Bakının tarixi mərkəzində avtomobil hərəkəti artıq fərqli üsullarla tənzimlənir. İçərişəhərdə sakin olmayan sürücülər üçün ilk 15 dəqiqənin tarifi 3 manatdır.
Axar.az Xəzər TV-yə istinadla xəbər verir ki, Xaqani bağı ətrafında isə əvvəllər həftəsonları tətbiq olunan hərəkət məhdudiyyəti həftənin bütün günlərinə şamil edilib.
Prosesin daha da genişləndiriləcəyi gözlənilir. Belə ki, paytaxtda sürücülərdən avtomobili park etmədən, təkcə müəyyən əraziyə daxil olduğuna görə ödəniş alına bilər. Qanuna təklif edilən dəyişikliyə əsasən, girişin ödənişli olacağı zonaları və tarifləri səlahiyyətli qurum təsdiqləyəcək.
Yeni layihə üzrə konkret ünvan açıqlanmasa da, eksperti Elnur Fərzəliyev mümkün ərazilərdən biri kimi Yasamal rayonundakı keçmiş “Sovetski” adlanan ərazini göstərir.
Ekspert deyir ki, bir çox iri və inkişaf etmiş şəhərlərdə bu təcrübədən geniş istifadə edilir. Məsələn, Londonda müəyyən saatlarda şəhərin mərkəzindəki ödənişli zonada avtomobil sürməyin gündəlik haqqı 18 funtdur. Bəzi şəhərlərdə isə müəyyən edilmiş küçələrə daxil olan minik avtomobillərindən gündə bir dəfə haqq tutulur.
Layihəyə görə, giriş haqqı dövlət büdcəsinə ödəniləcək. Ödənişin konkret hansı küçələrdə və nə vaxt tətbiq edilməyə başlanacağı isə açıqlanmayıb.