Yuxarı

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Qarabağ atı” heykəlinin müəllifi danışdı

Azərbaycan hökuməti tərəfindən Qazaxıstanın paytaxtı Astana şəhərində - Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM/CICA) mənzil-qərargahının önünə ölkəmizin rəsmi hədiyyəsi olaraq “Qarabağ atı” heykəlinin quraşdırılması qərara alındı. Bu layihə ilə bağlı mənə müraciət olundu və mən də öz eskizlərimi təqdim etdim. Təxminən bir il əvvəl bu işlərlə məşğul olan müvafiq dövlət qurumu tərəfindən mənə müraciət olundu.

Bu sözləri Kult.az açıqlamasında “Qarabağ atı” heykəlinin müəllifi, heykəltaraş Kamran Əsədov deyib.

“Konsepsiyam Qarabağ atını Azərbaycanın simvolu və hədiyyəsi kimi təqdim edən, gözəlliyini və dözümlülüyünü heykəl dili ilə ifadə edən bir əsər yaratmaq idi. Bu əsər həm ölkəmizi təmsil etməli, həm də gələn qonaqları qarşılayan monumental bir heykəl olmalı idi.

Qarabağ atı xarici gözəlliyindən başqa, dağlıq ərazilərdə sərbəst hərəkəti və dözümlülüyü ilə də şöhrət qazanıb. Bunu vurğulamaq üçün heykəlin alt hissəsində, postamentdə qayalıq effekti yaratdım. Bu, Qarabağ atının dağlıq ərazilərdə sərbəst hərəkətini simvolizə edir”, - heykəltaraş bildirib.

Onun sözlərinə görə, eskizin təsdiqindən etibarən heykəlin hazırlanmasına bir ilə yaxın vaxt gedib:

"Keçid modelinin hazırlanması, böyüdülməsi və tunca çevrilməsi mərhələlərinin hər biri vaxt tələb edən prosesdir. Heykəltəraşlıq çətin sənətdir. Amma bu sənətə həqiqətən sevgi varsa, çətinliklər gözə görünmür. Yenə də işin həcminə və məsuliyyətinə görə deyə bilərəm ki, bu, heç də asan iş olmadı.

İlkin kiçik eskizdə detallı axtarış aparmaq mümkün olmur. Böyük modeldə işləyərkən isə heykəl sanki özü hansı hissənin necə olmalı olduğunu bildirir. Heykəlin öz həcm dili, forma dili var. Real atı olduğu kimi işləsək, heykəl kimi o qədər də gözəl görünmür. Məsələn, atın əzələlərini eynilə köçürsək, estetik baxımdan yaxşı alınmır. Ona görə bəzi yerləri qabardır, bəzilərini azaldırıq ki, ümumi baxanda heykəl estetik görünsün".

Kamran Əsədov bu işin ona həvalə edilməsinin onun üçün böyük qürur olduğunu əlavə edib:

"Əsərin qardaş ölkələrdən birində, Azərbaycanın simvolu və hədiyyəsi kimi yer alması isə daha böyük qürurdur. Orada Asiya ölkələrinin verdiyi hədiyyələrlə tanış olduq, hər ölkə öz hədiyyəsini təqdim edib. Azərbaycanın hədiyyəsinin əsas girişin qarşısında, böyük həcmdə yerləşməsi və gələn qonaqları qarşılaması mənim üçün çox qürurvericidir. Mənə bu işi etibar edənlərə dərin minnətdarlığımı bildirirəm. Bu, böyük məsuliyyət idi”.

Heykəltaraş həmçinin Bakıda yerləşən 8 Noyabr Zəfər abidəsinin də müəllifi olduğunu xatırladıb:

“Bundan başqa, ABŞ-ın paytaxtı Vaşinqtonda Azərbaycan Ticarət Palatasının binasında yerləşən Hüseyn Cavidin memorial xatirə lövhəsinin, eləcə də Çində muzeydə eksponat olaraq nümayiş olunan Nizami Gəncəvinin büstünün müəllifiyəm. Qazax şəhərindəki Mütəfəkkirlər parkında Vaqif Səmədoğlunun büstünü, Səməd Vurğun Ev Muzeyində isə 10-a yaxın muzey eksponatını və portretini yaratmışam. Həmçinin azad olunmuş torpaqlarımızda - Şuşa və Xankəndidə otellərin interyerləri üçün böyük ölçülü art-obyektlərin və heykəltəraşlıq nümunələrinin müəllif və həmmüəllifiyəm. Bütün bunlarla yanaşı, beynəlxalq simpozium və sərgilərdə də mütəmadi olaraq iştirak edirəm”.

Tarix
2026.10.11 / 08:00
Müəllif
Aytac Əliyeva
Digər xəbərlər

Gəncədəki dördüncü terrordan altı il ötür

Kadırov Bakıya niyə gəldi? - Səbəblər

Qarabağ Universitetinin müəllimi hakim təyin olundu

Ərəbistan-İordaniya layihəsi Türkiyəyə qədər uzanacaq?

Prezidentə “Sizi çox istəyirəm” deyən uşaq kimin oğludur?

Vəzifəsindən azad olunan polkovnikə yüksək vəzifə verildi

İlham Əliyev sükan arxasında, Kadırov yanında... - Foto

İlham Əliyev və Kadırov birgə nahar etdi - Foto

Azərbaycanı Qarabağın həlli ilə bağlı təbrik edirəm!

İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla