"Məhəmmədrəsul Məcidovun
turnirdən imtina etməsindən sonra Bakıda yalnız mən rinqə çıxacam.
Bilirəm ki, hər kəs məndən qələbə gözləyir".
AzərTAc xəbər verir ki, bu sözləri oktyabrın 24-də təşkil olunan
mətbuat konfransı və çəki mərasimində "AİBA Pro Boxing" (APB)
turnirində 69 kiloqram çəki dərəcəsində Azərbaycanı təmsil edəcək
Fariz Məmmədov deyib.
Boksçumuz rəqibi Andrey Zamkovoyun Olimpiya Oyunlarının bürünc
mükafatçısı olmasına baxmayaraq, özünün də planetin ən böyük
yarışında iştirak etmək arzusunda olduğunu deyib. Bildirib ki,
hamının diqqəti mənim üzərimə yönəlib. Amma bu mənə psixoloji
gərginlik yaratmır. Əksinə, doğma divarlar arasında, azarkeşlərin
dəstəyi ilə qələbə qazanmaq niyyətindəyəm. Rəqibim boyda məndən
hündürdür. Özümə ucaboy sparinq rəqib götürmüşdüm. Son vaxtlar məhz
boyda özümdən hündür boksçularla qarşılaşıram. Amma bu heç bir
problem yaratmır. Əksinə, mənim üçün onlarla döyüşmək daha
rahatdır. Əvvəlki qarşılaşmalarda ucaboy rəqiblərimi məğlub
etmişəm.
Rusiyalı boksçu A.Zamkovoy F.Məmmədovun bir neçə döyüşünə
baxdığını və rəqibi təhlil etdiklərini vurğulayıb. Qeyd edib ki,
F.Məmmədov ilk dəqiqələrdən irəli atılıb, təzyiq göstərməyi sevən
boksçudur:
"Doğrudur, onun peşəkar rinqdə təcrübəsi çoxdur. Bu,
azərbaycanlı boksçuya müəyyən üstünlük verir. Amma hər şey rinqdə
aydın olacaq".
Pekin Olimpiadasının iştirakçısı Onur Sipal əvvəlcə başqa boksçu
ilə qarşılaşmalı idi. Ancaq onun rəqibi zədələndiyindən türkiyəli
idmançı Litva təmsilçisi Eimantas Stanionis ilə üz-üzə gələcək.
Türkiyəli idmançı bunun ona o qədər də təsir etmədiyini deyib.
Vurğulayıb ki, bizim işimiz rinqə çıxaraq, rəqibin kimliyindən
asılı olmayaraq döyüşməkdir. Litvalı idmançı gəncdir. Mənim
məqsədim isə APB turnirindən Olimpiya Oyunlarına lisenziya
qazanmaqdır. Bakıda özümü evdəki kimi hiss edirəm. Azərbaycan və
Türkiyə qardaş dövlətlərdir. İnanıram ki, burada dəstəksiz
qalmayacağam.
Ukraynalı boksçu Denis Lazerev "Qarabağ"ın avroliqa turnirində
"Dnepr"i məğlub etməsi münasibətilə Azərbaycan xalqını təbrik
edərək deyib: "Təəssüf ki, oyuna baxa bilmədim. Həmin vaxt Bakının
görməli yerləri ilə tanış olurdum. İçərişəhər və şəhərin mərkəzi
çox xoşuma gəldi".
Oktyabrın 25-də "Sərhədçi" İdman Olimpiya Mərkəzində 69 kiloqram
çəki dərəcəsində təşkil olunacaq turnirdə Markos Nader (Avstriya)
Rayton Okviri (Keniya) ilə, Onur Sipal (Türkiyə) Eimantas Stanionis
(Litva) ilə, Denis Lazerev (Ukrayna) Qyula Keyt (Macarıstan) ilə,
Andrey Zamkovoy (Rusiya) isə Fariz Məmmədov (Azərbaycan) ilə üz-üzə
gələcəklər.