı görünmürdü”.

Tarix
2019.06.04 / 11:32
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Xalq artistləri kütləvi şəkildə işdən qovulub? - Açıqlama

Binəqədidə qəza: gənc qız yaralandı

Oğru yaxalandı, məlum oldu ki... - Silsilə oğurluqlar

Çində zəlzələ: tələfat barədə məlumat yoxdur

Bakı metrosundan "birinci"lərə sürpriz - Foto

Azərbaycanda bu kanal adını dəyişdi – Açıqlama

Tanınmış şairə vəzifə verildi

Stalin bir hərf səhvinə görə bütün redaksiyanı güllələtdirdi

Füzuli xatırlayır: "Deyildim mən sənə mail..." - Kamal Abdulla - I esse

Bu tanınmışların övladları “birinci” oldu - Foto

KULT
<>
Xəbər xətti
 
e-vetendash
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla