Oktyabrın 2-də "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunda
V Beynəlxalq "Tullantıdan sənətə" sərgisi açılıb.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərgi ilə
tanış olub.
Axar.az xəbər verir ki, sərgi Heydər Əliyev Fondunun təşəbbüsü,
"Təmiz Şəhər" ASC-nin təşkilatçılığı, IDEA İctimai Birliyi,
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və "Q Gallery"
incəsənət qalereyasının dəstəyi ilə reallaşıb. Məişət
tullantılarından, lazımsız əşyalardan istifadə olunaraq hazırlanmış
sənət əsərlərinin təqdim edildiyi sərgidə 8 ölkədən 25 incəsənət
nümayəndəsinin əl işləri nümayiş olunur. Ümumilikdə, 5 il ərzində
"Tullantıdan sənətə" sərgisində 30 ölkədən 80-dən çox sənət adamı
iştirak edib. Sərginin əsas məqsədi əhaliyə ətraf mühiti təmiz
saxlamağın vacibliyini aşılamaq, onları lazımsız saydıqları
əşyaları düşünmədən zibil qutularına atmaq vərdişlərindən
çəkindirməkdir. Yararsız hesab edilərək atılmış əşyalar, tullantı
materialları sənətkarların əllərində "canlanıb".
Sərgidə yer alan əsərlərdən biri Məmməd Rəşidovun (Azərbaycan)
"Qarabağ Peqası" əl işidir. Qarabağ atları fədakarlıq və mərdlik
təcəssümüdür. Əsərin konsepsiyasına görə, mürəkkəb sualların
həllində ədalətin qalib gəlməsi üçün zaman tələb olunur. Əfsanəvi
Peqas əsrlər boyu gücün və sürətli vaxt axınının rəmzi hesab
olunub. Bu iki varlığın vəhdəti ədalətin bir gün qələbə
çalacağından xəbər verir.
Tatyana Qomzanın "Yumşaq pəncələr" əsəri isə pişik ailəsini əks
etdirir. Pişiklər "xoş gəldin" jesti olaraq qonaqlara sanki qucaq
açmışlar. Metal skeletdən ibarət sərt görkəmlərinə baxmayaraq,
onların çox yumşaq və rahat çəkmələri var. Sərgiyə gələnlər
yaşından asılı olmayaraq onları geyinərək bir anlıq "yumşaq
pəncələri" hiss edəcəklər. Bəlkə də bu pozitiv incəsənət əsəri ilə
yaxından təmasda olduqdan sonra tullantılara kreativ yanaşma
ideyası tamaşaçılara daha real görünəcək.
Dünya okeanlarını cənginə almış plastik çirklənmə İnqrid
Qoldblumun (ABŞ) "Cərəyan" əsəri üçün katalizator olub. Riyazi
modeldən ibarət arxa fonda xırda tullantıların birləşərək nəhəng
tullantı burulğanına çevrilməsi əks olunub. Eynək şüşələri həm
okeanın plastiklərlə çirklənməsini göstərir, həm də tullantılar ilə
yanlış rəftarın yaratdığı problemi nümayiş etdirmək üçün pəncərə
rolunu oynayır.
Katarina Monteyronun (Portuqaliya) "Doğma küçə" əsərində zibil
yeşiyində yaşayan küçə pişiyi ətrafında siçanlar və balıq sümükləri
ilə birgə əks olunub. Amma həmin zibil qutusu sanki dəniz qulduru
xəzinəsi kimi qızıl və qiymətli daşlarla doludur. Əsərin
konsepsiyası bundan ibarətdir ki, bir insanın tullantı saydığı əşya
digər insan üçün xəzinə hesab oluna bilər.
Rusiyalı rəssamlar Nina Nikiforova və Vladimir Nikiforovun
"Tullantılardan qızıl" kompozisiyasının məqsədi təbiətin ən vacib
qanunu olan "maddələr dövriyyəsi" anlayışını, yəni tullantıların
istifadəyə yararlı məhsullara qaytarılması ideyasını insanlara
təlqin etməkdir.
Eləcə də Aleksandr Faley (Belarus), Erkin Ələkbərli
(Azərbaycan), Həbib Saher (İran), Cenifer Maestre (ABŞ), Şamil
Quliyev (Qazaxıstan), Soso Çxaidze (Gürcüstan), Zəkəriyə Zəkəryəyev
(Rusiya), Martins Sprogis (Latviya), Pandora Apostolovska Sazdovska
(Makedoniya) və digər rəssamların əsərləri bir daha təsdiq edir ki,
incəsənət insan həyatının önəmliyinin, xaosun gözəlliyə və cəsarətə
çevrilə biləcəyinin təzahürüdür.
Açılış mərasimində "Tullantıdan sənətə" sərgisinin 5 illiyi
münasibətilə videokadrlar nümayiş etdirilib.
Bu gün Bakı şəhərində tullantılardan təkrar istehsal üçün xammal
kimi istifadə olunur. Həmçinin tullantıların yandırılması
nəticəsində elektrik enerjisi əldə edilir. "Tullantıdan sənətə"
sərgisi isə tullantıların lazımsız əşyalar toplusu olmadığını,
hətta onlardan sənət əsərləri yaratmağın mümkünlüyünü əyani formada
nümayiş etdirir.
Xatırladaq ki, "Tullantıdan sənətə" sərgisi 2010-cu ildən
etibarən Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Təmiz Şəhər" ASC-nin
Qala qəsəbəsində həyata keçirdiyi "Təmiz Qala" adlı pilot layihə
çərçivəsində təşkil olunur. Layihə əsasında qəsəbədə tullantıların
idarə olunması müasir standartlara cavab verən üsulla aparılır.
Qeyd edək ki, 2015-ci ildən etibarən Qala qəsəbəsində "Tullantıdan
sənətə" muzeyi də fəaliyyət göstərir. Ziyarətçilər burada
tullantılardan yaranan müxtəlif əsərlərlə tanış ola bilər.
Oktyabrın 12-dək davam edəcək V Beynəlxalq "Tullantıdan sənətə"
sərgisi ilə tanış olmaq istəyənlər üçün oktyabrın 3-dən etibarən 3
gün ərzində saat 12:00-da "İçərişəhər"in Qoşa Qala qapısından
"Qala" qoruğuna avtobus yola düşəcək.