Şair Nurafiz ədəbiyyatda öz yeri olan qələm sahibidir.
Özündən yuxarı boy sərgiləmək iddiası olmayan, şeirə, sözə vicdanla
yanaşan insandır. Bu günlərdə onunla görüşüb, Axar.az üçün
həmsöhbət oldum.
- Nurafiz, yaradıcılığın nə yerdədir?
- Təbii ki, planlı şəkildə yaradıcılıqla məşğul olmadığımdan
yazılarımın vaxtı-məkanı, yeri-yurdu bəlli deyil. Nə vaxt, harada
məni haqlasa - yolda, sükan arxasında, işdə, yerdə, göydə -
Tanrının mərhəməti nə vaxt öz nurunu könlümə salsa, qeydlərimi
edirəm. Ən çox da telefonun səsyazanı karıma gəlir. Oturaq yazmaq
vərdişini Allah mənə qismət etmədiyindən nə evdə, nə də bağda yazı
masam var. Görünür, bu, mənim qismətimə yazılmayıb. Sənin də qan
daşıyıcısı olduğun, aran-yaylaq arası yolların quluncunu at nalları
altında gah qəzəblə, gah da könül havasıyla oxşayıb sındıran, qədim
tərəkəmə tayfası olan Təklə türkünün davamçısı kimi, bu tərəkəmə
yaşam tərzini yazılarımda da yaşamaq haqqının halallığındayam. İlk
kitabım - "Hamı işıqdan keçir" dəyərli dostum Rafiq Hümmətin
davamlı təkidi ilə 50 yaşımda işıq üzü gördü. Növbəti kitab -
"Sözün dörd havası" isə Nəriman Əbdülrəhmanlının israrlı inadından
sonra 2012-ci ildə çap olundu.
- Bəs işlərin necədir?
- Deyirəm, nə yaxşı ki, qazancım yazı-pozudan çıxmır, yoxsa
indiyəcən bir neçə şairin ilk kitabının sevincini dadmaq haqqının
qürurunu yaşaya bilməzdim. Çox-çox sıxıntıların içimdə ərpləşməsini
çəkə bilməzdim.
- Nurafiz özünü daha çox şair kimi hiss edir, yoxsa iş
adamı kimi?
- Orta məktəb illərindən şeir yazmağa başlasam da, məqsədim
texniki sahədə təhsil almaq idi, özümü bu sahədə görürdüm. Bu günə
kimi də texniki sahədə öz ixtisasım üzrə işləyirəm, peşman deyiləm.
Həyatda eləmək istədiklərimin çoxunu qazanmışam. Bütün günü iş
qayğıları ilə yaşayıram.
Böyük pulların vicdanı yoxdur
- Demək istəyirəm ki, şairlərin arasında daha
sərbəstsən, yoxsa iş adamlarının?
- İş adamlarının arasında daha sərbəstəm. Yazı adamlarından
fərqli olaraq, burada sözdən çox əməl, yəni konkretlik çox
önəmlidir. Amma bu sahənin də yaxşı və pis tərəfləri var. Bəzən
mənən kasıb olan iş adamının əli yaxşı gətirəndə tez çaşır, onda
hiss edirsən ki, böyük pulların vicdanı yoxdur.
- Məsələn, iş adamları bəzən hansı yollasa vergidən
yayınmaqla daha çox qazanc əldə etməyin yolunu bilir və bu, onlara
uğur gətirir. Şairlər necə, olur ki, ilham pərisini
aldatsınlar?
- İş adamlarının yüz oyundan çıxıb çox qazana bilmələri onlara
uğur gətirə bilər, vallah, o qazancın çıxacaq yeri də həmişə
açıqdır, onsuz da, nə vaxtsa o çıxır, çünki "O"nu aldatmaq olmur. O
ki qaldı şairlərə, əgər ilham pərisi gəlirsə, şair oturub şeirini
yazar. İlham pərisi yoxdursa, şeir quraşdırmaqla özünü aldadır.
- Sən özünü şeirdən, ədəbiyyatdan kənar təsəvvür edə
bilirsən? Yoxsa elə şeir yazanda ədəbiyyat adamı olmağın yadına
düşür?
- Hər gün, hər an olmasa da, həmişə özümü şeir
havasında-hənirində hiss etmişəm, yaza bilmədiyim anlarda isə şeir
məndən kənarda olub. Son dörd-beş ili çıxmaq şərti ilə heç vaxt
ədəbi mühitdə olmamışam. Bu illər ərzində də barmaq sayı tədbirdə
iştirak etmişəm.
Sabah o itdən utanmayacaqdım
- Olubmu ki, şairliyin hansısa işinə əngəl olsun?
Məsələn, haradasa daha sərt olmalı idin, amma bu duyğusallıq
qarşını alıb.
- Bəli! Atam həmişə deyərdi ki, yaxşı kişinin qapısında işləməyə
gələn ustanın gözü birinci gündən tox olmalıdır. Mən də bağ evimdə
işləməyə gələn ustalara birinci gün kabab çəkdim və tikinti
obyektində iclasa tələsdiyimdən bir tikə kabab götürüb çölə çıxdım.
Həmişə gendən gəzən qonşu iti bu dəfə yanımı kəsdirib üzümə
baxa-baxa quyruq bulayırdı. Arxadan gələn küçük səslərindən hər şey
aydın oldu. Əlimdəki tikəni itə atıb balaları üçün bazarlıq etməyə
getdim. Təbii ki, iclasa gecikdim. Üzüm danlansa da, içimdə bir
işıq məni ayaq üstə saxlamışdı, sabah bağa gedəndə o itdən
utanmayacaqdım. Bu duyğusallığın altını dəfələrlə çəkmişəm, maddi
itkilərim olsa da, mənən rahatlıq tapmışam.
- Xəyanətə necə baxırsan? Sözə xəyanət etmisənmi,
xahişlə şeir yazmaq, kimisə vəsf etmək və sair
baxımdan.
- Bir dəfə böyük qardaşımın təkidi ilə ortancıl qardaşımın baş
daşı üçün şeir yazmışam. Vəsf şeirləri, ümumiyyətlə yazmamışam.
Amma ithaf şeirlərim var, heç birində yarınma, məqsəd olmayıb.
İkinci dəfə on gün bundan qabaq bir şair dostumuzun xahişi ilə
haqqında çıxacaq kitaba salmaq üçün ona bir şeir yazmalı oldum... O
şeiri sizə demək istərdim.
- Buyur..
- Şeir "Göyərçin dillərin duası" adlanır.
Sözün torpağına ruhun dən səpir,
Yaddaşın eydirir qan ağrısını.
Fikirlər yuxunu gözünə təpir,
Çəkir misra-misra can ağrısını.
Umudun boydadır göy üzü sənə,
İçində baharın şəkli boy verir.
İslanmış nəğmədir payız buludu,
Altında ürəyin təkdir - boy verir.
Səbrin yurd salıbdı iynə ucunda,
Ağrının gözündən can addadırsan.
Dərdin gözlərinə sıxıb qanını,
Ömrü nağıllardan yan addadırsan.
Ahına bükdüyün ağrılarını
Dəfn edib telinin bəyaz yerində,
Qərib nəğmələri səfə düzmüsən
Durna səslərinin ayaz yerində.
Göyərçin dillərin duası yorğun,
Lal simin nəğməsi mizraba məzar.
Ləngəri yol yoran köç havaları
Oxuna-oxuna qəmində azar.
Bir ağrı daşıdın min ildən bəri,
Daş yonan səbirnən, sonuclu "döz"nən.
Könlünün üstündə Tanrı duası,
Dilinin ucunda ilahi SÖZnən.
Təzə dərd qoy qarşıma, deyim saat neçədir
- Hiss edirəm ki, yerlibazsan. Daha çox Gürcüstanda
dünyaya gəlmiş yazarları oxuyur, onlarla
əhatələnirsən.
- Faiq bəy, yerlibaz olduğumu deyirsən, təəssüf ki, belə deyil,
amma olmaq istərdim. Qırx ildir Bakıdayam, ən çox sözünə içimi
söykəyə bildiyim könül adamı N.Əbdülrəhmanlıdır, həm də yeganə
gürcüstanlı. Dost münasibəti saxladığım yazarlardan nə
R.Qusarçaylı, Z.Məmməd, Kəramət, M.Yusifqızı, H.Şəmi, K.Qədim,
E.Nicat, R.Kamal, İ.İsaq, B.Fərman, İ.İlyaslı, B.Alarlı, nə Q.Xalid
nə də sən Borçalı əsillisiniz.
- Nurafiz, sən şeir yazmasaydın, ədəbiyyatımız nəyi
qazanardı, nəyi itirərdi?
- Yəqin ki, şeir yazmasaydım, ədəbiyyatımız daha yaxşı bir iş
adamı qazanardı və o da şeir yazmaq əvəzinə, imkansız yazarlara
yaxşı mənada əl uzadardı ki, əlində kitab idarələri gəzməsin, ya da
"Təzə dərd qoy qarşıma, Deyim saat neçədir" misralarını
itirərdi.