15 oktyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Finlandiyanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Elina Valtonen ilə görüşüb.
Bu barədə Axar.az-a XİN-dən məlumat verilib.
15 oktyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Finlandiyanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Elina Valtonen ilə görüşüb.
Görüşdə Azərbaycan-Finlandiya ikitərəfli münasibətləri, Finlandiyanın ATƏT-də sədrliyi dövründə prioritet istiqamətlər, ATƏT-in qarşısında duran çağırışlar, Azərbaycan-ATƏT əməkdaşlığının hazırkı vəziyyəti və gələcək perspektivləri, eləcə də bölgədə post-münaqişə dövründə vəziyyət və Azərbaycan-Ermənistan sülh prosesi müzakirə olunub.
Tərəflər ötən il COP-29 çərçivəsində Bakıda, eləcə də bu ilin sentyabr ayında BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi zamanı Nyu Yorkda liderlər arasında keçirilmiş görüşlərin ikitərəfli münasibətlərin inkişafına töhfəsini məmnunluqla qeyd ediblər. Nazirlər münasibətlərin genişləndirilməsi məqsədilə qarşılıqlı səfərlərin və dialoqun intensivləşdirilməsinin vacibliyini vurğulayıblar.
Görüş zamanı Finlandiyanın ATƏT sədrliyi çərçivəsində prioritetlərə toxunulub. Nazir Ceyhun Bayramov qeyd edib ki, Finlandiyanın sədrliyi Avropada təhlükəsizliyin ciddi çağırışlarla üzləşdiyi dövrə təsadüf edir. Bu şəraitdə ATƏT-in çoxtərəfli platforma kimi çevik şəkildə yeni reallıqlara uyğunlaşmasının, öz aktuallığını və funksionallığını qoruyub saxlamasının əhəmiyyəti vurğulanıb.
Nazir həmçinin regionda son vəziyyət, işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri, məcburi köçkünlərin geri qayıdışı istiqamətində görülən tədbirlər və mina təhdidi barədə Finlandiyalı həmkarını məlumatlandırıb.
Görüşdə Azərbaycan-Ermənistan sülh prosesi də müzakirə edilib. Nazir Ceyhun Bayramov 8 avqust 2025-ci il tarixində Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderlərinin tarixi görüşünün və imzalanmış Birgə Bəyannamənin əhəmiyyətini qeyd edib. Sülh sazişinin imzalanması istiqamətində atılacaq növbəti addımlar və Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması zərurəti bir daha diqqətə çatdırılıb.
“Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu” (TRIPP) layihəsinin regionda nəqliyyat və iqtisadi əlaqələrin bərpası baxımından əhəmiyyəti vurğulanıb.
Tərəflər post-münaqişə dövründə reallıqları nəzərə alaraq, funksional əhəmiyyətini itirmiş Minsk Prosesi, Fəaliyyətdə olan sədrin xüsusi nümayəndəsi və Yüksək Səviyyəli Planlaşdırma Qrupu kimi ATƏT təsisatlarının fəaliyyətinin 1 sentyabr tarixindən dayandırılması barədə qərarı müsbət qiymətləndiriblər.
Nazir Ceyhun Bayramov ATƏT çərçivəsində əməkdaşlıq layihələrinin həyata keçirilməsi istiqamətində mövcud maneələrdən bəhs edərək, Azərbaycan Əməkdaşlıq Proqramının icrasına start verilməsinin vacibliyini qeyd edib. O, xüsusilə minalardan təmizləmə, ekoloji vəziyyətin qiymətləndirilməsi və kiber təhlükəsizlik sahələrində praktiki əməkdaşlığın inkişaf etdirilməsinin faydalı olacağını vurğulayıb.
Nazir həmçinin ATƏT-in iqtisadi və ətraf mühit ölçüsü üzrə təşəbbüslərin əhəmiyyətini qeyd edərək, Azərbaycan tərəfindən təşəbbüs göstərilən “Xəzər dənizi regionunda yaşıl limanların və bağlantıların təşviqi” layihəsinin uğurla icra olunduğunu və artıq üçüncü mərhələyə keçdiyini bildirib.
Nazir Ceyhun Bayramov Finlandiyanın ATƏT sədrliyinə uğurlar arzulayaraq, bu sədrliyin çoxtərəfli dialoq və əməkdaşlıq mühitinin gücləndirilməsinə, ATƏT-in fəaliyyətinin canlandırılmasına mühüm töhfə verəcəyinə ümidvar olduğunu qeyd edib.
Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və çoxtərəfli məsələlər ətrafında fikir mübadiləsi aparıblar.