Yəməndə baş verənləri yalnız ölkə daxilində siyasi qruplar arasında hakimiyyət mübarizəsi kimi qiymətləndirmək düzgün deyil. Burada daha geniş geosiyasi qarşıdurma var. Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin prosesə birbaşa qoşulması, ABŞ-ın dəstəyi və İranın husilərə verdiyi yardım Yəmənin böyük güclərin qarşıdurma meydanlarından birinə çevrildiyini göstərir.
Bu sözləri Axar.az-a açıqlamasında siyasi ekspert Turab Rzayev deyib.
“Burada açıq şəkildə Rusiya-ABŞ qarşıdurmasının izlərini də görürəm. Hörmüz boğazında yaranmış vəziyyət və neft daşımalarına qarşı mümkün məhdudiyyətlər regional qarşıdurmanın qlobal iqtisadi nəticələr doğura biləcəyini göstərir”, - o bildirib.
Turab Rzayev qeyd edib ki, Hörmüz boğazında gərginliyin artması Səudiyyə Ərəbistanı və BƏƏ-ni alternativ neft marşrutlarına yönəldir. Bu baxımdan Qırmızı dəniz və Bab əl-Məndəb boğazının təhlükəsizliyi Ər-Riyad və müttəfiqləri üçün xüsusi əhəmiyyət daşıyır:
“Belə bir vəziyyətdə əsas sual budur: Səudiyyə Ərəbistanı, ABŞ və müttəfiqləri husiləri məğlub edib problemi birdəfəlik həll edə biləcəklərmi, yoxsa əksinə, uzunmüddətli qarşıdurma neft qiymətlərinin kəskin artmasına və iqtisadi böhrana səbəb olacaq? Bunu indidən demək çətindir.
Lakin husilərin HƏMAS kimi qısa müddətdə məğlub ediləcəyini düşünmürəm. Husilərin artıq dron və raketlərdən istifadə etdiyi görünür. Onların kənardan, xüsusilə İrandan müəyyən formada dəstək almaq imkanları qalır. Coğrafi baxımdan da tam mühasirədə deyillər. Buna görə husiləri tamamilə sıradan çıxarmaq ehtimalı çox aşağıdır.
ABŞ və müttəfiqləri husilərin silah və nəqliyyat xətlərini kəsərək onlara ciddi zərbə vura bilərlər. Lakin bunun üçün uzunmüddətli hərbi əməliyyatlar tələb oluna bilər. Husilər Livandakı Hizbullah kimi uzun müddət müqavimət göstərmək imkanına malikdirlər. İranın onlara dəstəyini davam etdirməsi mümkündür. Hətta pərdəarxası Rusiya faktorunun da ortaya çıxması ehtimalı var”.
Ekspertin fikrincə, uzunmüddətli müharibənin əsas riski enerji bazarları ilə bağlıdır:
“Qarşıdurmanın uzanması neft tədarükünə ciddi zərbə vura və qlobal qiymətlərin kəskin yüksəlməsinə səbəb ola bilər. Bu səbəbdən müəyyən mərhələdə tərəflərin sülh təklifləri ilə çıxış etməsi də mümkündür. Artan iqtisadi və hərbi təzyiq ABŞ, İsrail və digər əsas oyunçuları husilər və İranla müəyyən razılaşma yolları axtarmağa məcbur edə bilər”.
Qeyd edək ki, ötən gün ABŞ vitse-prezidenti Ceyms Di Vens husilərlə danışıqlar aparıldığını təsdiqləyib.