Fevralın 9-da keçirilən "Xəzər Lənkəran"-"Neftçi"
qarşılaşmasında yenə də gərginlik yaşandı. Yenə də həmin dalğa,
həmin koordinat idi. Ötən il avqustun 25-də keçirilən "Böyük
oyun"dan əvvəlki ssenari fevralın 9-da təkrarlandı. Ancaq bu dəfə
oyundan sonra ixtişaşlar baş vermədi, günahsız azarkeşlər həbs
olunmadı. Təxribatçı ssenarini yazanlar isə yenə də klub rəhbərləri
idi.
Əvvəlini Abbaszadə başladı..
Gecə
hamının yatdığı vaxt otelin qarşısında dayanan "Neftçi"nin
avtobusunu kimsə daşlamışdı. Nəticədə avtobusun şüşəsi sınmışdı.
Bu, adi bir xuliqanlıq hərəkəti idi. Hüquq-mühafizə orqanları həmin
xuliqanı tapıb cəzalandırmalıydı. Pislənməliydi onun hərəkəti.
Ancaq "Neftçi"nin mətbuat katibi Gündüz Abbasazadənin pislədiyi
kimi yox. Gündüz Abbaszadə "facebook"dakı səhifəsində "Şərəfsizlər,
avtobusun nə günahı var? Heç olmasa bayraq olan yerə daş atmayın"
yazmaqla ilk təxribatı törətmiş oldu.
Gündüz Abbaszadənin statusu konkret şəxsə yox, ümumi kütləyə
ünvanlanmışdı. Tərkibinə saxta vətənpərvəplik "ədviyyat"ı da
qatılmışdı ki, təsirli olsun.
...Tahir Süleymanov davam etdirdi...
Abbaszadənin
fikirlərini mətbuat yayınca, vəziyyət ciddiləşdi. Adi bir
xuliqanlıq hadisəsinə belə sərt və düşünülməmiş reaksiyanın
verilməsi vəziyyəti gərginləşdirməliydi. Ardınca "Neftçi"nin daha
bir rəsmisi-Tahir Süleymanov "Bakıya qayıdırıq, bu vandalizmdir"
açıqlamasını verdi.
Hiss olunurdu ki, "Neftçi" rəsmiləri belə açıqlamalarla
vəziyyətin nəzarətdən çıxmasına çalışırlar. Eynən avqustun 25-də
olduğu kimi.
"Neftçi" Bakıya qayıtmadı. Oyun baş tutdu, heç kimin burnu da
qanamadı. Gündüz Abbaszadə də sosial şəbəkədə yazdığı statusu
silməli oldu. İşə yaramamışdı, orda saxlamağa dəyməzdi...
Böyükağa Hacıyev "tamamladı"

Amma "Neftçi"nin təxriabatları oyundan sonra da davam etdi. Bu
dəfə komandanın baş məşqçisi Böyükağa Hacıyevin timsalında. Oyundan
sonra keçirilən mətbuat konfransında Böyükağa Hacıyev belə deyib:
"Cənubi Kiprdə APOEL-lə oyunda bu qədər problem yaşamamışdıq.
Maşının şüşəsini sındırdılar, təhqir etdilər, daş atdılar.... Mən
fikirləşirdim ki, naxçıvanlılarla talışların oxşar cəhəti var.
Ancaq indi qətiyyətlə deyirəm ki, heç bir oxşarlıq yoxdur
(fanat.az).
Özünü "xalq komandası" adlandıran "Neftçi"nin baş məşqçisnin
açqlamasından separatizm meylləri yağır. Naxçıvanlı-talış
məsələsini "Xəzər Lənkəran"-Neftçi" oyunundan sonra elə Lənkəranda
səsləndirmək nəyin əlaməti ola bilərdi?
"Neftçi"nin Naxçıvana nə dəxli? Naxçıvanlı kim, talış kim?
Bunlar hamısı azərbaycanlı deyilmi? Cənubu Kipri misal çəkməklə
nəyə işarə edirdi, nəyi qızışdırmağa, hansı təxribatı törətməyə,
qarşıdurmanı yaratmağa cəh edirdi Böyükağa Hacıyev?
"Neftçi" rəsmiləri "Xəzər Lənkəran"ı "talışların komandası" kimi
təqdim etməklə nəyə nail olmaq istəyirlər? Həmin gün stadionda
olanların milliyyətini necə müəyyənləşdirdi onlar? Ümumiyyətlə,
"Neftçi" rəhbərliyi rəsmi statistikadan xəbərdardılarmı? Lənkəranda
nə qədər talışın, nə qədər türkün yaşadığını bilirlərmi?
Bilmirlərsə, xatırladaq: "Rayonun əhalisi 209,9 min nəfər təşkil
edib. Bunun 63,7 min nəfəri Lənkəran və Liman şəhərlərində, 20,5
min nəfəri qəsəbələrdə, 125,7 min nəfəri kənd yerində yaşayır.
Əhalinin sıxlığı hər kvadratkilometrə 136,3 nəfər olmaqla,
respublika üzrə orta göstəricidən 30 faiz çoxdur. Əhalinin ümumi
sayının 50,3 faizini qadınlar, 49,7 faizini kişilər təşkil edir.
Son 5 il yarım ərzində rayonun əhalisi 10 min 800 nəfər artıb.
Şəhər əhalisinin 86,0 faizini azərbaycanlılar, 13,6 faizini
talışlar, 0,3 faizini ruslar təşkil edir".
İndi Böyükağa Hacıyev aydınlaşdırsın, görək, hansı əsasla həmin
gün stadionda olan azarkeşləri talışlar kimi qələmə verib. Onun bu
addımının arxasında nə dayanır? Ümid edirik ki, ondan bu sualların
cavabını soran tapılacaq.
"Neftçi" ilə "Xəzər Lənkəran" arasında keçirilən qarşıdurmalarda
həmişə gərginlik olub. Bir necə ilə əvvəl Tofiq Bəhramov adına
respublika stadionunda keçirilən oyundan sonra bir qrup "Neftçi"
fanatı "Xəzər Lənkəran" azarkeşlərini aparan avtobuslara hücum
etdilər. Avtobuslar daş atəşinə tutuldu. Yalnız polislərin
müdaxiləsdindən sonra "Neftçi" azarkeşlərini hadisə yerindən qovmaq
mümkün oldu. Bu hadisə mətbuat nümayəndələrinin gözləri qarşısında
baş verdi.
Ancaq heç kim o hadisəni törədənləri "şərəfsizlər" adlandırmadı,
heç kim baş verənlər "vandalizm" kimi qiymətləndirmədi.
Gündüz Abbaszadə düz yazmışdı. Avtobusun heç bir günahı yox idi.
Bəlkə də daş avtobusun şüşəsinə yox, Azərbaycan futbolunu bu günə
salanlara, təxribata sürükləyənlərə, millətlərarası münasibətləri
gərginləşdirənlərə, separatizm toxumu səpənlərə atılmalıydı.
Gedin "oyun"unuzu oynayın. Azərbaycanda yaşayan xalqlarla "oyun"
oynamayın. Futbola ayrılan vəsaiti necə batırdığınızı sığortalamaq
üçün başqa "oyun" düşünün.