Yazıçı Qəni Camalzadə ilə görüşüb, Axar.az-ın
"Gerçəkləşməyən arzular" layihəsində həmsöhbət olmaq istədiyimi
deyəndə razılaşsa da, söhbətimiz çox gec gerçəkləşdi. Yaxın
günlərdə nəhayət ki, onunla söhbətləşə bildim:
- Qəni müəllim, yaradıcılığınız nə
yerdədir?
- Faiq bəy, yaradıcılığım nə yerdədir, nə göydə, ortada qalıb,
onu öz axarına buraxmışam. Açığı, bir az astagələm, tələsməyi
xoşlamıram. Bu saat hamını düşündürən, çoxunun barmaqarası baxdığı,
bəzilərinin lağ elədiyi, bir çoxunun gülüş yeri olan mövzular
ətrafında var-gəl edirəm, əltutan yerini axtarıram ki, qaldıranda
gücə düşməyim. Ömür vəfa eləsə, əcəl imkan versə, Allah-Taalanın
köməyi ilə yaxınlarda romanı bitirmək fikrindəyəm. Yaşımızın elə
bir mərtəbəsindəyik ki, hər gün məramımıza doğru getməliyik. Amma
tələsmək də olmaz. Ortaya dəyərli bir yazı qoyulmalıdır ki,
zəhmətimizi doğrultsun.
- Necə düşünürsünüz, ədəbiyyatımızın vəziyyəti
qənaətbəxşdirmi?
- Ədəbiyyatımıza nə olub ki? Maşallah, iri addımlarla
irəliləyir. "Natəvan" klubunda, kitab mağazalarında, məktəblərdə,
mədəniyyət saraylarında keçirilən kitab təqdimatlarının sayı hesabı
yoxdur ki! Nəhəng söz topası dağdan dığırlanan qar topası kimi
böyüyür. Əlbəttə, zarafat eləyirəm. Açığı, ədəbiyyatımızın
vəziyyəti arzuolunan deyil. Bəli, bütün dövrlərdə "söz topası"
yaradanlar olub. İstedadsız adamların qabağına sədd çəkmək mümkün
deyil, onların varlığında bir təbii fəlakət qanunauyğunluğu var.
Belə olub, bundan sonra da belə olacaq. Odur ki, istedadsızlarla
işim yoxdur, məni istedad sahibləri maraqlandırır. Narazılığımın
səbəbi onlardır. Feysbukdakı statuslarımın birində yazmışdım:
"Çiyninə qonan İLHAM PƏRİSİNƏ bozbaş bişirtdirən istedad
sahiblərinə yazığım gəlir!" Onlar Allah vergisini heçə-puça
xərcləyir. Cəmiyyətdəki rüşvəti, yalanı, ikiüzlülüyü, məmur
zorakılığını, kasıblığı, səfaləti bəhanə gətirib xırdalanmaq olmaz.
Əlbəttə, acqarına ədəbiyyata xidmət eləmək asan deyil, amma cəhd
eləmək pis olmazdı. Bizim cəmiyyət həmişə arxasını ədəbiyyata
çevirməyəcək ki! Üzünü yazıçıya çevirəcəyi gün uzaqda deyil. Flober
deyirdi ki, mən özüm üçün yazıram, çap olunmaq arzusunda deyiləm.
Düzdür, sözünün üstündə dayana bilmədi, "Madam Bovari"ni çap
elətdirdi. Hər halda, "mən özüm üçün yazıram" deməyə cəsarəti
çatırdı. Bəli, bəli, cəsarətinin arxasında malikanələri, gəlir
gətirən tarlaları, rentaları dururdu. Yəni bizdə də ədəbiyyatçı
söykənməyə pul dağarcığı tapanda vəziyyəti düzələcək... Bu da bir
zarafat...
- Siz nasirsiniz. Maraqlı hekayələriniz, irihəcmli
əsərləriniz var. Mövzu rəngarəngliyinə də söz ola bilməz. Bu
əsərlərinizin sizə gətirdiyi hansı dividentlər var?
- Bəli, düz tapmısınız, mövzu rəngarəngliyim həsəd
aparılmalıdır. Uzun müddət istehsalatda, ticarətdə olmuşam. İşimlə
əlaqədar altı-yeddi qurumun məmurları ilə təmasda olmuşam.
Qəhrəmanlarımı həyatdan almışam. Zənnimcə, yazıçı eyni mövzuya
təkrar-təkrar qayıtmamalıdır. Bir mövzuya bir dəfə müraciət eləsə
yaxşıdır. İkinci müraciəti də məqbuldur, amma bununla
kifayətlənməlidir. Mövzu təkrarçılığı yazıçının
qeyri-peşəkarlığından, dühasının kasadlığından xəbər verir. Yazıçı
özünü təkrar etməməlidir. Qaldı dividentə, yəni qazanca, bundan
danışmasanız yaxşıdır.
- Niyə?
- Daha bunun nə "niyə"si? Bizim, on milyonluq xalqın ədəbiyyat
bazarı kasaddır. Binəva yazıçı yazıları ilə təkcə öz qarnını belə
doyuzdura bilmir. Ailəlidirsə, həmişə danlaq altındadır,
evsizdirsə, axıra qədər evsizdir, xəstədirsə, çarəsizlikdən əzab
çəkəcək.
- Siz də Sovetlərdən qalan yazıçısınız. O dövrlər
kitablarınız da çıxıb.
- Mənim əl boyda kitabımın birinə 800 manat, o birinə 1400 manat
qonorar verdilər. Üçüncü kitabım tilsimə düşdü, 1989-cu il idi,
tematik plana salınmışdı, 5000 manat qonorar alacaqdım, ölkə
dağıldı. Axırıncı iyirmi beş ildə beş-altı kitabım çıxıb, yalnız
bir romanıma görə Kitabxana Kollektorundan 1500 manat veriblər, bu
da kitabın çapına çəkdiyim xərcin üçdə biri eləmir.
- Ciddi adamsınız. Əsərlərinizdə isə sarkazm, satira,
yumor daha çoxdur. Sizə satirik yazıçı demək olar. Satira ilə nəyə
nail ola bilmisiniz, yaxud düşünürsünüz ki, nail ola
bilərsiniz?
- Ciddiliyim görk üçündür, deyib-gülməyi xoşlayıram. Dahi Sabir
deyir ki, "Axtaxana dağda dana boy atdı! Mən böyük ollam haçana,
bilmirəm!" Olanımız budur. İnsan kənardan daha yaxşı görünür. Keçək
nailiyyətlərə... Ədəbiyyatın xiridarı olmalıdır, xiridar yoxdursa,
ədəbiyyat da yoxdur. Sözümüzü deməyə adam tapmırıq, necə ki, Mirzə
Cəlil sözünü deməyə adam tapmırdı. Qəribə bir zəmanəyə düşmüşük.
Sabir demişkən: "Hər şeyi təlim eləyir tərsinə! Dəyməz o bir paslı
dəmir ərsinə!"
- Düşünürəm ki, imzanız az tanınır. Təbliğatınız zəif
gedir, həm də ədəbi mühitdən bir az kənardasınız. Bu işlərinizin
çoxluğu ilə əlaqədardır, ya ədəbi mühit sizi çəkmir?
- Zənnimcə, imzanın az-çox tanınmağı şərt deyil, Faiq müəllim.
Əgər ədəbiyyata xidmət edirsənsə, bir gün qədrini biləcəklər. Qaldı
təbliğata, bilirsiniz ki, təbliğat vasitələri kənar əllərdə
cəmləşib. Bütün KİV-lər cəmiyyətin mübtəla olduğu xəstəliklərə
tutulub, bütün münasibətlər alğı-satqı üstündə qurulub, burada
obyektivlik gözləməyə dəyməz. Böyük pullardan söhbət gedir. Halbuki
yazıçının dəyərini ədəbi tənqid, söylədiyiniz ədəbi mühit
verməlidir. Əqidə sahibləri şou-biznesin nümayəndəsi deyil ki, TV
ekranlarından düşməsin. Mən tanınmanı orada axtarmaq
istəməzdim.
- Qəni müəllim, bir yazıçı olaraq özünüzü ədəbiyyatda
harada görürsünüz?
- Şöhrətpərəstlikdən heç bir yazıçı-şair sığortalanmayıb. Kim
ayranına turş deyib ki! Əli qələm tutan özünü dahi sayır. Beş-altı
gəraylı-qoşma toqquşduran şairkimilərə imkan versən, S.Vurğunun
heykəlini aşırıb yerinə qalxarlar. Bir neçə cızma-qaradan sonra
Nobel mükafatına iddialı yazıçılarımız var. Bizə nə olub ki! Biz də
bu xalqın övladı deyilikmi? Niyə ədəbiyyatda özümüzü başda
görməyək? Məsələn, klassiklərin cərgəsində... (gülür). Yüzlərlə
hekayəm, üç romanım var. Yazıçının ədəbiyyatda yerini ədəbi tənqid
təyin eləməlidir, özü yox. Sağlam mühitin sağlam tənqidi!
- Bugünkü ədəbi mühitlə dünənki ədəbi mühit arasında bir
oxşarlıq varmı?
- Mən ədəbi mühiti məscidlə, Allahın evi ilə müqayisə eləməzdim.
Sizi inandırıram ki, bütün elementləri ilə ədəbi mühit bazara
oxşayır. Hər kəs bu bazarda təzə nırx qoymaq istəyir. Bununla
razılaşmaq da olar, razılaşmamaq da! Ədəbi mühit heç dəyişməyib,
elə qırx il bundan qabaq gördüyümdür. İlk hekayəm 1976-cı ildə,
"Ədəbiyyat və İncəsənət" qəzetində çap olunub. Onda tələbə idim,
ədəbi mühitdə dolaşırdım.
- Müasir yazıçı necə yazmalıdır ki, oxucunu
maraqlandırsın?
- Bir neçə qoşma-gəraylı ilə, qəzəllə cəmiyyəti küll halında
ifadə eləmək çətindir. Buna yalnız nəsrin gücü çatar. Balzak kimi.
Amma müasir nəsr "haqqında nəğmələr qoşulan" sürət və inkişafın
qarşısında acizdir. Müasir balzaklar başqa cür yazmalıdır.
Romanları ardıcıl, sadə, lakonik, oynaq, qısa olmalıdır. İndiki
oxucu köhnə oxucudan intellekti, səbirsizliyi ilə fərqlənir. Sözü
göydə qapır, uzunçuluğu sevmir, kəskin süjetləri xoşlayır,
açıq-saçıqlığa meyillidir. Müasir yazıçı ortaya qoymaq istədiyi
romanlarda bunu nəzərə alınmalıdır. Dövrümüzü yazmalıyıq.
- Bizim ədəbiyyat yenidən evlərə, insanların qəlbinə
ayaq açacaqmı?
- Hazırkı ədəbiyyatımız keçid dövrünün ədəbiyyatıdır. Bir
vaxtlar şura düşüncəsinə söykənən, kommunizm ideyalarını təbliğ
edən, hazırda dayaqlarını itirmiş ədəbiyyat şura quruluşunun
dağıntıları altından ağrıya-ağrıya yenidən qalxmağa çalışır. Milli
şüur formalaşdıqca, cavan dövlətin bünövrəsi möhkəmləndikcə
ədəbiyyat da ətə-qana gəlir.
- Satira lazımdırmı?
- Əlbəttə! Duzu-istiotu olmayan yemək kimə lazımdır ki? Yalnız
pəhriz saxlayanlara! Amma satira milli zəmində olmalıdır,
xalqımızın izzəti-nəfsini təhqir etməməlidir. Hər bir paskvil yazan
yazıçı bilməlidir ki, onu başqa xalqlar oxuyur, paskvilindən bizə
qarşı istifadə edirlər. Bir vaxtlar bizə nümunə göstərilən elə
yazıçılar var ki, bir gün ruhu daş-qalaq olunacaq..
- Mülahizələrinizdən, həyat təcrübənizdən görünür ki,
təsadüfi adam deyilsiniz. Sizcə, ədəbiyyatda peşəkarlıq
nədir?
- Şura hökumətinin üstün cəhətlərini kənara atmaq olmaz. Kitab
oxucunun masasına gəlib çıxana qədər müəyyən yol keçirdi, yəni bir
neçə redaktorun əli dəyirdi, korrektor üzü görürdü, rəylər
yazılırdı, lazımlı-lazımsız sədləri adlayırdı, yəni kollektiv
əməyin məhsuluna çevrilirdi. İndi başqa cürdür. Bu gün yazıçının
qələmindən çıxan yazı sabah bütün əyər-əskiyi ilə oxucuya təqdim
olunur. Bir sözlə, heç bir daxili senzoru olmayan yazıçılar baş
alıb gedirlər. Axırı da görünmür. Bir roman əlimə düşdü. Bütün
əyər-əskiyindən danışmaq fikrində deyiləm. Adi bir nöqsanını
deyəcəyəm. Yazıçı bir vərəqdə iyirmi dəfə eyni sözü işlədir, heç
sinonimini tapmağa cəhd belə eləmir. Soruşmaq istəyirsən, dostum,
50 yaşında yazmağı öyrənməmisənsə, haçan öyrənəcəksən? Bunun harası
ədəbiyyatdır axı!