Yuxarı

Ruhanidən şok etiraf: İran çökür - Xilas varmı?

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Prezidenti Həsən Ruhaninin neft satışında yaranmış problemlərlə bağlı açıqlaması cəmiyyətə mesaj ötürmək xarakteri daşıyır.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib. O, İranla ABŞ arasında gizli danışıqlar aparıla biləcəyini söyləyib:

“Son 2 ildir İranda vəziyyət çox ağırlaşıb. Bu müddət ərzində İran realı bir neçə dəfə dəyərdən düşüb. İranda devalvasiyalardan sonra böyük inflyasiya, qiymət artımı, dollar qıtlığı müşahidə olunur. Çünki İran özünü hər şeylə təmin edə biləcək potensiala malik deyil. Ona görə də sanksiyalar nəticəsində İranda həm texnoloji, həm kütləvi tələbat məhsulları üzrə ciddi çatışmazlıqlar meydana gəlir. Bundan əlavə, İran iqtisadiyyatındakı dalğalanmalar əhali arasında ciddi narazılıq yaradır. Hələlik xarici düşmən faktoru bu narazılığı idarə etməyə imkan verir. Yəni təbliğat elə qurulub ki, iqtisadiyyatda yaranan böhran İranın sisteminin günahı deyil, xarici müdaxilələrin nəticəsi kimi təqdim olunur. Bunun hesabına vəziyyətin müəyyən dərəcədə idarə olunması mümkün olur. Amma vəziyyət o qədər çətinləşib ki, ancaq xarici düşmən faktorunu önə çəkməklə daxili problemlərin izah olunmasında çətinliklər yaranır.

Mənə elə gəlir ki, Ruhaninin son bəyanatları həm beynəlxalq, həm də daxili ictimaiyyətə mesajdır. Ruhani demək istəyir ki, vəziyyətdən çıxmaq üçün mütləq ABŞ və Avropa ilə razılığa gəlmək lazımdır.

Əgər belə davam etsə, daxildəki antiamerikan ritorikası ilə paralel olaraq razılaşma əldə edilsə, bu, cəmiyyət tərəfindən məğlubiyyət kimi başa düşüləcək. Bu da indiki hakimiyyətə və sistemə çox böyük zərbələr vura bilər.

Sanki İran cəmiyyətinə mesaj ötürülür ki, biz müəyyən güzəştlərə getməsək, ölkə daxilində ciddi təlatümlər yaşana bilər. Ona görə də düşünürəm ki, bu mesajın ardınca Qərblə, o cümlədən ABŞ-la gizli danışıqlar yenidən bərpa oluna bilər. Bunun nəticəsində də sanksiyaların müəyyən dərəcədə yumşalması, İranın neft hasilatının artması və neft satışından daha çox gəlir götürməsi mümkündür”.

İqtisadçının sözlərinə görə, ABŞ-ın İrana qarşı qəbul etdiyi sanksiyalar istənilən an ləğv edilə bilər:

“Trampın sanksiyaların uzadılması ilə bağlı verdiyi qərar hələlik razılaşma əldə olunmaması ilə bağlıdır. Sanksiyaların bir il müddətinə uzadılması əlavə təzyiq vasitəsidir. İranla ABŞ arasında razılaşma baş tutsa, müddəti uzadılan sanksiyalar bir neçə aydan sonra Konqresin və ya Trampın qərarı ilə ləğv oluna bilər”.

N.Cəfərli, həmçinin, bildirib ki, İrandan çox böyük güzəştlər tələb olunsa, ABŞ-da keçiriləcək prezident seçkilərinə qədər danışıqlar İran tərəfindən uzadıla bilər:

“Trampla razılaşma olmasa, İran oktyabra - seçkilərə qədər gözləyəcək. Çünki Tramp yox, demokratlardan başqa biri prezident seçilsə, İranla ABŞ razılığa gələ bilər”.

N.Cəfərli İran iqtisadiyyatının 70 faizinin neftdən asılılığının ölkədə etirazlarla nəticələnə biləcəyini də söyləyib:

“Artıq İran iqtisadiyyatında çökmə prosesi başlayıb. Qiymətlər çox sürətlə qalxır. İqtisadiyyatıda ciddi xammal və satış bazarı çatışmazlığı var. Hətta istehsal etdiklərini belə sata bilmirlər. Daxili bazarın gücü hesabına iqtisadiyyatı saxlmaq mümkün deyil. Düşünürəm ki, bir müddət də belə davam etsə, İranda kütləvi etiraz dalğası baş verə bilər”.

Qeyd edək ki, Prezident Həsən Ruhani İranın son 40 ilin (İran inqilabından sonra) ən ağır günlərini yaşadığını söyləyib. Ruhani, həmçinin, vergilərin ölkənin idarə edilməsi üçün lazım olan vəsaitin yalnız 30 faizini təmin etdiyini və nefti sata bilməyəcəkləri halda qalan 70 faiz vəsaiti təmin edə bilmək üçün mənbə olmadığını vurğulayıb.

Tarix
2019.11.13 / 13:50
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - Foto

Ölkədə kommersiya mübahisələri ilə bağlı qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla