Rusiya qoşunları Ukraynada hücum əməliyyatlarının aparılması taktikasını dəyişib. Genişmiqyaslı hücumlar artıq keçmişdə qalıb.
Axar.az xəbər verir ki, bu barədə X platformasında “Monstas” təxəllüsü ilə tanınan OSİNT analitiki yazıb.
"Rusiyalılar fəlakətli yay kampaniyası zamanı istifadə etdikləri sızma taktikasını dəyişərək rəhbər tutduqları xəritələrdəki göstəricilərə çatmağa çalışıblar. Oktyabrın ortalarına olan məlumata görə, Rusiya xəritələrində bu il ələ keçirilmiş ərazilərin sahəsi “DeepState” xəritəsində göstəriləndən beş dəfə çox idi", – deyə analitik bildirib.
Onun sözlərinə görə, əvvəllər Rusiya hərbçiləri Ukraynanın əks-hücumları zamanı fəal müdafiəyə üstünlük verirdilər. İndi isə kiçik piyada qrupları atəş təmasından yayınaraq Ukrayna mövqelərinin mümkün qədər dərinliyinə sızmağa çalışırlar.
“Monstas” bu taktikanı "passiv-aqressiv hücum" adlandırıb:
“Ruslar mümkün qədər geniş əraziyə səpələnir, mövqelərdə möhkəmlənir və Ukrayna hərbçilərini özlərinə hücum etməyə təhrik edərək mümkün qədər uzun müddət sağ qalmağa çalışırlar.
Bu taktikanın həyata keçirilməsində pilotsuz uçuş aparatları mühüm rol oynayır. Dronların yüksək effektivliyi səbəbindən ənənəvi hücum qruplarından istifadə hər iki tərəf üçün həddindən artıq itki və xərc tələb edir. Buna görə də Rusiya kiçik, gizlənməyə çalışan bölmələrə üstünlük verir. Bununla belə, Ukrayna dronları da belə qrupları fəal şəkildə aşkarlayır və məhv edir”.