"Rusiya əhalisinin təxminən 97%-i bu iki iri şirkətin
sistemindən istifadə edir".
Bunu "Axar.az"a Rusiyanın alternativ milli kredit kart sisteminə
keçməsi ilə bağlı qərarını şərh edən iqtisadçı ekspert Natiq
Cəfərli bildirdi. N. Cəfərli yeni sistemin bazarda rəqabət apara
bilməyəcəyini hesab edir: "Öncə onu deyim ki, bu sistem Rusiya
daxilində işləmək üçün nəzərdə tutulub. Yəni Rusiyanın daxilində
kart vasitəsi ilə olan ödəmələr bu sistemlə həyata keçiriləcək.
Həmin sistemin geniş arenaya çıxması, beynəlxalq ödəmələrdə qəbul
olunması üçün onun beynəlxalq maliyyə sisteminə inteqrasiya
olunması lazımdır. Təbii ki, hazırki sanksiyalar buna imkan vermir.
"Visa" və "MasterCard" kimi iri şirkətlər bazarı öz aralarında
bölüblər. Hansı ki, bu şirkətlərə məxsus kartlar vasitəsi ilə
dünyanın istənilən nöqtəsində məhdudiyyətsiz alış-veriş etmək olar.
Amma Rusiyanın milli kart ideyasının reallaşması hələ sual
altındadır.
Son məlumatlara görə, Rusiya əhalisinin təxminən 97%-i bu iki
iri şirkətin sistemindən istifadə edir. Əgər xaricdə olan Rusiya
vətəndaşları öz kartlarında bu sistemdən istifadə edə
bilməyəcəklərsə, Putinin bu addımı sanksiyaların qarşısını almaq,
yaxud onun təsirini yumşaltmaq üçün atdığını söyləmək doğru
deyil".
Ekspert Rusiyanın milli kart sisteminin MDB dövlətlərində
işləməsinin mümkünlüyü ilə bağlı yayılan məlumatlara da aydınlıq
gətirdi:
"Putinin yaratmaq istədiyi bu sistem ancaq Rusiya ərazisində və
gələcəkdə "Gömrük İttifaqı"na daxil olan ölkələrdə işlək ola bilər,
hansı ki, həmin ittifaqa Qazaxıstan, Belarus və Ermənistan
daxildir. Əgər gələcəkdə "Gömrük İttifaqı"nın ərazisi genişlənsə,
bu sistem onlara da şamil edilə bilər".
Xatırladaq ki, Rusiyanın Krımı işğal etməsinə görə Qərb
dövlətləri Moskvaya qarşı sanksiyalar tətbiq edib. Bu sanksiyalar
sırasında dünyanın məşhur "Visa" və "MasterCard" şirkətlərinin
Rusiya bankları ilə işbirliyini dayandırmaq qərarı da vardı. Dünya
Bankının verdiyi proqnoza görə, bu sanksiyalar Rusiyaya böyük ziyan
vuracaq. Təkcə ümum daxili məhsulun dövriyyəsi 1,8% azalma müşahidə
ediləcək. Rusiya isə öz növbəsində "Visa" və "MasterCard"a
alternativ kredit kart sistemi yaratmağa qərar verib. Bundan öncə
Yaponiya və Çin öz milli kredit kart sistemini yaratmışdı. Qısa
zamanda məşhurlaşan Yaponiyanın milli alternativi hazırda dünyanın
200-dən artıq ölkəsində istifadə edilir.