"Manatla əmanətlərin
banklardan götürülməsinin qarşısının alınması və eləcə də yeni
depozitlərin cəlb edilməsi üçün bir sıra təbii ehtiyatlara malik
olan ölkələrdə olduğu kimi, banklardan olan əmanətlərin dollara
indeksasiyasının həyata keçirilməsinə ehtiyac
var".
Axar.az xəbər verir ki, bu açıqlama ilə iqtisadçı Vüqar Bayramov
öz Feysbuk səhifəsində çıxış edib.
O bu il manatla olacaq əmanətlərdə azalmaların müşahidə
olunacağını bildirib:
"Banklarda vətəndaşların 7,2 milyard manatlıq əmanətinin
olmasına baxmayaraq, milli valyutada olan əmanətlərin məbləği ötən
ilin dekabr ayında əvvəlki ay ilə müqayisədə 4,482 milyard manatdan
4,422 milyardadək azalıb. Qonşu ölkələrdə müşahidə edilən milli
valyutaların develvasiyası və neftin dünya bazar qiymətinin aşağı
düşməsi dollara tələbatı artırmaqla manat təklifini çoxaldıb. Güman
edilir ki, bu ilin ilk ayının yekunlarında manatla olan əmanətlərin
həcmində daha ciddi azalmalar olacaq. Problem sadədir: manatın
dəyərdən düşəcəyindən narahat olan əmanətçilərin bir qismi
pullarını banklardan çəkərək onu xarici valyutaya, əsasən də
dollara çevirirlər. Banklar vaxtından əvvəl əmanətlərini götürənlər
üçün faiz cərimələri tətbiq edərək hesabladıqları dividentlərin bir
qismini ödəməməklə müəyyən vəsaitə qənaət etsələr də, bu hal
bankların maliyyə likvidliyi baxımından heç də arzuolunan deyil.
Eyni zamanda, bu proses Mərkəzi Bankın intervensiya xərclərini də
artırır. Baş bankda manata tələbi qarşılaşmaq üçün hər ay 1.5
milyard dollara yaxın pul bazara çıxarılır ki, bu da valyuta
rezervlərinin həcminin azalmasına gətirib çıxarır".
İqtisadçı bank sektoru üçün heç də asan olmayan mərhələnin
başladığını deyib:
"Aydındır ki, əmanətçilərin öz manatlarını banklardan çəkməsi
bank sistemi üçün heç də arzuolunan deyil. Əmanətlər bankların cəlb
etdiyi vəsaitlərin əsas maliyyə mənbələrindən biridir. Bu maliyyə
mənbəsinin kiçilməsi bankların fəaliyyətinin məhdudlaşmasına
gətirib çıxaracaq. Son dekadada ilk dəfə olaraq ötən ilin
yekunlarında bankların ziyanlarının mənfəətindən çox olduğunu
nəzərə alsaq, manatla əmanətlərdəki azalma tendensiyasının
qarşısının alınması olduqca vacibdir. Bu, sadəcə Mərkəzi Bank üçün
əlavə xərc yaratmır, eyni zamanda bank sektoru üçün heç də asan
olmayan bir mərhələnin başladığından xəbər verir. Manatla
əmanətlərin banklardan götürülməsinin qarşısının alınması və eləcə
də yeni depozitlərin cəlb edilməsi üçün bir sıra təbii ehtiyatlara
malik olan ölkələrdə olduğu kimi banklardan olan əmanətlərin
dollara indeksasiyasının həyata keçirilməsinə ehtiyac var. Bu zaman
indeksasiya ilə bağlı potensial və ya virtual xərclər dövlət
tərəfindən qarşılanır. Manatın məzənnəsinin stabil qalacağı ilə
bağlı Mərkəzi Bankın əvvəlki açıqlamalarını nəzərə aldıqda isə bu
xərc hətta yaranmaya bilər. Bu zaman kommersiya banklarında manatla
yerləşdirilən əmanət dollara indeksasiya edilir. Məsələn, vətəndaş
bankda 10 min manatlıq əmanət yerləşdirir və ya hazırda əmanəti
var. Bu məbləğ Mərkəzi Bankın rəsmi məzənnəsinə əsasən 12750 dollar
edir".
V.Bayramov manatla əmanətləri indeksasiya etməklə valyuta
bazarında dolları durdurmağın mümkün olacağını söyləyib:
"Müqavilə üzrə müddət başa çatdıqdan sonra isə əmanətçi öz
manatla olan pulunu götürən zaman milli valyutanın dəyəri aşağı
düşdüyü halda isə yaranan fərq məhz indeksasiya olunduğu üçün
dövlət tərəfindən qarşılanır. Bu o deməkdir ki, məsələn, 12750
dollarlıq manatla ifadə edilən əmanət milli valyuta develvasiya
nəticəsində 11100 dollardək azalarsa, o zaman yaranan 1650 dollar
fərq məhz dövlət tərəfindən qarşılana bilər. Amma əgər milli
valyutanın məzənnəsi dəyişməzsə, o zaman hər hansı fərq yaranmadığı
üçün yeni xərc də formalaşmayacaq. Eyni zamanda fərq üçün minimum
limitlər də müəyyənləşdirilə bilər. Məsələn, bu fərq 500 dollardan
artıq olduğu halda qarşılana bilər. Əgər fərq 500 dollardan
azdırsa, o zaman həmin kəsir ödənilmir. Potensial indeksasiya
xərclərinin azaldılması üçün sığorta olunan, yəni
müəyyənləşdirilmiş faiz limiti daxilində 30 min manatdan artıq
olmayan əmanətlər dollara indeksasiya edilə bilər. Bu isə o
deməkdir ki, dövlətin potensial xərcləri kifayət qədər az olacaq.
İndeksasiya sisteminin tətbiq edilməsi dollara tələbatı ciddi
şəkildə azaldacaq. Monitorinqlər göstərir ki, dollara formalaşmış
tələbin əhəmiyyətli hissəsi banklardakı manatını götürüb dollara
çevirənlər hesabına baş verir. Develvasiya riskindən ehtiyatlanan
əmanətçilərin bir qismi öz pullarını dollara çevirməyə başlayıblar.
Bu sistemin tətbiqi isə Mərkəzi Banka intervensiya xərclərinə
qənaət etmək və bununla da valyuta rezevlərindəki azalmanın
qarşısını almaq üçün vacibdir. Eyni zamanda, indeksasiya banklarda
olan əmanətlərə tətbiq edildiyindən və evdə saxlanan pulları əhatə
etmədiyindən banklarda depozitlərin də həcminin artmasına gətirib
çıxaracaq. Vətəndaşların əksəriyyəti öz pullarını evdə deyil,
banklarda saxlamağa üstünlük verəcəklər. Deməli, manatla əmanətləri
indeksasiya etməklə valyuta bazarında dolları durdurmaq mümkündür.
Bundan qazanan isə yalnız vətəndaşlar deyil, bank-maliyyə sistemi
daxil olmaqla bütövlükdə dövlət olacaq".