Fridrix
Şopen 1831-ci ildə incəsənət paytaxtına getmək üçün Varşavanı tərk
edəndə iyirmi yaşını yenicə keçmişdi.
Onun ənənəvi rəqs formalarını saxlamaqla yanaşı yeni məzmun –
səmimi poeziya və dramatizmlə zənginləşdirilmiş polonezləri (qədim
polyak rəqsi və bu rəqs üçün yazılmış musiqi – tərc.), valsları,
mazurkaları (milli polyak rəqsi – tərc.) Paris tamaşaçılarını
dərhal ovsunlayır.
Fridrix eyni zamanda həm də mahir pianoçu idi. O, dinləyiciləri
təkcə texniki kamilliyi ilə deyil, bundan daha artıq ifasının
dərinliyi və səmimiliyi ilə də heyran qoyur. Şopen zahirən də
bəstələdiyi musiqiyə uyğunlaşmağı bacarırdı.
O, həm də qadınları özünə məftun edən bəstəkar kimi
məşhurlaşmışdı. Parisin ən gözəl qadınları belə onun qarşısında
mətanətlərini itirirdilər. Bəstəkarn gücü yaraşıqlı olmasında,
parlaq zəkasında idi. Hələ əsas məsələ – musiqi bir yana... Onun
əsərlərini dinləyir və valeh olurdular.
Əks cinsin qəlbini ehtizaza gətirməkdə şöhrət tapan daha bir
sima - Avrora Düpenin, öz romanlarını Corc Sand təxəllüsü ilə yazan
yazıçının da payına eynilə böyük hay-küylü məşhurluq həyatı
düşüb.
Şopen onunla görüşməmişdən hələ xeyli əvvəl yazıçının istedadı,
məhəbbət əlaqələri və hər kəsdə təəccüb doğuran ədaları haqqında
çox eştmişdi: o, sanki bütün ölçü və qaydaların acığına şalvar və
frak geyir, siqaret çəkirdi.
Onlar kübar dairələrinə məxsus məclislərin birində tanış olurlar
və elə söhbətin ilk anlarındaca Şopen məftun olub: Düpenin qadın
zərifliyi və lətafətini nə kişi geyimi, nə də yüngülcə xırıldayan
zəif səsi korlaya bilmişdi. Əksinə, bütün bunlar onu daha füsunkar,
daha cazibədar edirdi.
Ancaq uzaqlaşan kimi bütün füsunkarlıq və cazibədarlığı tar-mar
olurdu: dodaqlarının arasında siqaret tutmuş qayğısız dendi rolunda
uzaqdan bir qədər gülməli görünürdü. Lakin bununla belə ertəsi gün
onu ümumi tanışlarının evində görməyən Şopen çox kədərlənir...
Tezliklə bütün Parisi bir xəbər başına götürür: Şopen və Corc
Sand birgə səyahətə yollanıblar. Belə bir xəbər bütün ictimaiyyəti
çalxalamaya bilməzdi, çünki hər ikisi həddən artıq üzdə idi.
Konservatoriyanın tələbələri maestronun yeni romanını qızğınlıqla
müzakirə edir, hansısa baronessanın ürəkkeçmə tutmaları başlayır,
məşhur ədiblərdən biri isə üç gün meyxandan çıxmır...
Parisli jurnalist Jül Düfur yazırdı: "Hansı ağıllı insan iddia
edər ki, guya iki heykəlin məhəbbəti bir sutkadan çox sürə bilər"?
Ümumi postamentdə onlar üçün son dərəcə darıxdırıcı olacaq. Yataqda
isə heykəllər, sadəcə, gülməlidirlər..."
Onore Balzakdan bu gurultu qoparan məhəbbət macərası haqqında nə
düşündüyünü soruşanda yazıçı belə cavab vermişdi: "Madam Sandın
məhəbbətdəki əvvəlki uğursuzluqları onun xoşbəxt sevgiyə sarsılmaz
inamı ilə tamamlanıb. O, məhəbbətə bir qadın kimi inanır və onu
gözləyir. Ancaq onu kişi kimi əldə edir..."
***
Onları bir araya gətirən məhz nədir? – kənardan bunu anlamaq
çətin idi, o qədər fərqli təsir bağışlayırdılar ki... Ancaq ümumi
cəhətləri də yox deyildi.
Corc Sandla görüşünədək Şopenin muzaları (qədim yunan
mifologiyasında: incəsənət və elm ilahəsi; məc. ilham, ilham
mənbəyi, yaradıcılıq, şeir – tərc.) ona ruh yüksəkliyinin gözəl
anlarını bəxş edərək bir-birlərini əvəzləyirdilər: Konstansiya,
Marılya, Delfina Pototskaya, Mariya Vodzinskaya... Onların hər biri
öz-özlüyündə gözəl idilər, ancaq həmişə nə isə daimi münasibətə
mane olurdu: ya fərqli sosial status, ya heysiyyət duyğusunun
mübarizəsi, ya xəstəlik, ya da nəhayət, sadəcə hadisələrin
gedişi...
Yeni başlanan roman əvvəlkilərinə heç birinə bənzəmirdi. Corc
Sandla onu bağlayan yalnız ehtiras deyildi. Ona qarşı dərin bir
daxili bağlılıq, həqiqi və səmimi dostluq hiss edirdi. Fridrix heç
kiminlə bu qədər açıq olmamışdı, özünün sənət problemlərini heç
kiminlə belə dərindən müzakirə etməmişdi. O, Corc Sand ailəsinin
bir üzvünə çevrilmişdi, yazıçının uşaqlarının - Moris və Solanj -
hər bir problemi ilə yaxından maraqlanırdı.
Ancaq xarakter etibarilə fərqli idilər. Corc Sand heç vaxt
yorğunluqdan şikayət etməzdi. O, nəinki bütün gecə-gündüzü
işləməyi, həm də dayanmadan şənlənməyi də bacarırdı. Gəncliyindən
xəstəliklə mübarizə aparmalı olan Şopeni isə bu rejim hərdən çox
üzürdü.
Bütün bunlarla yanaşı hər ikisi çox böyük gərginlik tələb edən
yaradıcılıqları ilə məşğul idilər və hər ikisi "yaradıcılıq
gərginliyi", hətta nevrastenik tutmalar (əsəb sisteminin
zəifləşməsi nəticəsində əmələ gəlib tez yorulma, əsəbilik, baş
ağrısı və s. şəklində təzahür edən əsəb xəstəliyi – tərc.)
keçirirdilər. Ancaq Corc Sand bu gərginliyi Şopenə nisbətən xeyli
yüngül adladırdı.
Təxminən on il, 1838-ci ildən 1847-ci ilədək Şopen Düpenlərin
nəsildən-nəslə keçən qəsrinin daimi qonağı olub. Noan qəsri özünün
qonaqpərvərliyi ilə məşhur idi. Yayda sahibənin və onun burada
böyük hörmətlə Şopinetto adlandırılan sevgilisinin saysız-hesabsız
dostları, qohumları, tanışları buraya öz evləri kimi
gəlib-gedirdilər.
Corc Sandın evində o, Balzak, Lui Blan, Pyer Leru... ilə tanış
olur. Onların hamısı Şopenin böyük pərəştişkarlarına çevrilsələr
də, burada, hər halda hökmranlıq Corc Sanda məxsus idi və Fridrix
hərdən özünün mütiliyini rəf edə bilmirdi.
O da kübar dairələrinə mənsub idi, lakin Paris bohemalarının
(daimi gəliri olmayan, sərsəri həyat keçirən ziyalılar təbəqəsi:
aktyorlar, şairlər, rəssamlar və b. tərc.) səs-küylü həyatı onu çox
tez yorurdu. Şopen qəlbinin dərinliyində varşavalı idi, ömrünün
sonunadək də vətən həsrəti onu tərk etmədi.
***
Cütlük Mayorkda baxımsız qalmış kartezian (XVII əsrdə Fransada
idealizm ilə materializmi birləşdirməyə çalışan Dekart fəlsəfi
nəzəriyyəsi – tərc.) monastrı "Valdemoza"da keçirdikləri qış sanki
hislərini bir daha sınağa çəkdilər. İnanılmaz gözəl olan bu yerdə
hər ikisi qeyri-adi dərəcədə böyük ruh yüksəkliyi hiss
edirdilər.
Şopenin iyirmi dörd prelüdiyadan (kiçik musiqi əsəri – tərc.)
ibarət silsilə əsərləri məhz orada yarandı. Hər bir əsər qəlbin
ayrı-ayrı əhvallarını, müxtəlif çırpıntı və həyəcanlarını əks
etdirsə də, onların hamısı bir nöqtədə birləşir: iliyə, cana
işləmiş coşqun yaşamaq və sevmək arzusu.
Bədbəxtlikdən işin ən qızğın çağında Şopenin hələ gəncliyindən
mübtəla olduğu vərəm kəskin ağırlaşır, bəstəkarın böğazından qan
gəlməyə başlayır. Corc Sand bütün yazı-pozu işini buraxıb
gecə-gündüz sevgilisinin yanından ayrılmır... Bütün qərəzli
dedi-qodulara baxmayaraq, yaşadıqları çətin anlar onların
münasibətlərini nəinki sarsıtmadı, əksinə, daha da
möhkəmləndirdi.
Tez-tez Corc Sand və Şopenin qonağı olan ümumi tanışları Lui Eno
yazırdı ki, bu iki sənətkar bir-birilərini çox yaxşı başa düşürdü,
onlar birlikdə çox xoşbəxt idilər.
Bir dəfə isti buxarının çevrəsində üçlükdə oturanda Corc Sand
özünün Berridəki sevimli kəndini xatırlayır. O, elə poetik və
obrazlı ifadələrlə danışırdı ki, vəcdə gəlmiş Şopen laqeyd qala
bilmir. "Əgər söylədiklərim sizi bu qədər riqqətə gətiribsə, bəlkə
mənim sözlərimi musiqidə dilləndirəsiniz?" – Corc Sand təklif etdi.
Və belə məqamlar dəfələrlə baş vermişdi: onlar öz yaradıcılıq
ilhamlarını bir-birlərinə yoluxdururdular.
Özünün balaca küçüyü ilə oynamağı sevən Corc Sand bir dəfə
Şopenə deyir: "Mən sizin yerinizdə olsaydım mütləq mənim itimin
şərəfinə hasısa bir musiqili pyes yazardım..." Lui Eno
xatirələrində qeyd edir ki, Şopen o dəqiqə fortepianoya yaxınlaşıb
çox lətif musiqisi olan vals çalır. Sonralar bəstəkarın tələbələri
və tanışları bu musiqini belə də adlandırırlar – "Balaca itin
valsı..."
***
Təbiətən musiqiyə həvəsli olan Corc Sand Şopenin musiqisini çox
yaxşı anlayır və onun istedadı qarşısında baş əyirdi. Ədəbi
prosesdən kənarda qalan Şopen isə sevgilisinin yaradıcılığı ilə az
maraqlanırdı. Hətta deyirlər ki, Şopen Corc Sandın çox az əsərini
oxumuşdu. Yazıçının belə bir laqeydliklə barışması çox çətin idi.
İncikliklər damla-damla toplanırdı.
Aralarındakı bu gizli "nifaq" Corc Sandın "Lukretsiya Floriani"
əsəri işıq üzü görəndən sonra üzə çıxdı. Əsərin əsas süjet xəttini
təşkil edən məhəbbət əhvalatı yazıçının özünün Şopenlə yaşadığı
macəranı çox xatırladırdı. Corc Sand bunu nə qədər inkar etsə də,
Fridrix hərəsi bir ərindən üç uşağı olan Lukretsiya obrazında onu,
nərmə-nazik, şıltaq knyaz Karol rolunda isə özünü tanımışdı.
Şopen şoka düşmüşdü: onların həyatı, yaşadıqları məhəbbət ümumun
mühakiməsinə çıxarılmışdı. Həm də Corc Sand romanda Şopenin
xarakterindəki özünə vurğunluq cizgilərini daha da gücləndirmiş,
onun yanlış portretini, daha doğrusu, karikatura, şarj
yaratmışdı.
Şopen hesab edirdi ki, Corc Sand onların hər ikisinin mənəvi
aləmini zənginləşdirən məhəbbətlərinə xəyanət edib. Kitabın
səhifələrində gerçəkləşməyən arzularının faciəsini yaşayan Karol və
Lukretsiya ayrılırlar.
Bəstəkarın heysiyyətinə vurulmuş zərbə öldürücü idi, amma buna
baxmayaraq, Şopen bu acı loxmanı uddu. Ancaq münasibətləri elə
yerindən çatlamışdı ki, hər hansı bir əhəmiyyətsiz bəhanə
yerli-dibli sınmaya səbəb ola bilərdi.
Və bu bəhanə çox tezlikıə ortaya çıxdı. Corc Sandla qızının
münasibətləri korlanmışdı: səbəb qızının evlilik məsələsi idi. O,
Şopendən tələb edir ki, Solanj və onun əri ilə münasibətlərinə son
qoysun. Şopen isə bu tələbi ədalətsiz hesab edir. Elə bu da onların
ayrılmalarına səbəb olur.
Sonralar Corc Sand xatırlayırdı ki, onlar heç vaxt küsüşməz,
bir-birlərini heç vaxt təqsirləndirməzdilər və onların ilk
ayrılıqları həm də sonuncu oldu.
***
Məhəbbət münasibətləri – qaranlıq meşədir. Kənardan kimin günahı
üzündən nakam qaldığını anlamaq çətindir. Yalnız üzdə görünənlərdən
bəhs etmək olar.
Şopenin bir çox dost-tanışları bəstəkarın Corc Sandla məhəbbət
macərasından danışarkən həmişə onu iztirab çəkən tərəf kimi qələmə
verir, bu münasibətin ona yalnız əzab və dərd gətirdiyini
deyirdilər.
Ancaq Corc Sandın ünvanına səsləndirilən ittihamların həddindən
artıq şişirdildiyini göstərən xatirələr də vardır. Yazıçı ilə
keçirdiyi illər bəstəkarın həyatının ən məhsuldar dövrü olub.
Özünün qısa ömrü ərzində Şopen (39 il) iki konsert və çoxlu sayda
fortepiano pyesləri – sonatalar (müxtəlif temp və xarakterdə olan
üç və ya dörd hissədən ibarət instrumental musiqi əsəri – tərc.),
noktürnlər (kiçik lirik musiqi əsəri – tərc.), skertsolar (cəld
çalınan kiçik musiqi əsəri – tərc.), etüdlər, fantaziyalar (müəyyən
forması olmayan bəzi musiqi əsərlərinin adı – tərc.), ekspromtlar
(hazırlaşmadan təlif edilən və ya çalınan musiqi – tərc.),
mahnılar... yazıb.
Müasirlərinin xatirələrinə görə, ayrıldıqdan sonra Corc Sand
əvvəlki tək fəal, çalışqan və ətrafındakılarla mehriban ünsiyyətdə
idi. Şopen isə sanki havadan məhrum olmuşdu, o artıq musiqi
bəstələyə bilmirdi, yalnız ifa edirdi.
Ancaq bu müşahidələr də hər şeydə Corc Sandı günahlandırmağa
əsas vermir. Məgər Şopen xəstə yatanda bütün uzun qış gecələrini
onun yatağından ayrılmayan qadın hay-küylü uğurlar və ehtiramlara
adət etmiş həmin bu xanım deyildimi?
Neçə ki, bu sevgi yazıçının ilhamını qidalandırır və
yaradıcılığı üçün güclü impuls verirdi Şopenə sədaqətinin hüdudu
yox idi, hətta bu sevgidən aldığından daha çox bəxş etməsi onu
zərrə qədər də mütəəssir etmirdi... Şopen çox böyük diqqət və qayğı
tələb edirdi, ancaq sevgilisinin bəxş etdiyi fədakarlıqdan onun
özündə əsər-əlamət belə yox idi. Ancaq axı onların hər ikisi çox
istedadlı idilər və yaradıcılıq həmişə hər ikisinin həyatında
başlıca amil idi.
Fridrixlə ayrılan Corc Sand sanki özü öz boynuna keçirdiyi və
düz doqquz il boyunca dinməz-söyləməz daşıdığı ağır bir yükdən azad
oldu.
Bəlkə də heç biri bu ayrılığı necə yaşayacaqlarını heç
təsəvvürlərinə də gətirmirdilər. Corc Sand Şopenlə ayrılığı beləcə
asanca qəbul edəcəyini, Şopen isə Corc Sanddan ayrı yaşaya və
işləyə bilməyəcəyini heç ağlına da gətirməzdi. Şopen əzab çəkir,
çırpınır və onun bir daha heç vaxt geri qayıtmayacağına
inanmırdı.
Tezliklə Şopen İngiltərəyə gedir. "Bundan daha ağır günlərim ola
bilməz. Çoxdandır ki, ürəkdən sevinməmişəm... mən yalnız mənasız və
məqsədsiz şəkildə sürünürəm... və sonu gözləyirəm... – bəstəkar
oradan dostuna yazırdı. – Özümü çox zəif hiss edirəm, musiqi yaza
bilmirəm... Heç vaxt heç kimə lənət yağdırmamışam, amma indi
Lukretsiyaya da lənət etməyə hazıram".
Şopen Londonda bir neçə konsert vermək istəyirdi, amma səhhəti
imkan vermədi. Yalnız iki dəfə tanışlarının evində çıxış edə
bildi.
Parisdə xəstəliyi daha da kəskinləşdi. Həyatının son aylarında o
qədər zəifləmişdi ki, danışa bilmir, jestərlə başa salırdı.
Corc Sand bəstəkarın vəziyyətindən xəbər tutanda onun yanına can
atır, lakin Şopenin dostları mane olurlar. Bu görüşün onu həddən
artıq həyacanlandırıb vəziyyətini daha da ağırlaşdıra biləcəyindən
qorxurdular.
Şopen isə ölümündən bir neçə gün əvvəl dostu Franşoma
gileylənmişdi:
"O deyirdi ki, məni onsuz ölməyə qoymayacaq, deyirdi ki,
mən onun qollarında öləcəm..."