Futbol üzrə Azərbaycan millisin baş məşqçisi Robert
Prosineçkinin Topsport.az-a müsahibəsini təqdim edirik:
"Srvena Zvezda"da qalib mentaliteti var
idi"
- Bir xorvatın Almaniyada doğulmasının səbəbi
nədir?
- Atam 20 il Almaniyada yaşayıb. Anam isə 17 il. Orda da anamla
tanış olub ailə həyatı qurub. Elə mən də buna görə orda dünyaya
gəldim. 10 yaşıma kimi Almaniyada yaşamışam. Daha sonra isə
Xorvatiyaya köçdük.
- Futbola olan marağınız hardan yarandı? Hə zaman
futbolçu olacağınızı qərarlaşdırdız?
- Elə uşaqlıqdan topu sevmişəm. Gözümü açandan elə topla
oynayırdım. Mən uşaq olanda atam məni "Ştutqart Kikkers" klubuna
apardı. Elə orda da istedadımı görüb aşağı yaş qruplarından ibarət
komandaya götürdülər. Xorvatiyaya köçdükdən sonra isə 18 yaşıma
qədər Zaqreb "Dinamo"sunun şərəfini qorumuşam. Sonra da karyeramı
"Srvena Zvezda"da davam etdirdim. Ancaq "Ştutqart Kikkers"dən
ayrılarkən məşqçim mənə "bacarıqlısan, bu yolla da davam et"
məsləhətini vermişdi. Sonda gördüyünüz kimi də peşəkar futbolçu
oldum.
- Bir xorvat necə oldu ki, "Srvena Zvezda"ya
düşdü?
- Mən 1987-ci ildə bu komandadan təklif aldım. O vaxt belə bir
problem yox idi. Yuqoslaviya vahid bir ölkə idi, Serbiya, Xorvatiya
və ya başqa ölkələrə bölünməmişdi. 1991-ci ildə müharibə başladı və
nəticədə ölkə bölündü. Milli zəmində problemlər məhz müharibə
dönəmində yaşandı. Həmin vaxt mən "Real"a yollanmışdım.
- "Srvena Zvezda"da sizdən başqa xorvat var
idi?
- Məndən qabaq da var idi, oynadığım dövrdə isə bir-iki xorvat
da çıxış edirdi. Yenə də deyirəm, bir ölkə olduğumuzdan aramızda
milli mənsubiyyət bölgüsü yox idi. Bu komandada heç bir problem
yaşamamışam.
- "Srvena Zvezda" Zaqrebdə oynayanda yerli publika sizi
necə qarşılayırdı?
- Təbii ki, "Real"ın futbolçuları "Nou Kamp"a gedəndə onların
qarşısına gül-çiçəklə və ya musiqiylə çıxmırlar. Eyni Problem
"Neftçi"ylə "Xəzər Lənkəran" arasında da var. Bu futbolda normal
bir haldır. Bir böyük klubla başqa böyük klubla qarşılaşmaq üçün
səfərə çıxanda azarkeşlər səni fitə basır. Mən Belqrad klubunda
çıxış edərkən ailəm Zaqrebdə yaşayırdı. Ancaq onlar mənim bu
addımıma görə heç bir çətinliklə üzləşməyib.
- 1991-ci ildə müharibə başlayanda bütün xorvatlar
Serbiya ərazisindən vətənlərinə köçdülər?
- Onu deyə bilmərəm, amma həmin ərəfədə mən "Srvena Zvezda"da
yeganə xorvat futbolçu idim. Ancaq Belqradda yaşayanların sonradan
hara getməsi haqda heç bir məlumatım yoxdu. Buna rəğmən sizə onu
deyim ki, dəhşətli müharibə olmasına baxmayaraq biz idmançılar
arasında heç bir problem yaşanmadı. Mənim həmin dönəmdə serb
idmançılarla çox yaxşı münasibətim var idi. Siyasət idmana
qarışmırdı.
- 1990-cı ilin mayın 13-ü... Bu tarix sizə nə
deyir?
- Həmin tarixdə Zaqreb "Dinamo"suyla "Srvena Zvezda" arasında
görüş baş tutmalıydı. Stadion dolsa da, komandalar meydana çıxmadı.
Tarixdə deyirlər ki, guya məhz mayın 13-dən müharibə başladı. Amma
mən bu fikrin tərəfdarı deyiləm. Çünki müharibə 1991-ci ildən
başlayıb. Ancaq onu da deyim ki, bir il sonra bizim Zaqreb
"Dinamo"suyla oyunumuz baş tutdu.
- "Srvena Zvezda"yla Çempionlar Kubokunu qazandız.
Belqrad klubunun uğurunun sirri nədə idi?
- Düzü, bu suala cavab vermək çətindir. "Ağ-qırmızılar" keçmiş
Yuqoslaviyanın ən güclü komandalarından biri idi. Bu komanda
təsadüfən bir ilə uğur qazanmadı. Biz neçə il idi ki, bu uğura
doğru addımlayırdıq. Klub doğru strategiya ilə hərəkət edirdi. Mən
uğurun sirri kimi həmin "qızıl nəsil" amilini qabardardım.
Saviçeviç, Pançev və Mihayloviç kimi oyunçuların adını çəkmək məncə
kifayətdir. Bu adları hamı tanıyır. Bu komandada bir nəfər də
olsun, legioner yox idi. Həmin oyunçularla ÇK-nı qazandıq. Sabiq
sosialist ölkələrindən ÇK-nı qazanan iki komanda olub: "Styaua" və
"Srvena Zvezda". Həmin dediyim "qızıl nəsil"də qalib mentaliteti
var idi.
- "Juti" və "Robi" ləqəbinizin mənası
nədir?
- "Robi" adımın qısaldılmış versiyasıdır. "Juti" isə xorvat
dilində "sarı" deməkdir. Saçımın rənginə görə mənə "Juti"
deyirdilər.
- Topla həddən artıq oynayırdız. Bir sözlə topu
"çürüdürdüz". Bu məşqçiləriniz tərəfindən narazılıqla
qarşılanırdı?
- Futbol dövrlərə görə dəyişir. O vaxt biz driblinqlərə üstünlük
verirdik. Tam olaraq yadıma sala bilməsəm də, yəqin ki, bəzi
məqamlarda mənə topu özümdə çox saxladığıma və ötürmə verməli
olduğum halda driblinqə üstünlük verdiyimə görə irad bildirirdilər.
Ancaq çox da buna görə tənqid olunmurdum.
- SSRİ dağılandan sonra bu məkandan yalnız Rusiyayla
Ukrayna beynəlxalq arenada daha yaxşı çıxış edir. Ancaq Yuoslaviya
məkanında yalnız Makedoniya zəif təsir bağışlayır. Nə üçün
Yuqoslaviya məkanında postsovet ölkələri ilə müqayisədə futbolu
daha yaxşı oynayırlar?
- Həqiqətən də sabiq Yuqoslaviya ölkələri seçmə mərhələlərdə
uğurlu çıxış edir. Məsələn, Xorvatiya millisi final mərhələlərinə
problemsiz qatılır. Milli komandanın oyunçuları Avropanın güclü
klublaında çıxış edir. Xorvatiyayla yanaşı, Serbiya da zəif komanda
deyil. Bu il Bosniya və Hersoqavina da DÇ-də çıxış etdi. Pyaniç
kimi oyunçusu "Roma"da uğurlu çıxış edir. Həmçinin Sloveniya
millisinin də xoş təsir bağışladığını söyləməliyəm. Xorvatiyanın 4
milyon əhalisi var. Di gəl ki, onun oyunçuları "Barselona", "Real",
"Atletiko" və "Bavariya" kimi komandalarda oynayır. Sadəcə, bizdə
istedadlı futbolçu çoxdur. Hər dəfə fikirləşirik ki, bu nəsil
getdi, yəqin ki bundan sonra bizdən yüksək səviyyəli oyunçu
çıxmayacaq, amma görürürük ki, yox, ardı gəlir. Təbii ki, onlar da
öz üzərində işləyir.
- Xorvatlar hansı nəticəylə daha çox fəxr edir: ölkə
müstəqil olandan sonra basketbol üzrə milli komandanızın 1992-ci
ildəki Yay Olimpiya Oyunlarında finala çıxıb "Drim-Tim"lə oynaması,
yoxsa futbol üzrə 1998-ci ilin dünya çempionatında bürünc medal
qazanması?
- Futbol elə futboldur. Ancaq Xorvatiya digər idman növlərində
də uğurlu nəticələrlə yadda qalır. Basketbol və su polosunda da
mükafatçılar sırasına düşmüşük. Əlbəttə, Barselonada keçirilən
Olimpiadada basketbol millimizdə ulduz oyunçular çıxış edib. Onlar
Xorvatiyada çox məşhur insanlardır. İstənilən halda, DÇ-1998-ci
ildəki uğurumuzun yerini heç nə vermir.
- AÇ-1992-də müharibə üzündən Yuqoslaviya final
mərhələsinə buraxılmadı və sizin yerinizə gedən Danimarka sonda
çempion oldu. O vaxt hansı hissləri keçirdiz?
- Danimarkalılar dəniz kənarında dincələrkən qəfil belə bir
xəbər aldılar və yığışıb final mərhələsinə yollandılar. Həmin
dönəmdə isə Yuqoslaviya məkanında yaşayanlar futbolu fikirləşmirdi.
Çətin ki, biz orda uğur qazansaydıq, müharibənin fəsadlarını
azaldaydıq. Ancaq biz orda oynasaydıq, çempion ola bilərdik. Çünki
çox güclü idik.
"Real", yoxsa "Barsa"? Mən "Real"
azarkeşiyəm"
- "Real"da karyeranız uğurlu alındı?
- İstər həyatda, istərsə də idmanda enişli-yoxuşlu dönəmləriniz
olur. Ancaq mən dünyanın böyük klublarında oynadığıma görə özümü
böyük insan saya bilərəm. Əlbəttə, keçmişə boylanarkən geri
qayıdacağın halda bəzi şeyləri dəyişəcəyini düşünürsən. "Real"
karyeram uğurlu başladı, ancaq sonra zədələndim. Ümumilikdə
Madriddəki karyeramdan razı qaldığımı söyləməliyəm.
- Bəs necə oldu ki, "Real" kimi klubdan "Ovyedo" kimi
iddiasız komandaya keçdiz?
- "Ovyedo"ya icarəyə verildim. Çünki "Real"da az oynadığımdan
oyun praktikasıyla bağlı problemin həlli üçün bir illik həmin
komandada icarə əsasında oynadım. Məncə, doğru addım atmışdım.
Ancaq "Ovyedo"dan sonra "Barselona"ya getdim.
- Bəs "Barselona" karyeranız haqda nə deyərdiz?
"Real"da, yoxsa "Barsa"da daha yaxşı çıxış etdiz?
- Deyə bilmərəm. "Real"da 3 oyun oynadım və zədələndim. Bu
zədəyə görə ilyarım oynaya bilmədim. Bir sözlə, bəxtim gətirmədi.
Bu hər bir futbolçunun başına gələ bilər. "Barselona"da Yohan
Kroyffun dönəmində oynamışam. İki gözəl şəhər, iki gözəl klub...
Oyunlarında anşlaq idi. Ancaq bu iki komandada oynadığım vaxt
yalnız bir titulla kifayətlənməli oldum. Nə edək ki, futbolda da
bəxtin gətirməlidir. Titula görə bəxtim gətirmədi.
- İndi "Real"la "Barselona" oynayanda ürəyiniz hansı
klubla döyünür?
- Mən baxımlı futbolun həvəskarıyam. "El Klasiko" dünyanın ən
möhtəşəm oyunudur. Mən "Real" azarkeşiyəm, ancaq dostlarımla
görüşmək üçün Barselonaya tez-tez gedirəm. Bu şəhərdə böyük
futbolçularla bir yerdə oynamışam.
- Karyeranız boyunca 12 klubda oynamısız. Bu nəyin
göstəricisidir? Niyə bir yerdə daha çox qərar
tutmamısınız?
- Bir yerdə çox qalmağın mənim üçün çətin olduğunu deməzdim.
Gənc olarkən az klub dəyişmişəm. 4 il "Srvena Zvezda"da, 3 il
"Real"da, 2 il "Barselona"da, 3 il də Zaqreb "Dinamo"sunda
oynamışam. Yaxşı təkliflər gəlib, mən də klubları dəyişmişəm.
- Slaven Biliçlə birgə Xorvatiya millisində məşqçi kimi
keçirdiyiniz 4 ili necə dəyərləndirərdiz?
- Məşqçi olmaq fikriylə yaşamamışam. O vaxt Slaven U-21-in
məşqçisi idi. Ordan da əsas yığmaya dəvət aldı. Mənim dəniz
qırağında evim var idi, ailəmlə birgə dincəlirdim. Biliç mənimlə
əlaqə yaradıb söhbətləşməli olduğumuzu söylədi. Mən də "problem
yoxdur, gəl, danışaq" dedim. Qonağım oldu və mənə yığmada onun
köməkçisi olmağımı təklif etdi. Ona məşqçi olmaq fikriylə
yaşamadığımı söylədim. Ancaq təklifini də geri çevirmədim. Elə o
vaxtdan məşqçilik peşəsini sevməyə başladım. Bu gün də böyük
həvəslə məşqçi kimi çalışıram. Biliç güclü məşqçidir. Biz
AÇ-2008-in final mərhələsinə vəsiqə qazandıq. Türkiyəylə oyunda son
saniyələrdə qapımızda gördüyümüz qolla üstünlüyümüzü əldən verdik
və penaltilərlə uduzduq. Həmin dönəmdə milliyə gənc futbolçuları
cəlb etmişdik. Yığmada bir nəsli tamamilə dəyişdik. Rakitiç, Modriç
və Srna kimi futbolçular o vaxt millidə oynayırdı.
- AÇ-2008-in seçmə mərhələsinin son oyununda Xorvatiya
millisi özünə lazım olmasa da, Londonda İngiltərəni məğlub edib
onların yolunu kəsdi, Rusiya millisini arxasınca daşıdı. Ruslar
sizə sonra necə təşəkkür etdi?
- Məşqçi kimi ilk addımlarımızı atırdıq. Özümüzü göstərmək
istəyirdik. Biz Xorvatiya üçün oynamışıq, Rusiya üçün yox. Təbii
ki, ruslar da bizdən faydalandı. Biz özümüzü fikirləşirdik.
"Uembli"də İngiltərə millisini devirməklə Xorvatiya futbolunun
tarixinə düşdük. AÇ-də yarımfinala qədər irəliləyən Rusiya millisi
bizim köməyimiz olmasaydı, heç final mərhələsinə də
çıxmayacaqdı.
"İstəsəydim "Beşiktaş"a gedərdim"
- Bir müddət "Kayserispor"u çalışdırdız. Türkiyə
karyeranızı necə dəyərləndirərdiz?
- Mən Türkiyəyə gələndə "Kayserispor" superliqada sonuncu yerdə
idi. Amma mövsümün sonunda komandanı 5-ci yerə qaldırdım.
Çempionatda baxımlı futbol oynayan komandalardan idik. Qısa bir
zamanda "Beşiktaş"dan da təklif aldım. Ancaq mən təklifi qəbul
etmədim və "Kayserispor"da qalacağımı söylədim. Mən Kayseridə
qaldım və klub prezidenti də heyətin qorunacağını və bəzi
transferlərlə də güclənəcəyimizi söylədi. Ancaq mənim üçün önəmli
olan iki futbolçu komandadan getdi. Üstəlik heyət də güclənmədi.
Tərslikdən 3 oyunçumuz da ağır zədələndi. Belə itkilərdən sonra
uğurlu çıxış edə bilmədik. Nəticədə fasilədə istefa verməli oldum.
Onlar mənim qalmağımı istədilər. Ancaq qərarımı vermişdim.
İstənilən halda, Türkiyə mənim yaddaşımda çox yaxşı qaldı. Axı ora
futbol ölkəsidir.
- Ancaq türkiyəli həmkarlarınızdan biri qəzetimizə
açıqlamasında "Kayserispor" rəhbərliyinin sizi "Beşiktaş"a keçməyə
qoymadığına görə ruhdan düşdüyünüzü və bu da nəticələrə təsir
etdiyini söyləyib...
- Yanlış fikirdir. İstəsəydim "Beşiktaş"a gedə bilərdim. Mənim
"Kayserispor"da çalışmaq üçün motivasiyam böyük idi.
- Ola bilər, "Beşiktaş" rəhbərliyi sizin
"Kayserispor"dakı uğurlu karyerasını görüb vaxtıyla bir yerdə
işlədiyiniz Biliçə dəvət göndərib?
- Nə üçün Biliç təklif göndərdiklərini bilmirəm. Ancaq o vaxt
Slaven "Lokomotiv"də çalışırdı.
- Hazırda dünyada Messiylə Ronaldo arasında çarpışma
gedir. DÇ-də uğur qazanan oyunçulara onlara görə "Qızıl top"
mükafatı verilmir. Böyük ehtimalla, 4 il öncə İnyestanın başına
gələnləri Noyer də yaşayacaq. Bu nə dərəcədə doğru
tendensiyadır?
- DÇ-nin ən yaxşı oyunçusuna bu mükafatı versinlər və iş burda
bitsin! Ancaq, fikrimcə, Messi hər il "Qızıl top"u qazanmalıdı.
Ronaldo? Messi ən yaxşıdır! Təbii ki, Kriştiano da yaxşı oyunçudur,
amma Messiylə eyni dövrdə oynadığına görə bəxti gətirməyib.
- Bəs bu il kimi favorit görürsüz?
- Onu deyə bilmərəm. DÇ-dəki uğurlu çıxışdan danışırıqsa, Noyer
kimi Robben də möhtəşəm oynayıb. Elə "Bavariya"da da özünü yaxşı
tərəfdən göstərib. Noyerə gəlincə, alman qapıçı DÇ-də çox yaxşı
oynadı. Amma bir qapıçı üçün bu mükafatı qazanmaq çətindir.
Argentina DÇ-ni qazansaydı, onda sizcə kim ən yaxşı oyunçu
olacaqdı?
- Yəqin ki, Messi...
- Yəqin yox, 100 faiz Messi! Cərimə zərbəsində qapıya
ünvanladığı top qol olsaydı və nəticədə Argentina dünya çempionu
olsaydı, bu gün hamı Messidən danışardı.
- Texnologiyanın futbola müdaxiləsinə münasibətiniz
necədi? Bəlkə futbol hakim səhvləri ilə gözəldir?
- Texnologiya tərəfdarı deyiləm. Futbol hakim səhvləri ilə
gözəldir. Məncə qapı arxasındakı hakimlərin olması daha yaxşıdı.
Ancaq topun qapı xəttini keçməsini müəyyənləşdirən texnologiya da
yaxşı variantdı. Ofsayd və başqa səbəblərə görə texnologiyanın
tətbiqinin əleyhinəyəm.
- AÇ-2008-də Rusiya millisinin baş məşqçisi Qus Hiddink
Hollandiyayla oyunda yetirmələri qol vurarkən emosiyalarını saxlaya
bilməyib çılğıncasına sevinirdi. Azərbaycan millisi Xorvatiyaya qol
vursa, siz də eyni hərəkəti edəcəksiz?
- Sözsüz ki, Xorvatiya vətənimdir və mən də vətənimi sevirəm.
Ancaq indi Azərbaycan millisinin baş məşqçisiyəm və çalışdırdığım
komanda qol vursa, qolu emosional qeyd edəcəm. Bu normal
haldır.