Ana səhifə İdman |
Sentyabrın 10-da Bakıda start götürəcək şahmat üzrə
Dünya Kuboku ilə əlaqədar tərəfdaş şirkətlərlə müqavilənin
imzalanma mərasimi keçirilib.
Şahmat Federasiyasından Axar.az-a verilən məlumata görə, tədbirdə
çıxış edən Bakı Şahmat Olimpiadası və Dünya Kuboku Əməliyyat
Komitəsinin direktoru Mahir Məmmədov Azərbaycanın zəngin şahmat
ənənələrinə malik ölkə olduğunu bildirib.
O, 2008-ci ildə Azərbaycanda dünyada yeganə olan Şahmatın İnkişafına dair Dövlət Proqramının imzalandığını bildirib. Mahir Məmmədov çıxışında kişi şahmatçılardan ibarət Azərbaycan millisinin 2 dəfə Avropa çempionu, "SOCAR Azerbaijan" klubunun isə iki dəfə Avropa Çempionlar Kubokunun sahibi olduğunu vurğulayıb.
Dünya Kubokundan danışan M.Məmmədov bildirib ki, 45 ölkədən 128
şahmatçının qatılacağı yarışın finalçıları İddiaçılar Turnirinə
vəsiqə qazanacaqlar. O, hər bir iştirakçının pul mükafatına sahib
olacağını və bütün vəsaiti Azərbaycan tərəfinin təmin edəcəyini
açıqlayıb.
Ardından Dünya Kuboku-2015-in tərəfdaşı kimi "Badamlı", "Baku
Electroniks", "Baku Taksi", Modern Hospital, Meqa Sığorta, Red
Bulla müqavilələr imzalanıb.
Tədbirin sonunda jurnalistlər üçün mətbuat konfransı keçirilib.
Bakı Şahmat Olimpiadası və Dünya Kuboku Əməliyyat Komitəsinin
direktoru Mahir Məmmədov Dünya Kubokunda Ermənistan şahmatçılarının
da iştirak edəcəyini bildirib. Onun sözlərinə görə Levon Aronyan,
Qabriel Sarkisyan, Samvel Ter-Saakyan və Qrant Melkumyandan əlavə,
ABŞ-ı təmsil edən Samuel Sevyan və Varujan Akobyan da Dünya
Kubokuna qatılacaq.
M.Məmmədov bildirib ki, erməni şahmatçıların iştirakı ümumi qaydada
olacaq: "Onların təhlükəsizliklərini təmin etmişik. Bütün
iştirakçılar və yarışın özü "Fairmont Hotel"də olacaq. Onlar elə bu
hoteldə qalacaqlar. Ona görə də erməni şahmatçıların mühafizələrini
bir qədər artıracağıq. Amma xüsusi mühafizəyə ehtiyac yoxdur".
Əməliyyat Komitəsinin direktoru bildirib ki, Ermənistan
şahmatçıları ətrafında ajiotaj yaratmağa ehtiyac yoxdur: "Onlarla
bizim şahmatçıların görüşləri ətrafında yalnız ilk illərdə ajiotaj
olub. Sonradan o qədər yarışda birgə iştirak olub ki, onlarla
görüşlər adi xarakter alıb. Ümumi götürdükdə, üstünlük bizim
tərəfdədir. Amma buna adi bir hal kimi yanaşırıq. Ajiotaja yol
verməməliyik".
AŞF-nin digər vitse-prezidenti Faiq Həsənov da Ermənistan
şahmatçılarının oyunlarını çox qabartmamağı xahiş edib. Onun
fikrincə, əks halda, bu, Azərbaycan şahmatçılarının çıxışlarına
təsir edə bilər.
Mahir Məmmədov həmçinin bildirib ki, Dünya Kubokunda iştirak üçün
Harri Kasparova dəvət göndərilməyib və özünün də iştirak edəcəyi
barədə məlumat yoxdur. Əslən bakılı dünya çempionunun gələn il
Azərbaycan paytaxtında təşkil olunacaq Ümumdünya Şahmat
Olimpiadasına qonaq qismində qatılmaq istəyi var.
Xatırladaq ki, Azərbaycanı Dünya Kubokunda Şəhriyar Məmmədyarov,
Teymur Rəcəbov, Rauf Məmmədov, Qədir Hüseynov, Eltac Səfərli və
Vasif Durarbəyli təmsil edəcək. Dünya Kubokunun ümumi mükafat fondu
1.600.000 ABŞ dollarıdır.
Tarix
2015.09.05 / 23:31
|
Müəllif
Axar.az
|